Səni tapşırıram oktyabrın
Bu dəcəl, küləkli yağışlarına.
Qorxma, ayrılmarıq, səni qıymaram...
Anamın ahına, qarğışlarına.
Sən ey ovucları ətir qoxan qız,
Sən ey barmaqları misralı əcəl.
Sən ey üz-gözümün qırışlarına
...İlişib yıxılan nazəndə gözəl...
Cızar ovuclarım yanaqlarını,
Çəhrayı öpüşlər yolundan çıxıb
...Azarlar çəhrayı dodaqlarında.
Sevgi şeirlərim atılıb-düşər,
sallanar, yellənər qulaqlarında.
Misal gətirərəm, Musa Yaqubun
günah şeirindən, günah yuyaram.
Neyləyim həyatdı, ay Çiyninəmim,
"Bir günah sənindir, bir günah mənim".
Nə mən bəxtiyaram,
Nə sən bəxtəvər.
Nə mən günahsızam,
Nə sən günahsız.
Sən ey barmaqları misralı əcəl...
Sən ey ovucları ətir qoxan qız.
***
İflic adamın göz yaşları qədər kimsəsizəm,
Nə əllər kömək edir,
Nə də çiyinlər...
Payız axşamüstüsü,
Yorğun ağacların qorxulu yuxusu kimiyəm.
Ölmək, yaşayanlara qalib gəlməkdir
deyir içimdəki qoca.
Sultan Süleymanın
Mustafa peşmançılığı var ruhumda.
Hərdən insanları o qədər çox sevirəm ki,
insan olduqlarını unuduram.
Hərdən də..
Gözəl sevməsən sevdiyinin gözəl olmasının
heç bir mənası yoxdur deyirəm!
Tək qalmaq istəyirəm...
Yolunu azan poçtalyon göyərçin narahatlığı
Bu gün ovum qanlıdır: ovçu rahatlığı
Mən nə olmaq istəyirəm?
Tək qalmaq istəyirəm...
***
Biz ki, heç yağışda islanmamışıq,
Külək sovurmayıb,
Qar üşütməyib.
Fəsillər ötməyib,
İllər ötməyib.
Heç hələ, pencəyim,
Pambıq tarlası, ağappaq çiynini üşüyən görüb,
Ərk edib bir kərə üstün örtməyib.
Hara ayrılıq, başımız çatmır?!
Bizim ayrılığa haqqımız çatır,
Bizim ayrılığa yaşımız çatmır!
Mən elə çox...
Mən elə çox darıxıram, İlahi...
Pəncərələr gözlərimə yas tutub.
Pərdələr də yamaqlardan ağlayır,
Şüşələr də xəcalətdən tərləyib.
Nə gələnim, nə gedənim var daha.
Gör nə vaxtdır bu evciyin bir kərə,
Bircə kərə, qapıları açılmır.
Daşa dönüb, cəftələri pas tutub.
Məktublar da cana gəlib əlimdən,
Göyərçinlər yoruldular ilahi...
Bütün sevgi şeirləri yazıldı,
Bütün sevgi romanları oxundu
Bütün qışı, səngərlərdə buz tutan,
Əsgərlərin corab payı toxundu.
Bircə mənim darıxmağım keçmədi.
Məktublarım əlimdəcə saraldı,
Builki qış nə sərt imiş, təəssüf,
Göyərçinlər qırıldılar, İlahi...
Sübh çağıydı, pəncərədən görürdüm,
Allah haqqı, Ay Günəşlə görüşdü.
Mən sobadan, soba məndən donurdu,
Tavandakı hörümçək də tək idi.
Bir otaqda iki tənha varıydı,
Biri ovdan, biri yardan yanırdı.
Şüşələrin arasından izinsiz
qonaq gələn külək belə tək idi.
Elə soyuq külək idi inan ki,
Buza dönmüş nəfəsimlə qarışdı.
Bu qış idi, nələr olmadı, nələr,
Qonşu kənddə qan düşməni varıydı,
Dost oldular, onlar belə barışdı!
Bircə mənim darıxmağım keçmədi.
Mən, belə çox darıxıram, İlahi...
Harda nə vaxt, nə olarsa bilirdim,
Harda nə vaxt, nə olarsa duyurdum.
Külqabıyla ciyərlərim şərikdir,
Tənhalığa yoluxuram, İlahi...
Mən o qədər saf deyiləm, bilirsən,
Harda, kimsə, darıxsaydı duyardım.
Mən hamının, mən hər kəsin yerinə
Darıxıram... Darıxıram, İlahi...
***
Tapınasan aynalara,
Özündən bir yol keçəsən.
Necəsən deyən olmaya...
Əriyəsən damla-damla, gözündən bir yol keçəsən.
Alnına gözün sataşar.
Alnının tən ortasında,
Tanrı yazı masasında, dərdləri unudub gedib.
Misra-misra hönkürərsən.
Sətir-sətir dərd çəkərsən.
Yavaş-yavaş bu dünyayla öz aranda,
Qırış-qırış sədd çəkərsən.
Dən-dən olar qaşın, başın.
Xatirələr çiçəkləyər.
Gözlərinin qarşısında uşaqlığın iməkləyər.
Özün boyda dağ olarsan, çəkməyə ahın tapılmaz.
Bir qohum, yaxın tapılmaz.
Qucaq-qucaq soyuyarsan,
Ocaq-ocaq soyuyarsan.
Paslanar bütün cəftələr, bağlanar bütün qapılar.
Birdə baxıb görərsən ki,
Nə bacın var, nə qardaşın.
Nə getməyə yol tapılar, nə də ki,
Bir yol yoldaşın...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!