Tanrım, bu yol Eşq yolu... - Ramiz QUSARÇAYLI

Şeirlər

Toy

O qız toyda ölənəcən oynadı,

Ayaqları gülənəcən oynadı,

Toyu toydan silənəcən oynadı...

 

O gün toyda toy havası yoxuydu,

Gəlin ətri,

bəy havası yoxuydu,

Üşüyürdü toyun canı o axşam

Gün havası, Ay havası yoxuydu...

 

O qız toyda oynamırdı, uçurdu,

Hörükləri buludları qucurdu...

Gözlərində son baxışın göynəyi,

Qollarında son görüşün havası,

Qoxladığı qan xınalı köynəyin

Yaxasında kor sevdanın yuvası,

Eşqi viran, dərdi puçur-puçurdu,

O qız toyda oynamırdı, uçurdu...

 

Qara zurna dağ çəkirdi zilə, dağ,

Qələbəyə susamışdı Lələdağ,

Savaş yeri, cəng yeriydi hər daşı

Ermənilər görməmişdi belə dağ...

 

Gör o toyda qarğılı ney neynədi,

Zilində Yer,

bəmində Göy göynədi...

Xarı bülbül namus yeri, göynədi,

Cıdır düzü qisas yeri, göynədi,

Daşaltıda casus yeri göynədi...

 

O yurd gecə yarıyacan oynadı,

Çəpərindən barıyacan oynadı,

Şan-şan oldu yaşıl-yaşıl ümidlər

Çiçəyindən arıyacan oynadı...

 

2

Ağır-ağır qaralırdı buludlar,

Fağır-fağır saralırdı göy otlar,

Mağar-mağar darılırdı elatlar...

 

Qurd çölündə çadır yeri oynadı,

Güləbirddə abır yeri oynadı,

Gülablıda qəbir yeri oynadı,

Dözüm yeri, səbir yeri oynadı...

 

Hara baxır toy yiyəsi, hardadı,

Harda yatıb öy yiyəsi, hardadı,

Yer yiyəsi,

Göy yiyəsi hardadı...

Kim o qızı saxlayacaq bu axşam,

Kim o toyu ağlayacaq bu axşam,

Alın toyu,

alın qızın əlindən,

Çalın toyu,

çalın qızın əlindən,

Uzun-uzun hörükləri pərişan

Ayaqları yalın qızın əlindən...

 

O qız toyun vayınacan oynadı,

Toy tutduğu oyunacan oynadı,

Əzib-əzib dabanıyla gecəni

Cecəsindən suyunacan oynadı...

 

Toy xonçası şamınacan ağladı,

Toy güzgüsü camınacan ağladı,

Həyətdəki tabut boyda daxmanın

Divarından damınacan ağladı...

O qız toyda ölənəcən oynadı,

Ayaqları gülənəcən oynadı,

Toyu toydan silənəcən oynadı...

 

Hara baxır toy yiyəsi, hardadı,

Harda yatıb öy yiyəsi, hardadı,

Yer yiyəsi,

Göy yiyəsi hardadı...

Kim o qızı saxlayacaq bu axşam,

Kim o toyu ağlayacaq bu axşam?..

 

Anama

Ürəyim üstündə şam bənövşəsi,

Ayrı nəyim var ki, yanası, anam.

Sənsən gülşənimin qəm bənövşəsi

Sənsən göz yaşımın sonası, anam.

 

Ovunmaz bu dərdim hər simin üstə,

Qar üstdən qar yağır səbrimin üstə,

Elə ağlayardım qəbrinin üstə,

Qorxdum ki, uçular binası, anam...

 

Bu zalım fələyin üzü ağ olsun,

Dağı düzdə qalsın, düzü dağ olsun,

Sevməyən kim varsa canı sağ olsun

Məni sevənlərin anası, anam,

Sən ey göz yaşımın sonası, anam...

 

Eşq yolu

Tanrım, bu yol Eşq yolu,

Gedirəm, bitmirəm ki.

Alırsan, al canımı

Xəsislik etmirəm ki...

 

Yüz yerdən izlənmişəm,

Düzünə düzlənmişəm,

Gözündə gizlənmisəm

Gözündən itmirəm ki...

 

Dadmışam hər azardan,

Nəyim var üz qızardan?!

Qorxum yoxdu məzardan,

Piyada getmirəm ki...

 

Olmaz         

Tanrım, bu meşəlikdə

Dəndə olmamış olmaz.

Yon bizdən adam düzəlt,

Rəndə olmamış olmaz.

 

Kim var şahın başında,

Qəm yox ahın başında,

Bu günahın başında

Bəndə olmamış olmaz.

 

Xamdı nökər də, bəy də,

Ağıl üyüdür səy də,

Dərmanı Ərəsəydə

Çində olmamış olmaz.

 

İki cür iman olmur,

Kafirə aman olmur,

Gözdə tək duman olmur

Çən də olmamış olmaz.

 

Bu nə molla, nə dindar,

Əndər, göyləri, əndər,

Bir az qiyamət göndər

Səndə olmamış olmaz.

 

A bənövşələr

Nə çiçək günüdü, nə arı fəsli,

Nə yaza gedirəm, a bənövşələr...

Büküb ürəyimə bir sarı fəsli

Payıza gedirəm, a bənövşələr...

 

Bir yanda dağların bəyaz yuxusu,

Bir yanda quşların vida oxusu,

Üşüyür gözümdə xəzəl qoxusu

Ayaza gedirəm, a bənövşələr...

Heyrətim ovunmur güllü oyundan,

İslanır tənəyin yaşıl suyundan,

Asılıb qalmışam bir gül boyundan

Güdaza gedirəm, a bənövşələr...

