Üç ad
Dilimizdən düşməz, üç ad
Allah, Məhəmməd, Ya Əli!
Bizə miras qoyub əcdad
"Allah, Məhəmməd, Ya Əli!".
Dəli-dolu, ərəndə güc...
Çağırarsan nərəndə güc,
Ağır yükə verəndə güc:
- Allah, Məhəmməd, Ya Əli!
Gəzir dildə külli yeri,
Qəlb evində bəlli yeri,
Bəlli yerin güllü yeri,
Allah, Məhəmməd, Ya Əli!
Sevgi nağılı
O xanım yadımda belə qalıbdı -
Tünd-qara plaşda, sarı çəkmədə.
Xəzəlli küçədə görüşə gəldi,
Tünd-qara plaşda, sarı çəkmədə.
Eşq elə dərs verdi, ustadım oldu,
Şeir, gözəlləmə, bayatım oldu.
Cilvəsi, qaməti göz dadım oldu,
Tünd-qara plaşda, sarı çəkmədə.
Xatirələr yoldu, gedən qatardı,
Məni də qoynuna alıb apardı...
Onunla lal söhbət yaxşı tutardı,
Tünd-qara plaşda, sarı çəkmədə.
Bir dolu xanımdı, həm də hallamış,
Saçından tel əyib üzə sallamış...
Ürəyimdən vurdu Allah saxlamış,
Tünd-qara plaşda, sarı çəkmədə.
Eşqi oxuyurdu, gözdən duyurdu,
Çəpər də çəkirdi, yol da qoyurdu,
At getməz yollara məni buyurdu
Tünd-qara plaşda, sarı çəkmədə.
O, bir az tərs idi, bir az dağaldı,
Bir dəfə görüşdə yaman yuxaldı...
Çox libasda gördüm, yadımda qaldı -
Tünd-qara plaşda, sarı çəkmədə.
Düşürür
Gözəl bir qız budaq əyir,
Almanı bağdan düşürür.
Sol əliylə soldan dərir,
Sağ əli sağdan düşürür.
Görsən - qalarsan acıyla,
Bəxtinin naəlacıyla...
Baxsa gözünün ucuyla
Padşahı taxtdan düşürür.
Zalımı yamandan edir,
Dağları dumandan edir,
Ədası imandan edir,
İlhamı haxdan düşürür?!
Şərt
Sən bir xoş üz göstər
mən doqquzuma qıyım,
onuma qıyım...
Telindən bir tük qıy,
Mən o tükdən asılım,
canıma qıyım.
Kitab istəyən xanıma
Deyişmə üstə
- Mənə kitab saxla, mən uzaqdayam,
Yollar açılanda gələcəm, şair.
Böyüklər başını saxlayır mənsiz,
Vallah, mənsiz qalmır balacam, şair.
- Bəlkə, sən gələnə kitab qalmadı,
İllərdi deyirsən az qalıb - gəlləm.
İndi gəl, neçə ki, kitabım çoxdu,
Kitabdan bir qucaq pay verim - şəllən!
- Şeirləri balsan, dili zəhərsən,
Aciz bilmə, sənə dar quracağam.
Mənə kitab saxla, kitab çatmasa,
Qapında özümə od vuracağam.
- Kitabı neynirsən, Aylı axşamın,
Dağdan Günəş doğan sabahın olsun!
- Şeir dəlisiyəm, zarafat etmə,
Mənə kitab saxla, Allahın olsun!
Sevgiliyə bayram
Zalım, bir sevgi, bir də rəhm
Səndə heç vaxt yurd tutmadı...
Sənə sevgidən dedikcə
Dedin sevən o can çıxsın.
Can üstədi indi aşiq,
Gəl halına tamaşa et,
Ürəyindən tikan çıxsın.
Məktub
Silsilə
Kaş biləm bu an neynirsən,
Mən sənə şeir yazıram.
Şeiri özüm yazmıram,
Kimdisə deyir yazıram.
Xəyalım əlimdən tutub
Yenə həmən qıza döndü,
Sevda yüngüllük gətirər,
Amma, bizdə duza döndü...
Aldığım hava kimisən
Hara getsəm orda varsan.
"Dad!" desəm dada yetmərsən,
Amma, möhnətə havarsan!
Qəmdən yazsam bir kitablıq,
Dəmdən yazsam bir sətirdi.
Bəxtim vüsalda demədi,
Hicranda yaxşı gətirdi.
Kaş biləm bu an neynirsən,
Mən sənə şeir yazıram.
Şeiri özüm yazmıram,
Kimdisə deyir yazıram.
Sənli-mənli
Duraq göz-gözə dayanaq
Cana gətirək bu eşqi.
Sənli-mənli əl yetirək,
Yerdən götürək bu eşqi.
Dərddən uzaq nəşə tutsun,
Qəlbimizdə rişə tutsun,
Üzünü Günəşə tutsun,
Gültək bitirək bu eşqi.
Güldürdü ha, ağlatdı ha,
Sinəmizi dağlatdı ha!
Bizi bizə anlatdı ha,
Qıyma itirək bu eşqi.
Ya eşq
Gözündə, qaşında, kirpiklərində
Sən cəllad qəmzəsi becərdin, xanım.
