Söz şəhərimdə
Mənim söz şəhərimdə
yağışlı gecələr,
nağıllı küçələr var...
Xatirələr baxışlarıdı
yol gözləyən qadının.
Mənim söz şəhərimdə
bir az xəyal,
bir az ümid,
bir az ayrılıq var,
Vağzallar,
qatarlar darıxmaq yeri...
Payızlar,
qışlar gəlib,
saçlarımda qırovdu,
Saatların,
günlərin ləpirləri alnımda...
Sevənim,
unudanım,
Sevib unutduqlarım
həzin xatirələrdi...
Mənim söz şəhərimdə
illər keçib ömürdən.
***
Quşlar göy üzünü sevdi,
balıqlar mavi suları,
mənsə yolları sevdim...
Quşlar da illər kimi
qatar-qatar keçib getdi.
qızaran üfüqlərin
qəmli baxışlarında.
Bəlkə də, quşlar ölmür,
son anda külək olur
və sonra ürək olur
çırpınır sinələrdə...
Sən ki bilirsən
yaşamağın nədənin...
***
bir az boşluq yarandı
keçən vaxtla aramda,
keçdi,
yetə bilmədim.
gah zaman geri qaldı,
gah mən ötə bilmədim.
Gördüm, dünya bulanıq,
uzaq olmaq istədim...
...gördüm, dünya beşikdi,
uşaq olmaq istədim,
uşaq olmaq -
saf,
məsum.
nə dünyadan,
nə bəxtdən,
nə də özümdən küsüm...
***
Bahara tələsən quş
azıb payız çənində,
haçandı qanadından
lələk salır yollara.
Qonub hücrə üstünə
dimdiyində yuvası.
Ovqatına düşməyib
bu fəsilin havası.
Bir yağışlı səma var,
əsir payız küləyi.
Bu quşun gözlərində
sevən sevda mələyi...
Bahara tələsən quş
azıb payız çənində...
***
Gələn quş qonduğu hücrəni sevməz,
bir ayrı dünyadan boylanıb baxar.
Ovlayar birbəbir kiçik quşları,
Yazları,
yayları,
payız, qışları
dəyişmək istəyər bu ağ şəhərdə.
Qəmin sərhədində durub nədənsə,
o quş sevinclərə hər gün daş atar.
Ovcunun içində bir az qaranlıq,
gözünün içində xəyanət yatar.
Gəlişi ümidi qırıb içindən,
viran qoyduqları ağrıdar yeri.
Zamanı fırladar caynaqlarında,
saatlar vaxtından qalacaq geri.
Gələn quş qonduğu hücrəni sevməz...
***
Adamları,
addımları
içindən öyrəndim,
küləkləri səsindən,
qatarları gedişindən...
Adamlar,
addımlar,
küləklər,
qatarlar
zamanın yaddaşıdı..
***
Səni kimsədən soruşub
qalmışam bu şəhərdə,
Bu şəhərdə bir sən varsan,
bir də susan gözlərin...
Gecə uzun,
odam soyuq,
xatirələr hüznlü,
Bir xəyalın qanadından
baxır süsən gözlərin...
Sığallaya saçlarımı
bu gecədə kimsə yox.
Çimir almır gözlərim də
yuxularım qaçaqdı.
Qəribsəyib bu şəhərdə
boylanıram hələ ki.
Bu şəhərdə bir sən varsan,
bir də küsən gözlərin...
***
İllərdi gəzirəm bu ağ şəhərdə,
günlərin nə qədər müəmması var.
Ağ-ağ ümidlərin addımlarında
qara qapılarda sınır arzular.
Həqiqətin şəkli cansız kağızda,
günlər ötüb-keçir səcdələr ilə.
Hər gəlib-gedəni kef-damağında,
dünya aldanılır gör nələr ilə.
İllərdi darıxır gözüm, baxışım,
üstü qabar tökür dil susa-susa.
Görürsən, yollar da bu ağ şəhərdə
yoluxa-yoluxa gedir virusa.
Ömür də taledə bir dar otaqdı,
gedən xəyal olur, qalan xatirə.
Bir də bu zamanda doğrular arxiv,
üstünü bağlayıb yalan xatirə...
***
Bu gecə səssizlikdən qulaq batır...
Baxıram küçələrin
kimsəsiz dayanışına,
Hələ də sükunət var,
ayılmır şəhər.
Gecə lampalarının
cansıxıcı işığı dağılır küçələrə.
Qara köynəkli gecə
qaranlıqda "yaşamağı" öyrədir.
Bir şey gözləmirəm
dağılmış yuvalardan,
sökülmüş odalardan.
Divar saatındasa
vaxt ömrə işləyir...
Sahilimiz
Bir sahilimiz olmadı...
Bir amansız tufan,
dəli qasırğa
ayırdı sahillərimizi...
İndi
sahillər çılpaq,
dəniz sükut içində,
Nə küləklər yan alır,
nə də susan dalğalar...
Burda görünən tərəf
sonsuzluqdu hələ ki
ümidlərin üstündə ağarır ləpirləri.
Bəlkə, ovcuma düşən
ayrılıqdı dəniz?..
***
Həyat bir dilənçinin
gözlərindəki ağrı,
baxışlarındakı qəm.
Bu dünyada qəriblik
çəkməyən bir kimsə yox...
Ömür insanlar üçün
Tanrı həbsxanası,
Məhkumluq saatları
yazılıb alınlara.
Bu dünyada
kimsənin yazısı bir ömürdü...
***
Və əlində gecənin şəkil tablosu,
üstündə ayrılığın ayaq ləpirləri...
sönük lampa işığı
addım atır küçəyə...
Sənin ağ paltarına
bürünür gecə,
susur
səssiz-səmirsiz
gözlərin kimi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!