Bir yaz günü
qədim Şirvanın
Göyçay elində
İbrahim kişinin ocağında,
Ağzı dualı bir ananın
layla ətirli qucağında
yamyaşıl tumurcuq kimi
gözlərini açdı
bir körpə səsi.
Kənd yollarında
başıaçıq,
ayaqyalın yüyürdü
bir atanın oğul həvəsi.
Həmin gün
bir ovuc
layla ətrinə bələndi
ata ocağının
üz-gözü...
Həmin gün
sevinc tonqalına döndü
ehtiyac dolu
kiçik bir evin
işaran közü...
Nəğmə-nəğmə çiçəkləndi,
Çiçək-çiçək nəğmələndi
neçə-neçə ümidin səsi,
neçə-neçə arzunun sözü...
Həmin gün
Göyçayda elə bil
söz ətri qoxuyurdu
bir əlçim göy üzü.
Könlü köz-köz,
kösöv-kösöv açılmışdı
divarlarına
sevinc çilənmiş
ata ocağının.
Arzusu, ümidi
bir oğul boyu
layla-layla gülümsəyirdi
bir ana qucağının.
Ömrünə ömür
qatmışdı
ocağına oğul
gəlişi
Peyğəmbər eşqinə
oğluna Rəsul
adını verdi
İbrahim kişi.
Hələ o körpənin
dodaqları
bələnməmiş ana südünün
qoxusuna,
Tanrının Söz mələkləri
lələk-lələk qonurdu
o körpənin
mışıl-mışıl yuxusuna.
Hələ mələklər
Tanrı izni ilə
imza atmamış
onun alın yazısına.
Ana südünün
dadıyla birgə
Sözün tamı da
dəydi
o körpənin ağzına.
Qəlbində
sözün qoxusunu
duyduğu gün
Ruhuna "Salam" gəldi
Söz adlı haqdan.
İlk misraları
yazqabağı nəmli torpaqdan
qalxan buğ kimi
gülümsədi varaqdan.
İllərin
misra qanadlarında
Rza soyadına
könül bağladı Rəsul.
Sözün ucalığına
boylandı,
yeni duyğularla
çağladı Rəsul.
Elə ki,
duydu qəlbində
yeniliyə can atan
qasırğanı.
Həmin gündən başladı
yazdığı
şeirlərin,
misraların içində
qafiyə qırğını...
Yeni duyğuların
bahar təravətli
qoxusu
kəpənək-kəpək qondu
ulu Söz ağacının
budaqlarına.
Təzə düşüncələr
sənət müjdəsi kimi
doldu
sənət sarayının
yeniliyə həsrət qalmış otaqlarına.
Duyğu qanadlarında
kövrək şair xəyalı
uçub bal arısıtək
öpürdü çiçək-çiçək
təbiətin üzündən.
Təbiət fəsil-fəsil,
cəmiyyət nəsil-nəsil
boylanırdı
Rəsul Rza sözündən.
Ulu sənət mülkünü
nəğmə-nəğmə oyatdı,
duyğu-duyğu isitdi
"Rənglər"in təbəssümü.
Söz mülkünü
fəth etdi
düşüncə təravəti,
yeniliyin düzümü...
Rəsul Rza adı
gün kimi doğuldu
ulu Sözün baxtına.
Yaratdığı
söz incilərinin
uca dəyəri
qaldırdı onu
böyük Sənət taxtına.
Böyük ustad gəlişinə
güzgü tutdu
məhəbbətlə
qoca tarix.
Hər bir zaman
ustadları
uca tutur
uca tarix...
Yeni sənət dünyasına
inam dolu
qədəm atdı.
Söz mülkündə
Qırıb qafiyə sərhədin
sərhədsiz
dünya yaratdı.
Üstünü
toz basmış
yollardan keçmədi,
ruhunda daşıdı
təp-təzə fikirləri.
Sənət sarayının
divarlarından
asdı
düşüncə dolu
şəkilləri...
Söz ətrinə bələnmiş
düşüncələri
azad misraların
qanadlarında
yetişdi
Ulu Sözün dan yerinə.
Rəsul Rza imzası
Sənət mülkündə
bayraq kimi asıldı
təmiz vicdan yerinə...
***
Ustad!
Deyirlər tarixin
ən sərt qılıncından
itidi Söz.
Boyat fikirləri yeməkdən,
Daş ürəklərin
daş qapısını döyməkdən
tükəndi,
bitdi Söz...
