Hər kəs közü eşir
öz qabağına...
Tonqallar çatılır qışda, baharda,
Dönürəm alovun üz qabığına...
Donur qələm tutan barmağım burda...
Hər kəs közü eşir öz qabağına...
İsinmək istəyir sıcaq qalayan...
Odunun oduyla qucaq qalayan...
Kənarda titrəyir ocaq qalayan...
Hər kəs közü eşir öz qabağına.
Biri əl uzadır - od ala bəlkə...
Biri dil uzadır - dad ala bəlkə...
...Üstdən...hoppanan var - ad ala bəlkə...
Hər kəs közü eşir öz qabağına.
Avand çırpı yığır yağır belinə,
Ləvənd lövbər salıb nəfsin felinə...
Mənsə göz qoyuram ümid külünə...
Hər kəs közü eşir öz qabağına.
Köz eşən eşşş...ikçi daha demir ki,
Çox su aparacaq hələ xəmir ki!..
Çatmaz kip qulağa bu səs-səmir ki:
Hər kəs közü eşir öz qabağına.
"Öz" niyə düşünmür "özgə"lər də var?!.
Düzgülər içində üzgülər də var...
Dərdə ayna tutan güzgülər də var...
Hər kəs közü eşir öz qabağına.
Od arar soyuqdan qaçıb, tövşüyən,
Yetərmi imdada inad kövşəyən?!.
Kimin nə vecinə kimdi üşüyən?!.
Hər kəs közü eşir öz qabağına.
Bir ali...tapın ki, təvaflıq ola,
Bir sual göstərin - cavablıq ola...
Bir əməl yoxdurmu savablıq ola?!.
Hər kəs közü eşir öz qabağına.
Neçin dünya belə, bu həyat belə?
Bu təzə belədir, o boyat belə?
Bu böcək, bu quş, bu heyvanat belə -
Hər kəs közü eşir öz qabağına?!
Sözümdən heç kəsə dəyməsin xətər,
Süngər də bir acı sümürüb ötər...
Yanan ürəyimdir ocaqdan betər;
Hər kəs közü eşir öz qabağına!..
***
Ocaq çatmısan köksümdə,
Vücudumla tam yanıram.
Həsrətim ötür kök simdə,
Ahımda muğam, yanıram.
Gah "Segah", "Şur"um olursan,
Gah şərqim, xorum olursan,
Sönürəm, qorum olursan,
Atəşinə ram yanıram.
Gözündən uzaq hər təbəm...
Sənsən mənim Qibləm, Kəbəm!..
Doğmam, məhrəmim, mərtəbəm,
Xanımım, ağam, yanıram.
De, qədərim nə qədər ki?!
Külə dönmək nə qədir ki?!.
Günün şöləsi nədir ki?!
Mənəm gecə şam, yanıram!..
Bu çabam, qeylü-qalımla,
Yuxusuz yuxu halımla,
Gümanımla, xəyalımla,
Arzumla kam-kam yanıram...
Zalım, hər zülmə uyursan!..
Sanmam cəfandan doyursan...
Könlümü usta oyursan...
Mən isə xam-xam yanıram...
Ürək dil açdı adınla,
Uçdum sevgi qanadınla...
Qala, bir qalam odunla
özün gur, mən vam yanıram...
Can-deyib güldürdüyünəm...
Göz yaşım sildirdiyinəm...
Mən hər gün öldürdüyünəm,
Bəs necə sağam, yanıram?!.
İlan balığı
O, nə balıqtək balıq,
Nə ilantək ilandır.
Nə soyuqdur, nə ilıq,
Nə zəhərli çalandır...
Çoxu yeyər ətini,
Öyər də ləzzətini.
Doymaz özəl dadından...
Qorxan da var adından.
Yəni ilan, həm balıq -
Gör nə yaradıb Xaliq!
Əl-ayaqsız qaçandır,
Suda meydan açandır.
Əcəb növ... calaqdanmı,
Talaqdanmı törəyib?!
