Başın göyə dayaqdır,
Ayağın yerə.
Gərib dağ sinəni sərt zərbələrə
Çiyinlərin üstə vətən torpağı,
Torpaqdan güc aldın "Antey"sayağı,
Qoymadın tökülsün sən qardaş qanı,
Qurtardın bölümdən Azərbaycanı!
Sən ey ağlı ümman,
Ürəyi incə!
Sən həyat bəxş etdin minlərlə gəncə.
Açıb xəyanətin sən iç üzünü,
Silməkçün torpaqdan bu qan izini.
Çağırdın, səs verdi sənə millətin,
Xalqı məğlub etmək çətindir, çətin!
Mirvarid Dilbazi
"Qurtardın bölümdən Azərbaycanı"
***
Qoy səsi guruldasın bu gün
altı qitədə,
Odur məndən ötəri ATƏT də,
BMT də!
Gəlib, o kişi gəlib!
Xalqın xeyrinə sarı,
çarxın gərdişi gəlib!
Millətinə, xalqına birləş deyir,
qalx deyir!
Öz haqqına güvənir,
haqq danışır, haqq deyir.
Əlli milyona çatmış
Azərbaycan Dünyası,
"Qurtuluş nəğməsi"ni
oxuyur bir himn kimi,
Bir səslə, bir avazla
"Heydər" deyir, "xalq" deyir.
Zəlimxan Yaqub
"Qurtuluş dastanı"
***
Şükürlər olsun Allaha,
Bəxt bizlərə sarı gəldi.
Salamat çıxdıq sabaha,
Elin havadarı gəldi.
Bu tarixdir, həqiqətdir
Bu bər-bəzəkli söz deyil,
Bunu soruşun millətdən,
O daha doğru düz deyər.
Bu, tarixdir, həqiqətdir,
Gəlişigözəl söz deyil
Daha yazıq anaların
Saçı vaxtsız ağarmadı.
Daha şəhid məzarları,
Sürət ilə çoxalmadı.
Azalmadıq qoşun-qoşun
Hər gün dağılıb-sökülüb,
O şəxsin böyüklüyünü,
Siz şairlərdən soruşun,
Şairlər daha düz deyər!
***
O, doğma xalqın içində
Güllə batmaz Heydər olub.
Onunladır hara gedə
Bu başıbəlalı ölkə...
Bu torpağa onun qədər,
Xidmətçi olmayıb bəlkə...
Bu milləti onun qədər,
Ərzdə tanıdan olmayıb,
Məmləkətdə onun qədər,
Qurub-yaradan olmayıb.
Heydər Əliyev deyəndə
Bu kiçik millət böyüyür.
Heydər Əliyev deyəndə
Doğma məmləkət böyüyür.
Cabir Novruz.
"İxtiyarım olsa idi" poemasından
***
Azadlıq Allahıtək əyləşib öz yerində,
Yerin-göyün nuru var peyğəmbər gözlərində.
Sadəliyi nur saçır, əzəməti dərində.
Gedir, polad çiynində Kəpəz, Qoşqar boyda yük.
Dədə Heydər - Atatürk.
Dərin mavi gözləri sakit yanan od-ocaq,
Alovunda satqınlar yanacaq, kül olacaq.
Qaranlıqda işıqdır - o işığa yol açaq.
Məsləki varlığından böyükdür, min qat böyük.
Böyüklük heykəlidir Dədə Heydər - Atatürk!
Dörd tərəf qar-qiyamət, sərt qış... o, güllü yazdır,
Dinc, mülayim səsi də qaynar bir ehtirasdır.
Ərzurumdan Xəzərə şığıyan Xan Arazdır.
Dalğasında dönüklər ağ köpükdür, boz köpük,
Dalğalanır nəhrtək Dədə Heydər - Atatürk.
Azərbaycan, Türkiyə... Daş qala - qoşa səngər,
Bütün qasırğalara birləşməklə sinə gər.
Bu birlik qarşısında düşmən tük salacaq, tük...
