"Qollarım sağdı mənim, Qucağıma həsrətəm..." - Şeirlər. Cavid FƏRZƏLİ

 

Od düşən günümə

yanmayın mənim.

Əl uzatmayın mənə,

Əllərim kardı mənim.

 

Ürəyimi küçə-küçə

ayaqlayan adamlar

Özgə bir yoldasa,

ən çox sevdiklərim tanıyır məni.

 

Uşaqların oyuncaqları

qırıldığı gündən həyata addımları,

Quşlarınsa qanadları

qopduğu yerdən göy üzü başlayır...

 

Müqəddəslər ağacların edam şəkilində unudulur.

dilənçilərsə ovuclarımın xoşbəxt günündə.

 

Daha üzülməyin, dostlar,

Daha məndən qorxmayın...

Qollarım sağdı mənim,

Qucağıma həsrətəm...

 

 

***

Təkcə sevdiyindən deyil,

əllərin qopan hər yer

sevgiylə dolar.

 

...Bütün sevgilər ayağın kəsər səndən;

Başı daşa dəyən yollarda addımlarını tanıyarsan,

yolun qalmaz ölməyə.

 

...Özgələşər göz yaşların

pərdə buludlar arxasında,

sevdadan qalan külün gözündə.

 

Gözün olmayan xoşbəxtlik

güllələyər ürəyini,

əlində ölərsən dənizin,

kimsə su atmaz üstünə.

 

...Qadınlar tanrısız kişilərdə həsrətini yaşayar

hər gecənin qapısında,

hər ürəyin səhərində.

 

Heyif bilməmişəm;

Sevmək kədərini dəyişə bilməməkmiş

eyni ocaq başında,

eyni yağışlar arxasında.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!