Bu məchul, balıqdanmı,
İlandanmı törəyib?!
Yəhər deyib alığa
Köhləni talan etdik...
Qarmaq atıb balığa,
Balığı ilan etdik...
Nəvaziş oxşarıdır
Suyla öpüşən tilov...
Naz ləpə ox şarıdır,
İlan balıqları ov...
Bu dünyada yediyin
Kim qana, kim anlaya!..
Nə ad verim, nə deyim
İkican bir canlıya?!
Sirr, Tanrı qələmində
Bu Yerlə Göyə carmı?!
Görən su aləmində
Balıq ilan da varmı?!
Bilmək olmaz meylini;
Dost, düşmənlə görüşər...
Tut quyruqla belini,
Sürüşüb əldən düşər...
Yalana ağ şayanlar
Doğruya xətər olur...
Balığa oxşayanlar
İlandan betər olur!..
Cəsur yalan
Dağlar arxasında Günəş sürüşüb
qopanda al üfüq dayaqlarından...
Gecə fitnəsində minaya düşüb,
Əsgər qəlpələndi ayaqlarından.
Pozulmasın deyə mərdlər sırası
Qalmadı dəstədən aralı düşə...
Qızğın bədənində dəmir parası,
Aslan nərəsilə girdi döyüşə.
Dönüb ona sarı cəbhə dostları
Səsləndi: - Sən dayan, irəli getmə.
Öndə azğınların tələ postları...
Qayıt, bu halınla, gəl, tərslik etmə!..
Sirrtək qəlpələri gizlədib əsgər,
Dedi: - Təhlükədən aralanmışam...
Bir dəm nəfəs dərib, yubansam əgər,
Düşmən elə sanar yaralanmışam...
O, yalan danışdı öz dostlarına,
Ağrı-acısını atıb unutdu...
Qıydı bir payızda can baharına...
Hünərə, zəfərə, anda umuddu...
Hər an saçlarını güllə darayan
namərd "darağı"ndan xətər duymuşdu...
Qarabağ uğrunda ağ gün arayan
Gözü qarasına Vətən qoymuşdu!..
Amal köhlənini kişnədən ər ad
Qan içrə yağını bələdi qana.
Ağ bayraq qaldırdı hər əsir inad;
Tarix qələm çaldı cəsur yalana!..
Otuzdan az qırx dörd...
Tarix saatını durdurdu birdən,
Ümid baharımız qandan qışladı...
Zaman buzlaq kimi donduğu yerdən
isinib, sındığı andan başladı.
Üşüyən torpağa isti qan töküb,
Çoxdan ər səsləyən meydana girdik.
Ürəyi qeyrətə, hünərə büküb,
Qarabağ səbrinin üstünə sərdik.
Qırx dörd gün içində hesab qanunu
pozuldu hesabsız illərə rəğmən;
Otuzun cəmindən kəm gördük onu -
Məğzi kəmiyyətin dəyişdi həmən...
Atəşlər önündə leş qalaq-qalaq...
Bəlkə od yağdıran Tanrı əliydi.
Vətən sevgisinin yağmuruna bax -
Axışan əsgərmi, ya ruh seliydi?!
Sinə sipərimiz - çətən arzular...
Səda Rəbbimizdən, can özümüzdən.
Doğdu günəşimiz - Vətən arzular
Şəhidlik, qazilik danüzümüzdən.
...Otuz il sıxıldıq yaytək,
sonunda
Dəli nərə kimi açıldı ünüm;
Haqqa süvar oldu heyrət donunda
Dünyanı mat qoyan o qırx dörd günüm!..
Timsahın göz yaşları
Düşmən timsah kimidir,
Göz yaşları silinməz.
Sirr daşıyan gəmidir -
Yükü nədir - bilinməz...
Qeylü-qal qurmaq üçün
Taxılı taxt istəyər.
Yol-mənzil qırmaq üçün
Tıxılı vaxt istəyər...