O qürur taxtından aşağı düşsən
Mən həyat taxtımdan keçərdim, xanım.
Ləl kimi bahasan eşq bazarında
Sən olan bazarda ucuzdu bu can.
Haçan, Ya eşq!, deyib mərcə girdimsə,
Bəxtimdən tərs kimi uduzdu bu can.
Nə qədər dil tökdüm sən inad etdin,
Mən öz qabımdayam, sən öz qabında.
Sən mənim adımın üstdən xətt çəkdin,
Mən yazdım adını könül qapımda.
Kim baxsa, könlümə məəttəl qalar,
Xaraba içində oda salmısan.
Deyir soruşmusan - "ölüb, ya durur?",
Şad oldum nə yaxşı yada salmısan.
Nə çarə
Utanıb yaşmanan sirrim o cana
Çatsa, xoş halıma, çatmaz nə çarə?!
Üzünə üz tutan sözümü gözdən
Tutsa, xoş halıma, tutmaz nə çarə?!
De, necə gül oldum eşq nağılına,
Hələ nağılından çox noğuluna...
"Gözəldə rəhm olar!" deyin - ağlına
Batsa, xoş halıma, batmaz nə çarə?!
Çox ümid eylədim sabah-sabahı,
İlhamam, yandıqca çəkirəm, ahı.
Bu şeir könlünə onun, İlahi,
Yatsa, xoş halıma, yatmaz nə çarə?!
Durnalar
Çayın sahilində, göl qırağında
Bölüklənər beşər, üçər durnalar.
Təkcə dünən deyil, günü bu gün də
Səf tutar vayğamdan keçər durnalar.
Bəzəyi minnətsiz - telin meh darar,
Boynu yol əyrisi, ayaq şax durar,
Gahdan incə süzər, gah ləngər vurar,
Dünyanı boydan-boy uçar durnalar.
Gözləri keşikçi, dimdik yarağı,
Vaqifdən, Zakirdən gəlir sorağı.
Nənələr yandırar "durna çırağı" -
Gecələr səmtini seçər durnalar.
Çox tərif deyiblər - İlham nə yaza?!
Qulağım acıyar o xoş avaza...
Gündüz gödələndə üzü payıza
Qalxar cığırına köçər durnalar.
Yağış
Səhərəcən tökdü yağış
Çimdi durulandı şəhər.
Hisi-pası axıb getdi,
Gündə qurulandı şəhər.
Şimşək çaxdı, göy gurladı,
Səsi hardan hara gəldi.
Kimimiz şükür eylədi,
Kimimiz zinhara gəldi.
Damlarda nağara çaldı,
Dolu axdı navalçalar.
Yuyunub təmizə çıxıb
Budaqda gülür alçalar.
Yatdım yağışın səsinə,
Ayıldım ki, hələ yağır.
Pəncərəyə düşən damcı
Tanıştək üzümə baxır.
Alimlər dua kimidi
Görkəmli alim
Ələddin Allahverdiyevin 75 illiyinə
Harda olsaq, ürəyimiz
Qısılar vətən üstünə.
Alimlər dua kimidi,
Asılar vətən üstünə.
Dərindən bir ah çəkərsiz,
Ucalar Göyçəyə sarı.
Başaltını döndərərsiz
Gecələr Göyçəyə sarı.
Hər məqamda bir yol olur
Sevgiliyə, yara dönən.
Qəlbinizin saflığıdı
Üzünüzdə nura dönən.
Bu dünyaya gül olanlar
Faninin külündən tutur.
Əlinizdən tutaq - o əl
Dünyanın əlindən tutur.
Gör kimdi kabusa dönüb
İzləyir aynadan bizi?!
Dərdimizdi qol götürüb
Məclisdə oynadan bizi.
Kirpik ilə qor götürən,
Kirpiyi odda kişisiz,
İşi-gücü uzaqlarda
Qəlbiylə yurdda kişisiz.
Harda olsaq ürəyimiz
Qısılar vətən üstünə.
Alimlər dua kimidi,
Asılar vətən üstünə.
Düzünəqulu kişi
Göyçəli Rəşid Süleymanova
Ağlı-başı, cüssəsiylə
Səni gördüm dolu kişi.
Nə yaxşı düzdə qalmadın,
Ay düzünəqulu kişi.
Nağdəli həkim söyləsin
Ürək tuturmu yamağı?..
Sən bir ayrı ustasısan
Gicitkəntək dalamağın?!
Elə sirr var halı olsaq,
Adam havasından çıxar.
Səsin ovsunludu - duysa,
İlan yuvasından çıxar.
Məclislərdə danışarsan
Yastı-yastı, asta-asta...
Bu ömür qumar kimidi
Kim bilir ki, nə var tasda?!
Şəhərlər öz qalasıynan,
El adamıynan tanınar.
Çiçəklər ətrindən bəlli,
Bağlar tamıynan tanınar.
Yoldu - hərə bir cür gedir,
Səndə bir az ləngər olur.
Gözəllərdən pəhriz saxla,
Axırı bir əngəl olur.
Şeir adına bağlandı,
Çirkin də var, gözəl də var.
"Bəy verən atın dişinə -
baxmazlar" bir məsəl də var.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!