Qucur iki sahili Dədə Heydər - Atatürk.
Xəlil Rza Ulutürk.
"Dədə Heydər - Atatürk"
***
Ağlayan türkümüzü duymaya Türk lazımdır,
Bax bu günlər ölümə dalmış olan millətimə.
Millətin rəmzi olan bir atatürk lazımdır,
Ana yurdda atasız qalmış olan millətimə.
Atamız, atamız sevgili Heydər babadır,
Uzun illər ulusun nisgili Heydər babadır.
Rəfiq Zəka Xəndan.
"Heydər baba" poemasından
***
Gözümüzə yağdı kədər,
Dedik, Allah, kömək göndər.
Xalq hayına gəldi Heydər,
Heydər oldu ulu öndər.
Heydər kimi qala qurdu,
Qanun yazdı, ordu qurdu.
Dişi qana batmışların
Yolun kəsdi, dışin qırdı.
Fikrət Qoca.
"Heydər Əliyev haqqında oda"
***
...O azman qamətlə yaz yaşa, nə var,
Olmaya dünyanın dünyaca dərdi,
Olmaya vurduğu saysız yaralar,
Olmaya demokrat donu geyənlər
Qorbaçov kimilər, çürük zatlılar,
Sapı özümüzdən olan baltalar,
Olmaya əzilən, inləyən Vətən...
Neçə tufanlara sinə gərdiniz,
Can deyən, can verən Azərbaycana.
Ləyaqətinizlə bənzəyirsiniz
Sinəsi yaralı Koriolana...
Səyavuş Məmmədzadə.
"Xilaskar"
***
Millətimin ağ alnından parladı
Bir il nədi, min bir ilin adamı,
Dilimizin şöhrətini ucaltmış
Uca sözün, şirin dilin adamı.
Sınanmış bir zəkasıdır zamanın,
Hüdudunu çəkir yaxşı-yamanın.
Sərrafıdır sazın, tarın, kamanın,
Sarı simin, gümüş telin adamı.
Bu əziz ad tarixə bir ad olsun,
Türk dünyası hər yağıya yad olsun.
Araz üstə "Yallı" tutub şad olsun
O sahilin, bu sahilin adamı.
Odur bu gün vətənə gün ağlayan,
Odur bu gün xain gözü danlayan,
Xəzər altdan bu dünyaya çağlayan
Qanımıztək yanar selin adamı.
Pənahımız əzəldən ər qılıncı,
Neylər bizə məkrli şər qılıncı!
Çıxdı qından iti Heydər qılıncı,
Məğlub olmaz Çənlibelin adamı.
Bütün dünya bəli dedi sözünə,
Qüvvət gəldi məmləkətin dizinə.
Ata sayır, baba sayır özünə
Hər ocağın, hər mənzilin adamı.
Ərzi gəzir zamanın Qıratında,
Şölə saçır göyün yeddi qatında.
Qurban kəsir ayağının altında,
Başdan-başa bizim elin adamı.
Millətimin ağ alnından parladı,
İstiqlalın qaya çapan fəryadı.
Qoy var olsun ustadların ustadı
Bir il nədi, min bir ilin adamı,
Bizim yurdun, bizim elin adamı.
Hüseyn Kürdoğlu.
"Min bir ilin adamı"
***
Bir oğul yetirmiş vətən torpağı,
Millətin yolunda əsgərə bənzər.
İdrakı, ilhamı, qədd-qaməti,
Qüdrətə, hikmətə, məhvərə bənzər.
Yerində şax sözü, xoş təbiəti,
Ellər sərvətidir zehni, zəhməti.
Tarixə döndükcə onun şöhrəti,
Tarixdə nurlanıb gövhərə bənzər.
Nələr yaratmadı, qurmadı nələr,
Kənddə kənd dəyişdi, şəhərdə şəhər.
Daşlı yamaclarda zümrüd sərvətlər,
Başına dönməli dilbərə bənzər.
Kor olub görməyən varsa bunları,
Utansın, işığa çıxmasın barı.