Uçurduğu ev, barı...
Yandırar meşələri.
Qoparıb qapıları,
Sındırar şüşələri...
Duruşa durmaz qəti
Döyüşdə şər yiyəsi;
Bu, zarıncı xisləti -
Mağara tərbiyəsi!..
Çəkilməz can çarası,
Bəd, nəfsini qamçılar.
Tökülən göz qorası
Niyyətidir, damcılar...
Tutar sel daşlarından,
Timsahlar daşdan betər...
Yalan göz yaşlarından
Yamyaş "qanunlar" bitər...
Turanım
Türkün tarixini ehmal varaxla
Tanı türk xaqanı Alp Ər Tonqanı
Türkü tün qərbdən yox, türkdən soraqla
Xanlar sərkərdəsi Saka an xanı!
Batı, qədim boyu min rəngə bələ
Qələmin ağımı qara yazmasın
Mən türkəm, həm turam, turanam elə
Arilər soyumu "ara"... yazmasın!..
Eşq ulduz - çiynimə qoşa taxdığım
Özümdən özümə uzanan qolum -
Əlimi köksümə sıxıb baxdığım
Bir Turan yönüm var, bir zəfər yolum!..
Bu yolu düşünüb yol açan - Kağan,
Alplanıb; titrədib dağı, aranı -
Üzdən nur, gözündən od-alov yağan
Türk ərənlərinin ən son taranı...
Dünyanı nizama səslədim əzəl,
Yoxdur ədalətsiz görkəyənliyim...
Hüzura uzanan əlimdir düz əl,
Haqqın dirliyi türköyənliyim
Ruhumuzun Kəlbəcəri
İlk laylamı çalan dağlar,
Çal çınqıllı çaylar çağlar,
Göz yaşım tök sinən üstə,
"Yadlar gəlib yalan ağlar"...
Kəlbəcər - canım, de yarım;
Çayüstü qala diyarım.
Qürurum, dəyərim, ölçüm -
Arınca, a yar əyarım!
...Qəfil hiylə, basqı nəydi?!
Kəsərimiz kəsrlikdəydi...
Vücudumuz param-parça,
Ruhumuz əsirlikdəydi...
İyirmi yeddi il uzağım -
Dağ-dağ dağıdılan dağım...
Qanımda damcısı donan
Saf şəlaləm, şah bulağım.
Könlüm-qartal, ahım-səsi;
Uç, ucalıq girəvəsi...
Heyimin heyrət hədəfi,
Boyu - vüsalım zirvəsi.
Yaralandım yad daşından;
Yaddaşımın ad daşından...
İki bayraq sevgi asdım
Qəhrimin qan yaddaşından...
Həsrət haqqıma kök atdı -
Bu, nə vüsal, nə baratdı?!
Bir vaxt əlacım piyada,
İndi təpərim "Qırat"dı!
And yolumun yuxuları,
Süvariyəm, at muraddı!..
Gözəl, nazlı qız...
O çəməndən, o dağdan
Necə nazlı qız gəlir!
Yelləncəkli budaqdan
Sallanıb ulduz gəlir...
Sevirəm bu qızı mən,
Dəlisiyəm azı, mən!..
Heyif, ildə bir ötən,
Bir kərə, bir kəz gəlir!..
Yamanca havalıdır!
Bir az da nəvalıdır...
Əl - sini qavalıdır;
Təbində avaz gəlir.
Donu al-əlvan zərdi,
İlıq nəfəsi tərdi,
Yeri yaşıl məxmərdi,
Səması bəyaz gəlir.
Gülüşü - zəfər seli,
Gül işi - gülgün eli!..
Təzanələnib dili;
Dil-dil ötən saz gəlir.
Saxalı, sərvətlidir,
Könlümə dəvətlidir,
İnadlı, həm qətlidir;
Özündən razı gəlir.
Hüsnü ecaz bir ümman;
Üzsə, üzülməz güman...
Çəkilsin niqab duman;
Sidqimə muraz gəlir!..
