Yarıyuxulu şeir
Bir səsdən özünü asmışdı qəfəs,
Həsrətdən keçirdi qürbətin yolu.
Gələcək deyilən gəlmədi asan
Seçdik gediləcək ən çətin yolu.
Adamı gözündən edir ümidi,
Günü qara idi gözü ağların.
Qan da sağılmışdı kökünə kimi,
Yolu yorğun oldu ən uzaqların.
İsti yatağından küsmüşdü yuxu,
Yüzdümü, mindimi?..
İtmişdi haqq-say.
Hıçqırıq kimiydi axar su səsi,
Xəzəl yağışında islanırdı çay.
Sıxırdı adamı geniş üfüqlər,
Gecənin başına dardı aləmi.
Küləyin ovcunda saat kimiydi,
Budaqla yarpağın ayrılıq dəmi.
Gedənin hamısı düz deyil, dostum,
Dizə dayanan yol yaman dik idi.
Buz kimi saxlamaq olmur ürəyi,
Vaxtın ən soyuğu sənsizlik idi.
Daha havadan da olmur baş açmaq,
Sanki tükənmişdi almağa nəfəs.
Susub dayanmışdı bir alabaxta,
Bir səsdən özünü asmışdı qəfəs.
Bir barışıq sabahı
Gecə sıyrılıb çıxar qapqara köynəyindən,
Yayılar üfüq boyu gümüş kimi ağ günə.
Sürüşüb kəlağayıtək çiynində yellənər çən,
Dönər bir çiçək qızın günəş təbəssümünə.
Zülmətlərdən sıyrılıb qonur ruha bir şərqi,
Kölgələrlə rəqs edir şüaların hərəsi.
Gecədimi, bilmirəm, gündüzdümü, - nə fərqi,
Günəştək işıq saçar o qızın pəncərəsi.
Bir az xəyalı dalğın, bir az fikri qarışıq,
Yasəməni yırğalar küləklərin sərini.
Qızılgülün ləçəyi gülümsər işıq-işıq,
Uzadar çəpər boyu sarmaşıq əllərini.
Çiçəklərdən tacını havada yırğalar nar,
Kölgəsi yola düşən göyəm boylanar tindən.
Çobanyastığıların üzünə günəş doğar,
Mən sənə qayıdaram gecələrin bətnindən.
Adın gələndə
Dünyaya hər gələn əbədi olmur,
Doğman tərk edəndə, yadın gələndə.
Şadlıq eləməyə dəyməz xoş gündə,
Gedənə qəm olar şadın gələndə.
Qoşun olmalısan pərən olmağa,
Ya bir udum nəfəs dərən olmağa.
Adam ər gərəkdir ərən olmağa,
Kişi sandığını qadın gələndə.
Xaliq xəlq eylədi yoxdan var səni,
Yazda şeh ovudar qışda qar səni.
Olar ki, bir dostun unudar səni,
Biri gülümsəyər adın gələndə.
Yenə
Kim bilir gələcək nə nədən sonra,
Hər şey tükənsə də nəsə var yenə.
Raketdən, atomdan, nüvədən sonra
Sözlə döyüşəcək adamlar yenə.
Xeyirdən keçəcək axşamüstü şər,
Göydən töküləcək yer üzünə zər.
Elə ağaracaq qara gecələr,
Qara bürünəcək ağ damlar yenə.
Gərək qalmayacaq ərdova, cinə,
Gərən olmayacaq yalana sinə.
Dünya qayıdacaq lap əvvəlinə,
Yanacaq sübhəcən ağ şamlar yenə.
Bir daha
Dönmək olmaz o günlərə yenidən,
Yox, qayıtmaz o şux vədən bir daha.
Ürəyimi qıra bilər, gözümü,
Qıra bilməz qorxun, hədən bir daha.
Ömür cəmə, həyat dəmə, yaş kəmə...
Gələmmədik bir üsula, bir çəmə.
Əvvəlkitək hər əzaba, hər qəmə,
Tab etməz ruh, dözməz bədən bir daha.
Heç nə itmir, dönüb olur hər nəsə,
Hər xeyirdə olacaqdı şər nəsə.
Sona qalmır təzə nəsə, tər nəsə,
Nə umaq ki, kimdən, nədən bir daha?
Ən uzaqlar ayrı saldı aranı,
Bir fotoda yaşadıq ağ-qaranı.
Unutmağı bacarmadım yaranı,
Yaddaşımda qalmaz zədən bir daha.
Daha döyməz sinəsinə bir hozu,
Yaşadığı bəd günlərin ən bozu...
Daş səkidə nə izi var, nə tozu,
O yol keçməz bu küçədən bir daha.
Bəlli şeir
Hər xeyir olanda var bir az da şər,
Hansı notda dinir sarı sim bəlli.
Ayağa baxana düşmən deyirlər,
Əlinə oynayır kimin kim, bəlli.
Saxta uğurlara qabartdıq sinə,
Dönmək çox asanmış mələkdən cinə.
Aldadan aldadır nəyin xətrinə,
Göz vurub eylənən gizli him bəlli.