El yaxşı tanıyır bu nankorları,
Hər biri nəf güdən bərbərə bənzər.
Hər zaman yolunu gözləmiş ellər,
Şirin bir töhfədir ona könüllər.
Yollar kənarında əlində güllər,
Qızlar görmüşəm ki, ülkərə bənzər.
Dahidir, dühadır öz sənətində,
Andı var, elləri qoymaz çətində.
Dərin tədbirində, siyasətində,
Qüdrətdən yaranmış zərgərə bənzər.
Uğrunda hazıram nə vaxt dinərsə,
Simləri könülsüz tərpətmirəm mən
Rəhbəri dağlara bənzətmirəm mən,
Dağlar vüqarında rəhbərə bənzər.
Uğrunda hazıram nə vaxt dinərsə,
Hazıram, şəhid ol əmrini versə.
Əgər Məstan Günər Məstan Günərsə,
Onun dövrəsində sipərə bənzər...
Məstan Günər.
"Bir oğul göstərin Heydərə bənzər"
***
Ümid qılıncımız yaşadı qında,
Gözlədik nə vaxtsa zəfər gələcək.
Əsrin zülmətini dağıdanda dan,
İşıqlı başların arzularından,
Xilaskar gələcək, Heydər gələcək!
Torpağın bağrından bir ərdi, gəldi,
Xalqın gözlədiyi Heydərdi - gəldi.
Ehey, məmləkətin vətəndaşları,
Yüksəliş əsrinin qızıl başları,
Keçmiş əzəmətin xarabasında,
Bir bina tikirik, yığın daşları!..
Elxan Zal.
"Anıt Məzar dastanı" poemasından
***
Yeddi dağın dalından qırıb tilsimi gəldin,
Ayaz vurmuş torpağa ilk bahar kimi gəldin,
Sən bu elin ruhuna xilaskar kimi gəldin
Haqqın var yaşamağa, Heydər Əlirza oğlu!
Sən sarsılmaz inamsan, sən əyilməz hünərsən,
Könüllərə təsəlli, ürəklərə təpərsən.
Tarixlərin özünə tarix yazdıran ərsən,
Haqqın var yaşamağa, Heydər Əlirza oğlu!
Haqqı var bu torpağın, ər oğluyla öyünsün,
Sənə mürşidim deyən hər oğluyla öyünsün.
Qəlbin Azərbaycanın ürəyincə döyünsün,
Haqqın var yaşamağa, Heydər Əlirza oğlu!
Musa Urud.
"Haqqın var yaşamağa"
***
Bir gəlin üz tutur uca Tanrıya:
Ya məni quş elə, ya daşa döndər!
Dağ da dözə bilməz belə yaraya,
Nicat ver, Ya Rəbbim, xilaskar göndər!
Salam, Böyük İnsan - tarix çağırır,
Zülmətdən, zillətdən haylanır Vətən.
İndi darda qalan bayraq çağırır,
Sənin yollarına boylanır Vətən.
Sən yaxşı bilirsən yer nə, göy nədir,
Sənin alın yazın millətin yolu.
Vətənin qəlbində yara göynəyir,
Çağırır vüsalı həsrətin qolu.
Əli Rza Xələfli
"İnsan, tarix və zaman" poemasından
***
Biz ki nurdan yoğrulmuşuq, biz ki nurdan yaranmışıq -
Yolumuza kölgə salmaz hardan düşür düşsün işıq.
İşimizdə haqq, ədalət, sevdamızda güc, qətiyyət -
Üzümüzə, bəxtimizə güləcəkdir qalibiyyət,
Ölkəm əmin əllərdədir, davam edir mübarizə.
Ulu öndər özü kimi inandığı bir varisə
Güvənərək, bir inamla demədimi illər qabaq:
"Azərbaycan günəş kimi Yer üzünə saçılacaq!"
Odlar yurdu, nur saçırsan, qaranlıqlar gendən keçir,
Avropanın gələcəyə addımları səndən keçir!
Arzu Əsəd
"Ölkəm əmin əllərdədir"
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!