Şəkillərim
Düzdüm şəkilləri masanın üstə,
Baxdım şəkillərə, baxdım birbəbir.
Şəkillər ömrümdən keçən günləri
Rəngli çalarlarla mənə göstərir.
Fəsillər əks olur şəkillərimdə,
Hər şəkil bir yazmış, bir qışmış demək.
Bir vaxtlar ömrümə sığa bilməyən
Zaman şəkillərə sığışmış, demək.
Hər biri xatirə... Gözüm önündən
Keçir bircə-bircə gözlərim dolur.
Niyə də dolmasın?
Dünən gördüyüm
Bu gün mənim üçün görünməz olur.
Niyə də dolmasın?
Dünən yanımda
Dayanan insanlar bu gün yoxdursa.
Niyə də dolmasın?
Yaş ilə yaşın,
Dünənlə bu günün fərqi çoxdursa.
Hər şəkil ömrümün bir mərhələsi,
Keçir ömür yolum şəkillərimdən.
Baxdıqca hər şəklə geridə qalan,
Yaşanmış ömrümə qayıdıram mən.
Ax, uşaqlıq şəklim. Döndüm bir anda,
Həmin dəcəlliyim, şıltaqlığıma.
Ağlıma gəlməzdi uşaq olanda,
Şəkildən baxacam uşaqlığıma.
Bu ki məktəb vaxtı, əvəzedilməz,
O günlər, görəsən, nə tez dəyişdi?
Sinif yoldaşlarım, müəllimlərim,
Hamısı birbəbir yadıma düşdü.
Bu filan şəkildir, bu filan yerdir,
Təzə yaşanılıb bunlar elə bil.
Nələri geridə buraxdığımı,
Mənə asta-asta göstərir şəkil.
Zamanın hökmüdür - dəyişər günlər,
Zamanın hökmünə hər kəs baş əyir.
Bir zaman ömürdə yaşanan anlar,
Bir şəkil diliylə "əlvida" deyir.
Ömrünün cızdığın cizgilərindən,
Danışar şəkillər, dinər şəkillər.
Vaxt keçər, gün gələr, hansısa zaman
Şirin xatirəyə dönər şəkillər.
Kök
Bizim gördüyümüz geniş dünyada
Hər şeyin bir kökü var əzəlindən.
İstər yaxşı olsun, istər pis olsun,
Yetişər öz kökü, öz təməlindən.
Fikrin də kökü var, hissin də kökü,
Kökdən qıdalanır düşüncələr də.
Bəzən üzüləndə ümidlər belə
Yenidən boy atar kök olan yerdə.
Günlər aya dönür, aylar il olur,
Zaman öz ömrünə başlar kökündən.
Dünənin kökündən yarandı bu gün,
Sabah boy atacaq bugünkü gündən.
İnsan da elədir, onun kimliyi,
Kökündən başlayır, kökdən yaranır.
Onun varlığı da, əməlləri də,
Yenə də sonunda kökdə dayanır.
Kökünü unutma, həyatda səni
Xoşbəxt eyləyərsə ömrün hər çağı.
Bir çevril, arada kökünə boylan,
Səni yetişdirən kökün var axı.
"Ağac bar verəndə başını əyər"
Bu dövrü-qədimdən belə deyilir.
Ağac bar versə də kökü unutmur,
O, həm də kökünə doğru əyilir.
Gövdəni calama başqa gövdəyə,
Fərq etməz hardasa yaşasan da sən.
Sənin öz kökün var, dana bilməzsən
Sən o kök üstündə bitən gövdəsən.
Başqa kök üstündə gövdəyə calaq
Vurulan meyvənin dadı dad olmur.
Necə ki, qartaldan qartal törəyər,
Sərçədə qartaltək qol-qanad olmur.
Kök - bizim əzəli başlanğıcımız.
Kök - həyat yolunda salınan izdir.
Kök - bizim dünyada biz olmağımız,
Kök - varlığımızdan nişanəmizdir.
Başa düşmür
Südə əl qatıblar, yağı az çıxır,
Qaymaq başa düşür, yağ başa düşmür.
Bostanın suyunu başdan kəsiblər,
Qarpız başa düşür, tağ başa düşmür.
Bir söz ki, sifətə dəysə sillətək,
Günahkar söz deyil, günahkar ürək.
Dumanı dağlara gətirər külək,
Duman başa düşür, dağ başa düşmür.
Sözdən duymayana sözlər nə etsin?
Tükətmə sözünü, söz boşa getsin.
Torpağı xarabdır, gül necə bitsin?
Bağban başa düşür, bağ başa düşmür.
Günahkar günahı özgədən bilir,
Haqsız haqq olanın üstündən silir,
İnsan insanlığa qənim kəsilir,
Ölü başa düşür, sağ başa düşmür.
Giley-güzar
Giley-güzar dünyasıdır,
Torpaq daşdan gileylənir.
Qış havası duyulduqca,
Payız qışdan gileylənir.
Ürək dözmür göynəyəndə,
Bir toxunan söz deyəndə.
Yerində işlənməyəndə,
Ağıl başdan gileylənir.
Ağacdan bir meyvə düşür,
Bağ köksünə qüssə düşür.
Göz üstünə kölgə düşür,
Kirpik qaşdan gileylənir.
Qocalır insan, qocalır,
Gəncliyini seyrə dalır,
Zaman bir kənarda qalır,
Ömür yaşdan gileylənir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!