 

Əsdirir səbrimi o sirr sevdalar,

Sərsəri sevdalar, səfil sevdalar,

Qanıma susayıb qəfil sevdalar

O qıza gedirəm, a bənövşələr...

 

Ömür ağ yol üstdə bəyaz yazıymış,

Çoxu çoxdan gedib,

qalan azıymış,

Dünyanın son nazı ölüm nazıymış,

O naza gedirəm, a bənövşələr...

 

Mən öləndə gələrsən

Apardığın cənnəti

Cəhənnəmlə örtmüşəm,

Hər günahın altına

Öz adımı çərtmişəm,

Sənsiz dönən yollara

Ürəyimi sürtmüşəm,

Mən öləndə gələrsən.

 

Telindən əsən mehi

Gül kimi qoxlamışam,

İki eşqin dərdini

Bir simə bağlamışam,

Quru bənövşələrdən

Sənə də saxlamışam,

Mən öləndə gələrsən.

 

Göyləri ulduz-ulduz

Yerdə böldüyüm yerə,

Məni ağlayan gözə

Baxıb güldüyüm yerə,

Səninlə üz qoyduğum

Sənsiz öldüyüm yerə,

Mən öləndə gələrsən.

 

Bilirəm, nə gözdə yaş,

Nə dildə ah yanası,

Ay gözümün işığı,-

Göz yaşımın sonası,

Nə ürək yandırarsan,

Nə də şam gətirərsən,

Burda səhərlər olmur

Bir axşam gətirərsən,

Mən öləndə gələrsən...

 

Bir mənəm, bir Allahım,

Bir də uçuq qalaçam,

Hər çiynimdə bir mələk

Bir də özüm olacam,

Sən qayıdıb gedərsən

Özüm orda qalacam...

Mən öləndə gələrsən...

 

A daş gülüm

Bilirsənmi,

mən öləndə

Qəbrim üstə kim gələcək?

Göy üzündən mələk-mələk

Salaməleyküm gələcək...

 

Könül kövrək,

tellər tarım,

Hər tel üstdə bir qübarım,

Bir dodaqda misralarım,

Bir dildə türküm gələcək.

 

Suc sığışmır hər yumağa,

Bük günahı başqa ağa,

Mən boyda dərd oxşamağa

Sən adda ərkim gələcək.

 

Güneyə çəkdim quzeyi,

Qəmdən keçir hər bəzəyi,

Qəlbimdə qəmlər muzeyi

Qarşına sərgim gələcək.

A daş gülüm,

a gül daşım,

Yanar gözündə göz yaşım,

Son mənzilə son savaşım,

Bir də ilk sevgim gələcək....

 

Aladaş

Dağ ətəyi, Ay işığı, su səsi,

İlk sevginin, son ümidin qu səsi,

Duyğu-duyğu, söz-söz içim bu səsi

Duyğu şəklim, şəkil sözlüm Aladaş,

Üfüq qaşlım, Günəş gözlüm, Aladaş!

 

Boy boylayan dağ boyu, dağ rəngi var,

Daş daşlayan dağ çayı, dağ cəngi var,

Ruh oynadan "Ləzginka" var, "Cəngi" var,

Qopuz səsim, ozan səsim, Aladaş,

İman səsim, azan səsim Aladaş!

           

Zindanmuruq məbəd yerim, pir yerim,

Hər qalası əfsun yerim, sirr yerim,

Mələk-mələk nur göyərdir hər yerim

Göy qanadlı dağ gözəlim, Aladaş,

Xəzəl gülüm, gül xəzəlim Aladaş!

 

Qoşa qumru qonur qumun dəlisi,

Yol üstündə yellər öpür vələsi,

Gedən gedib, gələn bir də gələsi,

Arıların gül yuxusu, Aladaş,

Çiçəklərin bal qoxusu, Aladaş!

 

Şahlar şahı Şah dağımdı baş qalam,

Daş kitabəm, daş qalaçam, daş qalam,

Kaş bu dağda daşa dönəm, daş qalam,

Daş ocağım, ocaq daşım, Aladaş,

Könül daşım, qucaq daşım, Aladaş!

 

Göy gəzirəm Yerdə bir az

Mövzu deyib dağı, düzü

Gəzib suyun çıxardıram.

Misraya yatmayan sözü

Əzib suyun çıxardıram.

 

Ruh uçunan sirdə yer az,

Göy gəzirəm yerdə bir az,

Ayrılığı Araz-Araz

Üzüb suyun çıxardıram.

 

İpək hördüm dəmirdən də,

Gül bağladım kömürdən də,

Can çəkişən ömürdən də

Bezib... suyun çıxardıram.

 

Dəniz gözlüm, bu mən, bu sən,

Gir könlümə, üz dərindən,

Sənsizliyi gözlərimdən

Süzüb, suyun çıxardıram...

 

Səndən küsməyə gəlmişəm

Səndən küsməyə gəlmişəm,

Qarşıma gül-çiçəklə çıx.

Yığ başına günahları

Tut üzünə, ələklə çıx.

 

Mindi dağların sayı,-dan,

Gül açılmır hər boyadan,

Özün qazdığın quyudan

Tut əlimdən ürəklə çıx.

 

Düş dilimdən, boğuluram,

Yum gözünü, sıxılıram,

Sənə tərəf yıxılıram,

Qollarında xərəklə çıx.

 

Yoxmu bu qəhrin axırı,

Səbrim dərdlərin yağırı,

Gedirəm, göylər çağırır,

Ta yoluma mələklə çıx...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!