"Səs salmayın, dünya yatır, oyansa, ağlayacaq..." - Şeirlər. Elvin İNTİQAMOĞLU

 

 

***

Mən Allahın dustağıyam,

etmədiyim cinayətdə adım gedir -

İmzalanıb bir ömürlük məhkumluğum

doqquz aylıq məhkəmədə...

 

 

***

Gözümlə gördüyümdən

çox etibarlı çıxdı

gözümlə görmədiyim...

 

 

***

Haqq qələmin hara qoyub,

yenə yazsın, yoxsa doyub?

Alnımızı yağış yuyub

qismətləri qaçırmışıq...

 

 

***

Allah əgər istəsə:

yaşayanlar lal yaşayar,

doğulan səssiz böyüyər -

Allah əgər istəsə:

Eşitməz heç kim heç kimi,

Dünyanı səs bürüyər...

 

 

***

Düyün düşüb səslərə -

sevinc səsi

qəm səsinə qarışır:

göy dağılar,

yer çökər zilə qalxsa;

Allah hələ bizlə bəmdə danışır...

 

 

***

Babam, atam... Doğulmuşam nəsil-nəsil,

gözləyiblər məni il-il, fəsil-fəsil -

Dünya mənsiz yaşayıb min doqquz yüz il,

doxsanın axırlarında yol almışam

Allahdan...

 

 

***

Küçələrə su səpmişəm,

Şəhid gəlir, toz olmasın -

Elə gəlsin, elə getsin,

Ağlamayan göz olmasın...

 

 

***

Bəlkə, yağan yağış deyil:

bilir dərdin nə olduğun,

dərdlilərin sirdaşıdır -

Məncə, yağan yağış deyil:

gənc övladı şəhid olan

valideyn göz yaşıdır...

 

***

Əslən Qubadlıdan olan

əsgərin sol ayağın

elə doğulduğu kəndin

ayağından tapdılar...

 

 

***

Ana olmayan qadın

saysız oyuncaq alır

Hər girəndə dükana -

Sevincindən, bəlkə də

satın alar dükanı

bu qadın olsa ana...

 

 

***

Sirr saxlaya bilmir həyat,

Gördüyün hər yerdə deyir -

Sənin sirrin haracandı,

Alın yazın gör nə deyir...

 

 

***

Danışmaq da iş deyil -

dilimiz dinc dayanmır,

sözlər boşuna düşür:

əllərinlə az dua et, lal adam,

səsin başıma düşür...

 

 

***

Od yağacaq başımıza:

günahlar dönəcək külə,

yer yanacaq həmin gün -

şeytan qır qazanından

bir qab alov çəkəcək

acından ölənlər üçün...

 

 

***

İnsan qocaldıqca pisləşir halı,

daş qutu, bir metr ağdı xəyalı -

Niyə burda qalır dünyanın malı,

hamı var-dövlətlə gedə bilməzdi?!

 

 

***

Başda ağ tük kalan olsa -

qocalmısan, nişan olsa;

Əgər ruhun cavan olsa,

yaşın qırxa bir də gələr...

 

 

***

Sanki biz bu həyata cüt gəlmişik -

Biz bir dəfə doğulmuş,

Biz bir dəfə ölmüşük:

Mən və sən -

Sən doğulmamısan ki,

Ölmüş birin sevəsən...

 

 

***

Mən itirim,

sən axtar:

gəl qaldığım küçəyə,

zahiri görkəmimdən

danış gəlib-gedənə -

Küçənin tinindəki

sevdiyindən ayrılan

oğlandan soruş məni:

evimi desin sənə...

 

 

***

Bu günəcən yazdığımız

qəmli eşq hekayəsinə

nöqtə qoyaq,

Təzə abzasdan başlayaq xoşbəxtliyə -

Başımız qarışmasın

ayağımız ilişən

baş-ayaq xoşbəxtliyə...

 

***

Gözümlə toqquşan gözün

eşqi çıxardırdı önə.

İncə gülüş, hörüklü saç

fərqlilik verirdi sənə.

Mən ki unutqan deyiləm,

nankor olma, oxşa mənə

vaxtın olsa, heç olmasa

bir dəfə xatırla məni...

 

 

***

Hara tələsirsən, hara gedirsən,

səndəmi qaçırsan özün-özündən?

Özümdən qaçdım ki, unudum səni,

özümü unutdum, sənin üzündən...

 

 

***

Həyatımdan əsər yazdım

"Həyatım"a vurdu naxış.

Oxuyanlar bəyəndilər:

sətir-sətir, qarış-qarış.

"Həyatım"ın rejissoru

həyatımla oldu tanış:

Dəyişdi baş qəhrəmanın,

çəkdi film özgəsinə...

 

 

***

Mən kimi sevdimsə,

məndən oldu uzaq -

səndən iraq...

 

 

***

Dərdimi danışdım gülə, çiçəyə,

soldu!

Bülbüllərin kəsildi səsi -

dərdimi danışdım dərdli bülbülə,

bağda cəh-cəh vurdu həsrət nəğməsi!

 

 

***

İmkanı kəm kasıblarıq,

təkəm-tükəm kasıblarıq;

canı möhkəm kasıblarıq,

xəstələnməyə qorxuruq...

 

 

***

Hamını ağladan dünya

özü də

haçansa ağlayacaq -

səs salmayın, dünya yatır,

oyansa, ağlayacaq...

 

 

***

Dünya təqsirin tapacaq,

xilaskar birin tapacaq -

hər şey öz yerin tapacaq,

iynə sapdan arıq deyil...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!