"...ümidlər qabartdı köksünü" - İntiqam Yaşar

Şeirlər

Vəhşi təkliyə baxanda...

Sənə sarılmaq keçir içimin

            dar keçidlərindən hər gecə,

Mən yenə söndürmüşəm işığı,

mən yenə iki adamlıq çarpayı boyda təkliyəm.

Saatın əqrəblərinə təzim edir

            kirpiklərim, enib-qalxdıqca.

Sağ əlimdən ölümcül zərbə alır ürəyim,

            sol əlim boşa çıxdıqca.

Nə mən ümidlərdən əl çəkə bilirəm,

            nə ümidlər tükənir.

Yenə bu dərin gecə, yenə ağır səsli sükut,

                                   yenə həyətdə vəhşi itlər sülənir.

Vəhşi təkliyə baxanda,

            vəhşi itlərə min şükür.

Düşürəm həyətə, əlimdə çörək parçaları...

***

Ayrılıq havasına köklənmiş sarı

            simdi getdiyin o yol.

Səni and verirəm o qopuzu oxşayan

            incə barmaqlarına.

Gizlət üzünü ovcunda ömürlük,

Səhər şehi düşməsin yanaqlarına.

Demirəm ki, qayıt, demirəm ki,

            sən gəlməsən ölərəm.

 

Qorxma, ölsəm də zəhmət vermərəm ayaqlarına.

Bir də ki, qayıtmaq istədin, bir də ki, qayıtdın,

Səni gözlərimdə o qədər böyütdüm ki,

İnanmıram sığasan,

            bu sıxılmış evin otaqlarına.

Heç soruşmadım, darıxanda çoxmu

            çətin olur nəfəs almaq,

Bir təbəssümlü şəkil süni nəfəs kimi

            yaxınlaşırmı dodaqlarına?

***

Mən həqiqətə yaxın olduğum qədər yaxın idim,

Sənin gözlərindəki yalana.

Bilirəm, ürəyin də gözlərin deyəni deyir daha.

İnanmıram, mənə kimsə inana.

 

Ayaqlarımın ucunda addımlamışam hər gün

            bulanıq xəyallarda.

Səksəkəli keçib ömrüm, ömür qatarımda.

***

Damarlarımdan üşüməyə başlayıram

            gecələrin boşluğunda,

Həkimlər deyir,

            qanına hopub yoxluğun ağrıları.

İndi bircə təsəlli var sabaha,

Bilirəm ki, sabah da yalandı.

Bilirəm ki, keçmişə dəfn etmişik doğruları.

***

İlləri qoy kənara,

sanki dünən getmisən.

Otağımda nəfəsin,

otağımda gülüşün,

Necə də şən getmisən.

 

Yağışlar yuyan zaman,

pəncərəni gecələr.

Hamıdan əl üzürəm,

Susuram, düşünürəm

yenə səni gecələr.

 

Bir yandan bu lal payız,

Bir yandan ağrı-acı.

Bəlkə ölsək çıxardı,

ölüm-zülüm, birtəhər.

Bu candan agrı-acı.

Məncə, ağır dərd deyil,

"Gəlməyəni gözləmək".

Ən ağır dərd bax, budur:

Güzgüdəki adamdan

göz yaşını gizləmək.

 

Budur, dinir telefon,

Yenə də zəng etmisən.

Üzülmə, elə san ki,

Nə mən bunu yazmışam,

Nə də ki, sən getmisən.

 

Mən yenə də, hamını sevirəm

Bu gün də ürəyim sözümə baxmadı,

Bu gün də ondan şikayətçiyəm.

Bir payız fəsli qədər səssiz,

            bir fəsil kimi yorğunam.

Nəfəsimdə düyünlənən o qədər söz var ki,

Hansı birini susum, hansı birini gizlədim?

Bilirsənmi,

Mən həmişə kimisə, və ya nəyisə gözlədim.

Təqvimlər və dostlardan basqa nə dəyişdi ki?

Ümidlər məni yaşatdıqca,

            içimdə çox şeyi öldürdü.

Dərdim kimsənin dərdinə bənzəmədi,

Dərdim də təkrarsızdı, dərdim də birdi.

Mən ayaq ucunda yeridikcə həqiqət tərəfə,

Ən doğma bildiklərim üçün çevrildim hədəfə.

Dostum, gəl sağollaşaq,  baş qoşma mənə,

Mən yenə də, hamını sevirəm.

 

Şeir kimdi...

Şeir təkcə, mənəmmi,

Şeir təkcə sənsənmi,

Şeir təkcə bizikmi?

Şeir bəzən yağışlı gündüzlərdi,

Şeir bəzən zəhər dadan gecələrdi.

Şeir sussuz səhralardı,

Saçlarını küləklərə öpdürdüyün bozqırlardı...

Şeir  içində qəfəslənmiş sualdı,

Barmaqları nəfəslik istər

            sinəmin sol küncündən.

Bu qış gecəsində ürəyim necə alovlanardı,

Şeir kimdisə, nədisə şeirə halaldı.

 

***

Öz qanadlarım yandıqca,

kəpənək qanadlarına ağladım.

Söykəndiyim divarlar o qədər soyuq oldu ki,

Nə mən deyim, nə siz soruşun.

Günəş iki olsa belə xeyri olmazdı...

Üşümək alın yazımız idi.

 

***

Məni hər gün öldürürlər,

Bir gün dostum öldürür, bir gün düşmənim.

Məni hər gün öldürürlər,

Bir gün sən öldürüsən, bir gün sənsizlik.

Mənim yuxularımdakı dünya yumru yox,

            edam kötüyü formasında.

Mən hər gün intihar edirəm,

            içimdəki üsyan eşqinə.

Bax, gördünmü mən yaşamaqdan çox

            ölürəm, addımbaşı.

 

***

Gör nə qədər adam uduzdu

ömrünü alın yazısına.

Üsyan etməyə nə vaxtı çatdı, nə cürəti.

"Bir gün"ə bel bağlaya bildi, təkcə.

Ümidini çox uzaqlara apardı zaman.

Nəfəs yerinə ümidlər qabartdı köksünü.

Qismətdən əkiz doğuldu hər günü.

Yaddaşının hər küncündə bir qəlpə saxladı.

Bir gün də o susdu, o dayandı...

Ümidlər utandı, ümidlər ağladı...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!