Adı bəlli, şən gözəl,
Səpdiyi eşq - dən gözəl!..
Qəlbimizə ən gözəl
Ədalı qız - yaz gəlir.
Bir şeir yazacam
bu ayrılığa...
Daha lüzum yoxdur anda, qılığa,
Yetər, iztirablar düzüm-dən oldu.
Bir şeir yazacam bu ayrılığa,
Yazacam; nə oldu, özümdən oldu...
Düzüb misraları yetirsəm sona,
İçimdə min qüssə, ələm də yanar...
Qəlbimi kül edən atəş bir yana,
Külümdən alışıb, aləm də yanar.
Bu tale yükünü şələm edəcəm,
Həsrəti bir ömür sələm edəcəm,
Çaxan şimşəyi də qələm edəcəm,
Bir şeir yazacam bu ayrılığa.
Tənlənib tənəli savaşlarımla -
Gizlinim, aşkarım, sirr "faş"larımla,
Mürəkkəb acizdir, göz yaşlarımla
Bir şeir yazacam bu ayrılığa...
Dinəcək etiraf,
nə giley-güzar,
Nə də təəssüfüm israrlanacaq.
Yaddaş şifahimdə xəyalım azar -
- deyə xatirələr misralanacaq:
"Qızılgül dən-dən oldu,
Sünbülüm dən-dən oldu...
Mən səndən ayrılmazdım,
Ayrılıq səndən oldu"!..
Solub pəncərəmdə qəmin sarısı,
Zülmətin qəlbi də yuxalanacaq.
Mənim əvəzimə gecəyarısı
Qaçan yuxularım yaxalanacaq...
Çən çəhlim çəkəcək vüqarlı dağa,
Ötəcək bənövşə həsrətin tarı.
Bir şeir yazacam bu ayrılığa,
Sınacaq səmada durna qatarı...
Sənət süfrəmizdə hər nemət də cəm...
- Təam et - deyəcəm dediyim kimi.
Hər acı sözünü sinirəcəyəm
Bala qaymaq qatıb, yediyim kimi...
"Ya Hu"! səslənməyim Hu ayrılığa
İlk əhdim yolundan azmadığımdır.
Bir şeir yazacam bu ayrılığa -
Bir ömür heç kəsə yazmadığımdır.
Açma sirr qanadın sən sola, saga -
Səni sədaqətdə qoy belə anım.
Bir şeir yazacam bu ayrılığa,
Onu qəbrim üstə ağla, oyanım!..
Etiraf anı
Səhvlərimi mənə deyən
sən mənimçün çox əzizsən.
Atəşimə su çiləyən
Bir bulaq, ya bir dənizsən...
Qüsurları yan-yana düz,
Hər kəlməni gərəklə, de.
Otur səhvimlə üzbəüz,
Nəyim çatmır - ürəklə de.
Şər - özünü yuxarı tutmaq...
Bərabərlik ətrafladır.
Öyüklük - baxarı tutmaq,
Böyüklük etirafladır!..
Dəm tutaram o düzümü;
Elə sanma öyrənmirəm.
Axı kənardan özümü
sən görəntək görəmmirəm...
Az ələmə ibrətini,
Son yağmur səbrədək öyrət.
Mum et müşkülü, çətini;
"Beşikdən qəbrədək" öyrət.
Köksümdəki küy-ənama
Yozma ki, ritmin yasıdır...
Ürək səsimi qınama;
Sevgi aritmiyasıdır!..
Üzülmərəm iradından,
Süz diqqətlə, üzgüm yoxdur...
Gəl, üzümə tutum hər an -
Səndən gözəl güzgüm yoxdur!..
Hər addımım - hökmüm, qətim,
Aramızda anlaşım var!..
Mənim səntək həqiqətim,
Həm sənsizlik yanlışım var!..
Səhvlərimi mənə deyən
sən mənimçün çox əzizsən!
