Şeirlər - Şahin QƏDİR

 

Şəhid olan ad

 

Gedir son mənzilə ananın ilki,

Ürək qələmimə deyir nəsə de.

Dünyanın ən ağır yüküdür, yükü,

Ata çiynindəki oğul cəsədi.

 

Bir gənci güllələr qəfil qapdılar,

Çöhrəsi alışdı güllə odundan.

Yüz cəsəd içində onu tapdılar,

Əlinə yazdığı qızın adından.

 

Durub məzarlıqda, bir qız ağlayır,

Bir əlin sığalı telində gedir.

Onun gözəl adı aynada deyil,

Məzara şəhidin əlində gedir.

 

Təzədən qol-qanad aça bilərmi?

Kökündən vurulan, qırılan qanad.

Başqa bir ürəyə köçə bilərmi?

Şəhidin əlində şəhid olan ad!

 

 

Qara qız

 

Bir vaxt sən də gülərsən,

Öz körpəni bələrsən,

İsmətin də qaralsa,

Aralıqda ölərsən...

Qara qız!

 

Sənə gülən dəlidi,

Pəşəməngül gülüdü,

O qədər ağ qız var ki,

Bir başı, bir əlidi...

Qara qız!

 

Sevənlər bulaq olar,

Zülmətə çıraq olar,

Axı qara qızların

Taleləri ağ olar.

Qara qız!

 

Ömür-gün əldən gedər,

Ağ oğlan eldən gedər,

Ağ qız varlı dövlətli,

Qara oğlana gedər...

Qara qız.

 

Bir oğlan peyda olar,

Səni gəlin aparar,

O dediyin ağ qızlar...

Sənə həsəd aparar.

Qara qız!

 

Yada haralar düşər,

Meyvə saralar düşər,

Şairlərin payına,

Elə qaralar düşər.

Qara qız!

 

Həkim qız

 

Saçlarını soyuq küləklər darar,

Əsib gələn küləklərin olmusan.

Xəstəsini həkim dərddən qurtarar,

Məni dərdə, həkim qız, sən salmısan.

 

Cərrahları yığ başına, can alsın,

İynələri, dərmanları tez gətir.

Narkoz versin, qan köçürsün, qan alsın,

Gəl, özünü ürəyimdən kəs, götür!

 

Ürəyimdə yaşayırsan xəbərsiz,

Ora hardan girdiyini bilmərəm.

Ürəyimi bıçaqlayıb didərsiz,

Qaldığını, öldüyünü bilmərəm.

 

Sən həkimsən, gəl spirtlə sildir get,

Sinəm üstə sevgi boyda dağ qoyma.

Bıçaqla get, yarala get, öldür get,

Gedirsənsə bu sevgini sağ qoyma!

 

Hər gələndə məni məyus edirsən,

Gecə düşür, zülmət olur, dan yeri.

Ağ xalatda məndən qaçıb gedirsən,

Ağ gəlinlik paltarında dön geri!!

 

 

Nəfəs ver

 

Ürəyimə yara vurma dilinlə,

Al xəncəri, sinəm üstə yara çək.

Qollarımı qandallayıb telinlə,

Qaşlarının arasında dara çək.

 

Bu həsrətin yaram üstə duz kimi,

Göynəyirəm, alışıram, yanıram.

Gözlərinin damlaları buz kimi,

Kirpiyini sər üstümə, donuram!

 

Ürəyimə gələn yolu cığır san,

Baxışınla, gülüşünlə həvəs ver.

Gözlərinin dəryasında boğursan,

Heç olmasa sahilində nəfəs ver.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!