Mən səndən bu eşqi
istəmədim ki
Donmuş xəyalımda ilk simasan sən,
O yerə gedirəm xəyalım xəstə.
Orda ilk sevgimi dəfn etmişəm mən,
Gedirəm sevgimin məzarı üstə.
Verdiyin ümiddən kədər toxundu,
Sevgi badələri həsrətlə doldu.
İlk sevgi nəğməsi ağı oxundu,
Şirin kəlmələrin göz yaşı oldu.
Baxıb ağlayaraq xəyallarımdan
Umuram tez ötüb keçən baharı.
Çələng bağlayaraq xəyallarımdan
Ziyarət edirəm bax o məzarı.
Mən səndən bu eşqi istəmədim ki,
Yetimtək bu sevgi bəslənsin deyə.
Mən sevgi nəğməsi bəstəmədim ki,
Bir vaxt ağı olub səslənsin deyə.
Bəsimdir
Boyun bükdüm bəzən alın yazıma,
Həsrət düşdü baharıma, yazıma.
Ləkə salıb bəzən ağ kağızıma,
Yaza-yaza qocalsam da, bəsimdir!
Bu dünyaya kor-koranə baxırlar,
İşıq gələn yerə barmaq taxırlar,
Bir sel kimi hey yalana axırlar,
Bu axından bac alsam da, bəsimdir!
Bu cah-calal, bu var-dövlət bir hədər,
Bu dünyanın bütün yolu dərd, kədər,
Mən demirəm, mən ucayam dağ qədər,
Təpə qədər ucalsam da, bəsimdir.
Elə yaşayaq ki
Elə yaşayaq ki, keçmişdən qaçıb
Kədərə düşməyək biz ağlayanda.
Ömrün yaddaşını kitabtək alıb
Ötən günlərini varaqlayanda.
Elə yaşayaq ki, əməlimizlə
Hünər meydanında bir qala tikək.
Həyat yollarında öz əlimizlə
Səadət gülləri, xoşbəxtlik əkək.
Ömrün tilovunda tez tutulmayaq,
Qoymayaq yerimiz bizsiz boş qalsın.
Elə yaşayaq ki, unudulmayaq,
Bizim yerimizi izimiz alsın.
Barış həyatınla üzü dönəndə,
Barış ki, kədəri baltək yeyəsən.
Oxuyub bu şeiri ruhum önündə,
Bəlkə bircə dəfə rəhmət deyəsən.
Utandım
Bir kötük dibində göbələk kimi
Bitmədim kölgədə, kölgəsiz olum.
Yazdılar şeytanı bir mələk kimi,
Ağladı qələmim, tutuldu qolum.
Kim qələm götürdü, bir şair oldu,
Əvəzsiz yazarlar oxunulmadı.
Qəzetlər, jurnallar boş sözlə doldu,
Əsil şeirəsə toxunulmadı.
Hər misram göyərdi alın tərimdə,
Qəlbimin sözünü qələmə aldım.
Sənət oyun oldu nadan əlində,
Şeir yazdığıma bir vaxt utandım.
Hər gecə
Qəm daşıyır ömrün yorğun karvanı,
Gül bağımın xəzan olub bağbanı.
Qəti gəlib ömrümün tam fərmanı,
Bu fərman qəlbimi dəlib hər gecə,
Baxıb məzəmmətlə gülüb hər gecə.
Baxmışam həyata haqq aynasında,
Yatmışam kədərin qəm laylasında,
Çapmışam atımı söz dünyasında,
Kədər göz yaşımı silib hər gecə,
Ahımı dörd divar görüb hər gecə.
Batmışam həsrətə qəflət selində,
Solub arzularım xəzan əlində,
Soyumuş odam mən odlar əlində,
Kədər buludlarım dolub hər gecə,
Tənhalıq qonağım olub hər gecə.
Eyləsin
Bu dünya yolunu tamam dəyişib,
Yıxılan uşaqtək daşa ilişib,
Düz əməl azalıb, yalanlar şişib,
Düz deyən yıxılıb qalar, neyləsin?!
Çətin dost tapıla dünyada indi,
Çoxu üzə gülər, qəlbisə kindir.
Qorxudan lal olub azdırar səni,
Agzına su alıb durar, neyləsin?!
Çoxu nur sandığı zülmətə çatır,
İndi o nurdan da zülmət yaranır,
Dünyanın ağı da qara boyanır,
Rəngləri qarışıb, qara neyləsin?!
Həyat çirkabıyla sular saralar,
Durğun bulaqlar da indi bulanar,
Lil dalğalar gələcəyə yol alar,
Həyat çirkabdırsa, dalğa neyləsin?!
Yazıqdır Mütalib, yaralı bu can,
Sənin bu şeirinlə kimdir oyanan?!
Zülmət bir həyatdan nura boylanan
Həyat yaradırsa, yara neyləsin?!
Səni gözlədim
Gecələr həsrətlə səni gözlədim
O yanan çırağa mən baxa-baxa.
Sakitcə qəlbimdə səni səslədim
Həsrətli qəlbimə dərd yaxa-yaxa.
O yalan çırağım bir anda söndü,
Qanadsız quş kimi çırpındım yenə.
Sanki gündüzüm də gecəyə döndü,
Səni mən zülmətdə gözlədim yenə.
Sənsiz hər yanımı çovğun taladı,
Mən səni yanımda görmək istədim.
Göz yaşım gözümdə şaxta bağladı,
Dondurdu yavaşca məni həsrətin.
Gözlədim mən səni hər axşam, səhər,
Sakitcə qəlbimdə mən qan ağladım.
Gəlmədin, gözlədim yenə birtəhər,
Taleyin hökmünə mən bel bağladım.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!