Atəşimə su çiləyən
bir bulaq, ya bir dənizsən!..
Adsız
Həsrətimin gözlərini açmısan;
Gözlərinin həsrətidir baxdığım...
Nə sükutdur - harayından qaçmısan?!
Sükutunun selabıdır axdığım...
Bir ayrılıq buludu var üzündə;
Gah sıxlaşıb, gah seyrələn çağıydı...
Qəzəbinin şimşək çaxan sözündə
Hər ifadən ilgək-barış bağıydı...
Bu, nə istək, bu, nə hissdir - çaşqınam?!.
Ömrə baxmır, günə baxmır, sübh açır,
Ey, sən Allah, elə sənin aşqınam -
Diləyimin, ləliyimin əlacı!..
Sakitlikdir odla suyun təması,
Yandırdığın bir ürəkdir, gəl apar.
Orda sənsən, yox özgə bir əmması;
Bəlkə mehrin əmanətə yol tapar...
Sən imanlı, mən inamlı dünyada,
Allah eşqi - bu sevdanın özülü.
Dualarım - Tanrı yazan bir nida,
Qələm-qələm qiblə xətdə düzülü...
Gecə-gündüz xəyalımda uçmusan;
Ruhum şirin xatirəni imsiyə...
İki göz də həsrətimə açmısan;
Dörd gözlə də baxammıram kimsəyə!..
Qırmızı xətt
Günəş - göyün qırmızı xətti,
Yanar, yaxar, səddin aşmaz...
Səmtinə Ay yovuşmaz,
Ulduzlar yaxınlaşmaz...
Yer də belə;
Yersizlər də ki, yerdə
Yerini tapmır hələ...
Qırmızı xəttə qıjananların;
Əli qanların
qanniyyət əməlindən köz tuturam.
Qanrılıb
qırmızı sifətlərinə üz tuturam:
Milli,
Elli
birlik,
Əməlli,
Təməlli
dirilik.
Dövlətçilik,
Müstəqillik.
Aliməqam şəhidlik.
Yaman gözlərdən iraq,
Bir kərə yüksəlib, bir kərə enməz
Üçrəngli bayraq -
Qorunmağa cəhd;
Qətiyyətli qət.
Burdadır Qırmızı Xətt...
Bura qədər
hər şey mümkün.
Öncəliklə ilkin
dirisidir Vətən
əlbirlik, canbirlik,
qanbirlik adlı mülkün.
Qırmızı xəttin üstündədir bunlar:
Həm milli-mənəvi,
Həm dünyəvi qanunlar...
Utanıb-qızarmaz tarix önündə
"Qırmızı"nı duyanlar.
Qırmızının qırımında
Qırmızıya qırmızını andırmaq gərək;
Qırmızı həndəvərində
Qırmızını dayandırmaq gərək!..
Bu dünyada qıpqırmızı adlar,
Qırmızı fəryadlar,
Qırmızı təamlar, dadlar da var,
Özünü dost göstərən
qırmızı yadlar da var...
Qırmızıya yaxın buraxma hər rəngi,
Qırmızı xətdir həqiqətin ahəngi.
Qırmızı xətdir
Yurdun, Ölkənin
qüruru-qurğunu durdururu...
Qırmızı xətt - qanunların qan surəsi,
"Dayan" və "oyan" işarəsi.
Ümidlərin bir-birinə söykənc kürəkləri,
Sözümüzün sərhəd dirəkləri.
"Olmaz"ların qoruq talası,
Namus qalası.
Qırmızı xətti keçməzlər -
Bu, söndürmək olar
yanan qırmızı ocağı.
"Qırmızı"da soğular
arabamın yanacağı,
"Qırmızı"da itər
ərkimin umacağı...
Tükənər qırmızıda bütün xahişlər,
Tələblər, əmrlər.
Qırmızıda bitər ömürlər...
Eh, kiri, qırmızı sözüm, kiri,
Ömür bitsə də,
Bitməz qırmızı xəttin şeiri!..
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!