Mən qara qutuda bəyaz vərəqəm,
Ölçüsüz, sətirsiz, küncsüz, bucaqsız.
Sadəcə, boş qutu bir də ağ vərəq,
Görəsən, hərflər sığarmı ora?
Fikirlər özünü taparmı orda?
Hər halda var olan qara qutudur.
İçi qaranlıqdır üzü qaradır.
Onu aydınladan bir ağ vərəqin
Mənası həyatda yer tapmasıdır.
Ömrün sətirləri məna yüküdür.
Qısadır, uzundur, bəzən bilinməz.
Abzası yeni bir nəfəs gücüdür,
Yaxını bilinməz, uzaq görünməz,
Nəfəs harda bitər, bilinməz.
Bəlkə də bir ömür qara qutudur.
Vərəqi bəzəyən qara qələmsə,
Əslində ağ vərəq, ömrün sonunda
Qara qutuda qara bəzəkdir.
Sadəcə, təsəlli bir ağ vərəqdir...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!