Ağrıya-ağrıya
dizlərini yerə qoyub,
Nizaminin,
Füzulinin ruhuna
"salavat" çevirib
itdi Söz.
İndi
bu yoxsul zamanda
bir qarın fikrə açıb
ulayan itdi Söz.
Ruhu canından uçub
qanıma hopan
soyumuş meyitdi Söz...
Yağır olmuş qafiyələrlə
gün keçirən,
Mənanı unudub
Boyat fikirlərə
lehmələnmiş qafiyə
içirən
kimsələrə deyirdin -
üzünü tutub:
- Qafiyəpərdazlar,
ürəyim Söz tabutu.
Çiyinlərinizi
ürəyinin altına tutun.
Alagöz günlərin
aydınlığında
özünüzə bir
savab yazdırın.
Bu tabutu
Bir Füzuli misrasının
ayağı altına basdırın...
***
Rəsul Rza qayğısıyla
neçə-neçə istedadın
arzuları çiçəklədi.
Bu qayğıdan
nəsib alan
neçə cavan şair qəlbi
Söz mülkünə məhəbbətlə
gül səpdi,
çiçək ələdi...
Rəsul Rza qayğısı
istedadlar önündə
yaşıl işığa döndü.
Ulu sənət yolunda
gəncliyin ümidləri
üşüməsin deyə
qəlbi ocağa döndü...
Qərinələr ötsə də,
Çox nidalar bitsə də,
həniri azalmayıb
işığı sozalmayıb
Rəsul Rza ocağının...
Hər yaz gələndə
ulu Sözün qapısı
misra-misra döyülür.
Hər misrada
Rəsul eşqinin,
Nigar məhəbbətinin
ətri duyulur.
Hər yaz gələndə
təbiətin gözündən
qaçır yaşıl yuxusu,
Söz mülkünü
çəmən-çəmən
bürüyür
Nigarlı misraların
yasəmən qoxusu...
Təbiəti bəzəyən
rənglərin üz-gözündən
Rəsul Rza "Rənglər"inin
rəngləri yağır.
Bu rənglərin
hənirinə isinə-isinə,
Ürəklər
misra-misra dönür
duyğu xəritəsinə.
Sənət çəmənlərini
çiçək-çiçək bəzəyir
Rəsul Rza qəlbinin
Söz rəngləri...
Yaşıllığa bələnmiş
misraların sinəsindən
nəğmə-nəğmə asılıb
fikir zəngləri.
Diqqətlə dinlə,
Göyçayda
yarpaq-yarpaq
pıçıldaşır hər bahar
çinar ağaclarının
yaşıl köynəkli nəğməsi...
Çinar ucalığından
boylanır həmişə
Rəsul Rza sözünün
naxışı, ilməsi...
Göyçay çinarlarından da
ucadır
şair misralarının
bayraq kimi
dalğalanan əzəməti.
"Od nə çəkdi
küldən soruş" - dedi
ustad şairin dərin hikməti...
Hər yaz günü
çəmən-çəmən göyərəndə
yerin-yurdun yaşıl baxtı,
Bir bənövşə baxışında
qurulur
Nigar sevgisinə bələnmiş
Rəsul Rza ömrünün
səadət taxtı...
Bu ocaqda
göz açıb
bir işaran köz kimi,
Sevgi, məhəbbət dolu
unudulmaz Söz kimi
Özü ocağa dönüb
Xalqımızın Anarı,
O, milli ruhumuzun
üfüqündə açılan
ümid dolu səhərdir.
Dədə Qorqud səbatlı
Uca, ulu dəyərdir
Millətin vəfadarı
Sənətin bayraqdarı!
Xalqımızın Anarı!
***
Hər dəfə yaz gələndə
Rəsul-Nigar eşqinin
məsum təbəssümü tək
könüllər oxşayır
yasəmənlər.
Rəsul Rzanın
təravətli misralarına
güzgü tutur
yamyaşıl çəmənlər...
Hər yaz gələndə
Ustad Sözünün
rəngi boylanır arandan, dağdan
Hər yaz gələndə
Rəsul Rza misralarının
qoxusu gəlir
yaşıl yaxasını açmış
torpaqdan...
***
Mənim də könlüm
çiçəkləyir hər baharda
Ulu sözün
ucalığından boylanırsan, Ustad,
Ümidim görünürmü
oralarda?!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!