"And olsun yarı canıma - Getməyə bir yerim olsa, tüpürərəm dabanıma..." - Şeirlər. Həsən KÜR

 

Zabit hekayəsi

 

Görsən ki, bayraqlar tıxac yaradıb

Kəndin o başından, evimizəcən.

Bizi qapısından qovalayanlar

Taxıb qalstukun gəlib bizəcən.

 

Hiss etsən isladır al yanağını

Nigaran gözünün kədər yığını.

Tez uşaqları bir otaqda gizlət,

Görməsinlər sənin ağladığını.

 

Yubanma, həyətdə gözləyənin var,

Qayıdıb cəbhədən həyat yoldaşın.

Amandı, boynumu qucaqlama ha,

Qanlı paltarıma batar üst-başın.

 

Ümid edirəm ki, bağışlayarsan

Bir gecə yanında məni görməsən,

Üstünü örtməsəm yatandan sonra.

Bilirəm gözün bir məni görürdü

Rəhmətlik anandan, atandan sonra.

 

Tökmə gözlərinin yaşını yerə

Razı deyiləm ki, qəmə batasan.

Bir az qürurlu ol, bir az möhkəm ol

Sən indi həm ana, həm də atasan.

 

 

***

Yıxmağa çox çalışdılar

Deyə-deyə - aş! Kəsdilər...

Qurumamışdı qabığım,

Budağımı yaş kəsdilər.

 

Baxın! Yaxşı-yaxşı baxın!

Mən külüyəm bir ocağın.

Didib ürəyimin dağın,

Qəbrim üçün daş kəsdilər.

 

Ölüm e, bir söz demirəm

Torpağı insanlar bəslər.

Yadındadı sentyabr?

Bitti bütün atəşkəslər,

Mənim yol çıxdığım kəslər,

Dava edib, baş kəsdilər.

 

 

Ev dustağı

 

Sərt karantin rejimi

 

Hamı öz evində əsirdi indi,

Heç kimin "gecikmə" deyəni yoxdu.

Hamı pəncərədən baxır günəşə

Həsrətin ki, bundan o yanı yoxdu.

 

Uşaqlar qaçışmır toz-tozanaqda,

Analar yumağa kir tapa bilmir.

Metronun tinində dilənən qoca,

Daha dilənməyə yer tapa bilmir.

 

Daha dilənməyə yer yox, adam yox,

Hara boylanasan, hara qaçasan?

Kimə and verəsən əzizlərini?

Kimin ciblərinə ağız açasan?

 

Ey qoca dilənçi, səndən qorxurlar

Əlin kirli deyə, ağzın lüt deyə.

Kimə yaxınlaşsan dodağın büzər,

Kimə yaxınlaşsan çəkil get deyər.

 

Əslində hamımız dilənçiyik biz,

Hamı doğulduğu gündən dilənir

Sən bu boş şəhərdən çörək umursan,

Evdə gözləyənin səndən dilənir.

 

Səni gözləyənin qarnı ac qalar,

Səni Yaradandan əlini üzsən.

Sənin nəfəsini eşidər Allah,

Sən yağış altında çox islanmısan,

Yəqin, hamımızdan bir az təmizsən.

 

Yaxşısı budur ki, Allahdan dilən,

De ki, "sən böyüksən, de ki, sən təksən!

Açsın hamımızın bağlı qapısın

Yoxsa ki, sən kimə dilənəcəksən?

 

Daşdan adamlar

 

Köhnə iş yoldaşlarına

və digər yaxşı adamlara ithaf

 

Ağac qocalanda başını əyir

Torpağa təşəkkür etməkdən ötrü.

Neçə budağını qurban verərdi

Neçə meyvəsini yerə salardı

Haçansa yenidən bitməkdən ötrü.

 

Qocaldı yanında olan adamlar

Birinin gözünün ağı qocaldı

Birinin ağzında dili qocaldı

Birinin getdiyi qatar dönmədi

Birinin əlində gülü qocaldı

Dünya qarasına, ağına baxmır

Qocaldı, əzizim, hamı qocaldı.

 

Biri yağış üçün dua edəndə

Birinin evinin damı qocaldı

Sən də qocalmısan vaxtsız, vədəsiz

Hardan gəlib keçdi bu ömür bu gün

Yəqin ki, bir xeyli peşman olmusan

Bu qoca dünyaya gəldiyin üçün.

 

Səni qocaldıbdır bu daş binalar,

Əyibdi qəddini dikəltdiklərin.

Ovcunda içində qabar yaratdı

Alnından süzülüb düşəndə tərin.

 

Bəlkə heç bu sənin bəxtin deyilmiş,

Bəlkə qismətini özgəsi yedi.

Hətta asılqandan təzə adıyla

Asdığın köynək də toz içindədi.

 

Utanma ey qoca, daşdan utanma

Utansın suyu şor olan dənizlər

Utansın günəşi gizlədən dağlar

Öləndə hamını daşa tapşırıb

Hamının başına daş salacaqlar.

 

Öləsən

 

Bir gün qələmin sına,

Yox olasan, öləsən.

Səssiz-səssiz bir küncə

Sıxılasan, öləsən.

 

Mən axı gün görmədim,

Nə qəribə həyatdı.

Allah məni yaratdı,

Doğulasan, öləsən?

 

Heç xəbərin olmaya,

Qarasından, ağından.

Bir gecə yatağından,

Yıxılasan, öləsən.

 

Bəsdir oyuncaq oldun,

Bu dünyanın nazına.

Ananın ağ saçını

Keçirib boğazına,

Boğulasan, öləsən.

 

 

Ağrıkəsici

 

Nə sən soruş, nə mən deyim

Nə haldayam, nə gündəyəm.

Dünəndən heç nə yemirəm,

Boyat dərdin üstündəyəm.

 

Bir ağrıkəsiciyə görə

Bədən üzvlərim dalaşır.

Əllərim "Antarktida",

Başım "dünyanın o başı".

 

Nəfəsim keçər burnuna,

Bir-iki addım at geri!

Həyəcan təbili çalır

Boynumdakı kəndir yeri...

 

And olsun yarı canıma,

Getməyə bir yerim olsa,

Tüpürərəm dabanıma.

 

Əvəzimə üzr istəyən

Hicablı bir qadın ola.

Əlini aça Allaha:

"İlahi, bağışla onu

al canın, bəsidir daha"...

 

Əlimdən yapışdığım

İnsanlar böyüdülər

Qollarımdan vurdular.

Ayağımı çəkdilər,

Ürəyimi qırdılar.

 

Adamlar ilan kimi

Zəhər sancdılar mənə.

Dedim - Allaha gedim,

o çarə qılar mənə.

 

Allah öldürdü məni,

Ayağımı çəkənlər

qəbrimə kimi qazdı.

Başıma daş salanlar

Başdaşımı ucaltdı,

üstünə söz də yazdı.

Bu adamlar gör necə

Abırsız, həyasızdı.

 

Dizlərinə vurdular,

Gözucu ağladılar,

Beş gün gün verməyənlər

Qırx gün yas saxladılar.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!