Kənddə gülümsəyir
dağım da mənə
Təbiət insandan çox istiqanlı,
Kənddə gülümsəyir dağım da mənə.
Ögey sayılmıram, doğmadan artıq,
Mehriban yanaşır bağım da mənə.
Kəndin istisi də, soyuq qışı da,
Ayağım altını əzən daşı da.
Ocaqlar üstündə bişən aşı da,
Çox ləzzət eləyir doğrudan mənə.
Kəndin çay-suları gözümə güzgü,
Tərifini özüm verirəm düzgün.
Gec-gec getdiyimdən kənd məndən küskün,
İradın bildirdi yaxından mənə.
Yayda çay qırağı, xoş istirahət,
Edərək o yerdə görürəm cənnət.
Qovaq ağacımı qoru, təbiət,
Yadigardı keçmiş çağımdan mənə.
Yazığın gəlsin
Kədərin qoynuna atılan qadın,
Səhv düşüncələrlə yanılan qadın.
Ürəyi qayadan yonulan qadın,
Ağlayan sevgimə yazığın gəlsin.
Başını tumarla, nazla, əzizlə,
Ovqatın xoş elə bal, şəkər sözlə.
Bir gözündən olub, indi bir gözlə,
Ağlayan sevgimə yazığın gəlsin.
Unutma, önündə duran insandır,
Necə söndürmüsən gəl odu yandır.
Vicdanlı ol barı, az məni dondur,
Ağlayan sevgimə yazığın gəlsin.
Məhəbbət bilmirdin heç mənə qədər,
İndi sevgim sənə olubdu zəhər.
Gözümdə qaynayır sular hər səhər,
Ağlayan sevgimə yazığın gəlsin.
Hamını himayə edənin özü,
Görür hər bir şeyi Allahın gözü.
Gözəl vətənimin ziyalı qızı,
Ağlayan sevgimə yazığın gəlsin.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!