Adı nədir
Adını soruşanda
Gözlərin göyə dikir.
Dəftərə yaz deyəndə
Kağızda ulduz çəkir.
Adımızda məna var,
Uşaqlar, hamımızın.
Yəqin ki, anladınız
Adı nədir bu qızın.
Azərin cavabı
Yeni hekayəsi var
Gözü çəp, rəngi bozun,
Nəyə görə, nə vaxtdan
Qulağı olub uzun?
Azər deyir ki, dovşan
Yeyirmiş kök, kələmi,
Belə cəza düşünüb
Bostan becərən əmi.
Onu çıxartmaq üçün
Bağçasından, bağından
Bostançı yapışarmış
Dovşanın qulağından.
Əkizlər
Küçəyə çıxan kimi
Dikilir bizə gözlər.
Çoxu deyir ucadan
Budur, gəlir əkizlər.
Bənzərdir üz-gözümüz,
Bərabərdir boyumuz,
Eyni gündə edilib
Bizim kiçik toyumuz.
Qarşımıza çıxana
Unutmuruq salamı.
"Qanacaqlı uşaqlar"
Bizə söyləyir hamı.
Biri deyir aptekə
Göndərmişəm neçə yol.
Ayıra bilmirəm ki,
Hansına dedim "sağ ol".
Ayrı paltar geyməsək
Tanımayırlar üzdən.
Razılıq eləyirlər
Bizim hər işimizdən.
Tıq-tıq
Mənim bir saatım var,
Tıq-tıq, tıq-tıq.
Asta gedən atım var,
Tıq-tıq, tıq-tıq.
Ağacda ağacdələn,
Tıq-tıq, tıq-tıq.
Ayaq səsidir gələn,
Tıq-tıq, tıq-tıq.
Toyuq da vurur dəni,
Tıq-tıq, tıq-tıq.
Başa salır cücəni,
Tıq-tıq, tıq-tıq.
Damdan düşür damlalar,
Tıq-tıq, tıq-tıq.
Necə gözəl ritmi var,
Tıq-tıq, tıq-tıq.
Çəlləyin içi boşdur,
Tıq-tıq, tıq-tıq.
Bu səslər mənə xoşdur,
Tıq-tıq, tıq-tıq.
Oyuncaq bilər
Bağışlayır qohumlar,
Əmioğlu, əmi, dayı.
Evdə oyuncaqların
Günbəgün artır sayı.
Gah mühəndis olmuşam,
Gah müəllim, gah həkim.
Buldozerim olanda
İstəyirdim yol çəkim.
Dünən maşın sürürdüm,
Bu gün təyyarəçiyəm.
Yeni oyuncaq bilər,
Ertəsi gün nəçiyəm.
Gün batanda qayıdır
Atası yayda ona
Bir xəritə alalı.
Ayıra bilmir heç kim
Xəritədən Cəlalı.
Göz dikib bir bölgəyə,
Yüz kərə baxır bəlkə.
Dünyanı seyrə çıxır,
Gəzir o, ölkə-ölkə.
Deyəndə gəl bir çay iç,
Deyir su içindəyəm.
Deyəndə gəl çörək ye,
Deyir hələ Çindəyəm.
- Bir dondurma gətirim
- Yox, gör necə haldayam,
Buralar çox soyuqdur,
Axı mən şimaldayam.
Bu cavablar ananı
Gün boyu yığır cana.
Gün batanda qayıdır,
Cəlal Azərbaycana.
Yuxuya getdim
Nənəm üstümə
Yorğanı salıb,
- Yuxun harada
İlişib qalıb?
Ay gözü qaram,
Üzü ay? - dedi
Tez yatmaq üçün
Yüzü say, - dedi.
Onu dinləyib,
Elə də etdim.
Bilmədim nə vaxt
Yuxuya getdim.
Düşər düyünə
Atalar sözü
Olan kitaba
Baxıb söylədi
Ayla: - Ay baba...
Səhv etməyibsə
Atalar özü,
Necə yaranıb
Atalar sözü?
Mənim şirinim,
Şəkərim, balım.
Qoy indi səni
Mən başa salım.
İnsan həyatda
Sanki dərs keçir.
Səhv edə-edə
Doğru yol seçir.
Qulaq asmasan
Ulu deyənə.
Sənin işlərin
Düşər düyünə.
Sevirlər oxumağı
Bu şeir Neftçalada yaşayan məşhur ziyalı ailəsindən, həmçinin özü də ziyalı olan dostum Etibar Əbilovun nəvələri Cəlal və Kamranın xahişi ilə bayram günü 22 mart 2021-ci ildə yazılmışdır.
Böyüklərin yanında
Böyük olur hörməti.
Çünki onlar sevirlər
Əziyyəti, zəhməti.
Kitablara həsr edib
Babası var-yoxunu,
Onlar da oxuyublar
Kitabların çoxunu.
Cəlal kitab rəflərin
Tez-tez edir çək-çevir.
Kamran da oxumağı
İnternetdə çox sevir.
Barış istəyirəm
Atam deyir cəbhədə
Çox görüb ölüm-itim.
Şəhid olub dostları
Uşaqlar qalıb yetim.
İnsanlar bir-birini
Düşsələr əgər başa
Silahlar işə düşməz,
Gedən olmaz savaşa.
Qəlbimə iz salıbdır
Onun bu cür deməyi,
Qənimətin yerinə
Bəşər sevsin əməyi.
Tapşırarsa müəllim
Arzunu gətir dilə.
Mən qərara gəlmişəm
İnşada yazım belə:
- Dostluğa dayaq olan
Bir yarış istəyirəm.
İnsanlar arasında
Sülh, barış istəyirəm.
Azad Şuşa
O, evdən çıxan anda
Hamıya əl uzatdı.
Nənəm də arxasınca
Kasa dolu su atdı.
İndi düşür yadıma
Atamın nəsihəti:
- Divarı yazmaq olmaz,
Bunu etməyin qəti.
Bir video göndərib
Dostlarımla paylaşam
Atam yazır divarda:
- "Sən azadsan, ay Şuşam!".
Qayıtmayır əliboş
Deyib gedirəm işə
Xəbərim yoxdur ondan.
Anam da hey arayır
Atamı telefondan.
Hərdən evə dönəndə
Alardı bir oyuncaq
Neçə vaxtdır getdiyi
Yola baxıram ancaq.
Anam deyir darıxma,
Gəlməyinə az qalıb.
Qayıtmayır əliboş
"Zəfər" ordeni alıb.
Ayılar
Gəziriksə, biz
Qışda dağ, meşə.
Yadda saxlayaq
Gərək həmişə.
Qış yuxusuna
Gedir ayılar.
Səs-küy qoparsaq
Onlar ayılar.
Söylədiyim nağıldı
Bir dəfə axşamçağı
Bürüdü duman dağı.
Otarırdım davarı,
Tanımırdım civarı.
Yanımda it də vardı,
İtimdə küt də vardı.
Uzaqda qurd uladı,
İt quyruğun buladı.
Yetişməsəm, arxaca,
Çoban uşaq, qurd qoca,
Qurd qoyundan aparar.
Nənəm şivən qoparar.
Çəndə gəzib-dolaşdım,
Çəpər görəndə çaşdım;
- Çöl hara, çəpər hara? -
Sürünü sürdüm ora.
Sonluğuna qulaq as,
Beləcə, oldum xilas.
Demə, bu yer ağıldı...
Söylədiyim nağıldı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!