İstəyi böyükdür könlü paşanın,
Sinən vaxtı gələr coşub-daşanın.
Sözsüz sonluğu var hər tamaşanın,
Hər səsli səhnədə vardır mim bəlli.
Olur
Mənim nə işim var ağıllılarla,
Hərənin bir dəli zamanı olur.
Qızıl dediyiniz çox vaxt çıxır mis,
Hətta yaxşının da yamanı olur.
Adam səhv aramaz imanda, dində,
Niyə çürüdürsən qəlbini kində?
Damına çat düşür xoşbəxtliyin də,
Dərdin də ürəyə damanı olur.
Az söy zəmanəni, az qına vaxtı,
Tale tərs çönəndə döz, sına vaxtı.
Ümiddən yıxılma fırtına vaxtı,
Batanda tutmağa samanı olur.
Üzdə olan qəmi olmur yan etmək,
Yeyib-içdiyini xalqa qan etmək.
Olur ki, düz deyil and-aman etmək,
Andı düz olanın amanı olur.
Vaxt var idi...
Əllərimin çiçək dərən vaxtıydı,
Ürəyimin eşq tumunu cücərdən.
Uzaqlarda dəniz vardı yamyaşıl,
Sahillərin boz qumunu cücərdən;
Mən dünyanı təzə-təzə sevirdim.
Qönçələri düymə etdim yaxama,
Gülə susdu küləyin tül notları.
Didə sevdim ləçəyini güllərin,
Tapdalaya yaşıl-yaşıl otları;
Sarmaşığı yola-əzə sevirdim.
Nənni kimi yırğalanır biçənək,
Uğuldayır dərya kimi göy meşə.
Gözlərimdən yuxu kimi axırdı,
Kol dibində mürgüləyən bənövşə;
Nərgizləri məzə-məzə sevirdim.
Bir rahatlıq süst ruhuma xoş gəlmiş,
Mümkün olmur əsəbləşıb gərilmək.
Göy üzünü seyr eləmək gözəlmiş,
Dünya imiş göy çəmənə sərilmək;
Zirvələri dura-gəzə sevirdim.
Bir ayrılıq sən
Mənim əllərimi, sənin adını
Eləmi unutdu nərgiz qoması?
Sındıra bilmədim daş inadını,
Yıxıldı dədənin isti koması.
Keçməsin könlündən bənövşə dərmək,
O gün xəyalıma gəlir gec kimi.
Nə qol açmaq olur, nə sinə gərmək,
Dönüb qınamaq da olmur heç kimi.
Cığıra qayıtmaz yol kəsəsinə,
Baş alıb gedirdi elə əzəl də.
Bir bulaq səsinə, gül əsəsinə,
Əvvəlki həvəslə düşmür xəzəl də.
Soyuq giley susur yanıq "eh"ində
Ürəyim yoruldu lal daşımaqdan.
Nəfəsi təngidi əsən mehin də,
Sinədə bir qara xal daşımaqdan.
Ürək ağrısıdır sevgi bir az da,
Var olan bəlaya yox həb aradım.
Çəm deyil, yol deyil olar-olmazda,
Sənə çatmamağa səbəb aradım.
Azdım ayrılığın dolaylarında,
Tapmadım həyatın itən dadını.
Soyuq sular kəsir buz laylarında,
Mənim əllərimi, sənin adını.
Hərdən olur
Sevincimiz çox vaxt olmur istək ilə tən,
Adam var ki, üzü gülür, içində kədər.
Hansı ölçü vahidində deyim, biləsən,
Aramızda uzaqlıq var bir ürək qədər.
Bəzən olur yaxınlıq da yaramır işə,
Yanakı gələni, çəpəki gedəni var.
Hər kəsi də vurmaq olmur bayramda dişə,
Bunun düz edəni, onun səhv edəni var.
Arabir gəlmək də var imana, dinə,
Hər yaxşıya meyar olan yamanı deyil.
Hərdən düşür insafının yumşaq yerinə,
Amma adam bağışlamaq zamanı deyil.
Özünü yaşamaq
Daha bir addım da düşüb kal səsə,
Tükənir qovlayan, yorulur qaçan.
Hər yer tənhalıqdır can atan kəsə,
Bir ömür bəs edər inzivayacan.
Vaxtında çox şeyi vermək var yelə,
Bir hənir asılıb öz karlığından.
Yolçunun nəfəsi tıncıxar elə,
Adam çoxluğundan, yol darlığından.
Bu da bir əzabdır, nə sülh, nə savaş,
Xeyir ziyanadır, qazancadır şər.
Dörbaşda oturub diyirlədər daş,
Kiminsə cibindən keçib gələnlər.
Yol çıxar ağrıyan könülə şərik,
Min təpə titrəyər bir dağ üzündən.
Dostlar bizi tapar, biz itirərik,
Hər yerə əl qoyan yaltaq üzündən.
Daha heç nə yoxdur əsə ürəklik,
Söndür, bu işıqda nəyə gərək şam?
Dünyanın ən rahat yeridir təklik,
Çatdı yaşamağa özünü adam.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!