Duman keçir üstündən
"Həyat bir gün, o da bu gün"
keçmə deyib üstündən,
Gücün yoxsa acizliyi
içmə onun üstündən.
Çərx fırlanır, ömür gedir,
ötür qəmli, şən günlər.
Qara saça arxalanma,
bax, dən düşür üstündən.
Çox görmüsən sədaqəti
vird eləyən xaini.
Bir də gördün, xainlərin
o qəm biçir üstündən.
Dövran həmən, insan həmən,
Rüfət, dünya köhnədir.
Çox da keçməz, anlayarsan
duman keçir üstündən.
Sual
Olar, Rəbbim soruşum:
Nədən kasıb, varlı var -
Əgər üryan gəlibsə,
Bu cahana adamlar?
Hərə bir yolu tutub
Bayraq edib əlində.
Qoşub, qurub yaradır
Hər adam öz dilində.
- Olmazmı, eyni olsun,
Dili, dini, imanı?
Uşaq, cavan ölməsin,
Ölümün çıxsın canı?!
Bu sadədil suallar
Min illərdi səslənir.
Cavabı elə ver ki,
Sarılım sənə Rəbbim!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!