Şeirlər - Səyyarə MƏMMƏDLİ

 

Oğlum Oğuza

 

İndi cəbhədə keçən

Gün, saatına qurban!

Səni yaxıb-yandıran

Qisas oduna qurban!

 

Ata yurddu çatdığın,

İlk addımı atdığın,

O torpaqda daddığın

Zəfər dadına qurban!

 

Qoy sağalsın hər yara,

Bəsdir, geyindik qara,

Qəsbkar, qəsdkara

Siztək batana qurban!

 

Bu, tarixdi, yaşa, dön!

Zəfərlə çat başa, dön!

Türk soyunu yaşadan

"Oğuz" adına qurban!

 

 

Azərbaycan-Türkiyə bayraqları

 

Qoşa qanad kimi durub yan-yana,

Qovuşub qırmızı rənglə qan-qana,

Verir güc, fəxarət, qürur insana,

Azərbaycan, Türkiyə bayraqları!

 

Zülmə, əsarətə, qəsbə "son" deyir,

Haqqa, ədalətə, sülhə "can" deyir,

Bir yerdə düşmənə sanki "yan" deyir

Azərbaycan, Türkiyə bayraqları!

 

İndi Qarabağda onlar üçün, bax,

Zəfərlər yol açır, göy açır qucaq.

Turan göylərində dalğalanacaq

Azərbaycan, Türkiyə bayraqları!

 

 

***

Davam et, düşməni məhv eləməkdə,

Yerin deşiyindən çıxarıb bir-bir.

Bitdi oktyabr zəfərlə, sən də,

Böyük Qələbəni gətir, noyabr!

 

 

Gözümüz aydın

 

Qələbəmiz qalmadı

Qışa, gözümüz aydın!

Çatdı iş noyabrda

Başa, gözümüz aydın!

 

Düşmən aşdıqca həddi,

Ordum qorudu həddi,

Keçdi düşmənin cəhdi

Boşa, gözümüz aydın!

 

Zəfər bayrağıyla bir

Ruhumuz da yüksəlir.

Ürək sevinir, gəlir

Cuşa, gözümüz aydın!

 

Gəldi "göy" türk "mən"iylə,

Gəldi "yaşıl" diniylə,

Oldu "Bayraq günü"ylə

Qoşa, gözümüz aydın!

 

Erməninin PUA-lar

Etdi dünyasını dar,

Var ol, Səlcuk Bayraktar!

Yaşa, gözümüz aydın!

 

Düşmən oda qalandı,

Dərdə yola salındı,

8-ində alındı

Şuşa, gözümüz aydın!

Oldu "Bayraq günü"ylə

Qoşa, gözümüz aydın!

 

 

Kəlbəcər - 1

 

Vaxtında, yəni düşmənin Kəlbəcəri tərk etmək üçün 10 gün də vaxt

istəməsindən əvvəl yazdığım şeir

 

Hər tərəfin bağlı yoldu Göyçəyə,

Həsrət bitdi sənə qədər, Kəlbəcər!

Sənin qədər yaxın olduq Göyçəyə,

Uzaq olduq sənin qədər, Kəlbəcər!

 

Heyif ki, bir deyil dünyanın səyi,

Verən də var qəsbkara dəstəyi,

Çıxanda da mənfurun bu istəyi,

Səni talan edib gedə, Kəlbəcər!

 

Məndəsə bağlılıq yalnız "O"nadır,

Hansı ki, dünyaya haqqı tanıdır,

Dünya bir yanadır, o, bir yanadır,

Yanımızda türküm yetər, Kəlbəcər!

 

İyirmi yeddi il dözmədin hədər,

Sürüsə də səni dərd bura qədər,

Bir az da döz, ürəyindən qəm, kədər,

Yavaş gedər, amma gedər, Kəlbəcər!

Bu dözümün getməz hədər, Kəlbəcər!

 

 

Kəlbəcər - 2

 

Düşmən səndən ölə-ölə üzüldü,

Viran qoydu bilə-bilə, üzüldü,

Vaxt istəyib "şələ-şələ" üzüldü,

Yerində minalar "əkdi", Kəlbəcər!

 

O bir pis bəladır, adı "erməni",

Gözü gördüyünə deyir: "Ver, mənim",

Deyir elə "Öldür məni, vur məni",

Heyif, bu sənədək çəkdi, Kəlbəcər!

 

Bir dastan sığar hər yal varağına,

Üç rəngli, göy, yaşıl, al varağına,

Çatmışıq Göyçənin lap qırağına,

Əfsus, sərhəd orda bərkdi, Kəlbəcər!

 

Min bir möcüzədir hər yanın, baxsan,

Sən yalnız müqəddəs yerlərə taysan,

Bizə İlahidən ən gözəl paysan,

Qayıdışın mübarəkdi, Kəlbəcər!

 

 

Göyçəni gördüm

 

Göyçə gölünün Kəlbəcər yüksəkliyindən çəkilən şəklini görəndən sonra

 

Ruhumu titrətdi bu şəkil mənim,

Gördüm doğma gölü, dolu gözümtək.

Uzaqdan-uzağa açıb qolumu,

Öpüb-qucaqladım onu özümtək.

Hələ üzərində göy çəni gördüm.

Baxıb Kəlbəcərdən, Göyçəni gördüm.

 

Haçan qurtaracaq o, ahu-zardan,

"Erməni" adında bitməz azardan,

Kəlbəcərə qədər olan "Azər"dən,

Düşmən əlindəki "baycan"ı gördüm,

Baxıb Kəlbəcərdən, Göyçəni gördüm.

 

Qandalsız əlini tez başına çək,

Uzat sağ əlini, uzat, Kəlbəcər!

Səndən keçib, səndən sonraya gedək,

Olsun Göyçəmiz də azad, Kəlbəcər!

Deyim, "göy" mahalı, göy "mən"i gördüm,

Keçib Kəlbəcərdən, Göyçəni gördüm!

 

 

***

Getdi düşməninə hər ağrın-acın,

Qoyuldu başına yenidən tacın,

O yalçın qayalı dağlar qoynunda

Özünə gəlişin mübarək, Laçın!

 

 

Qələbəni mən də yaşadım, Allah!

 

İlahı, çox şükür, gördüm bu günü,

Dərdlərin içindən dərdim bu günü.

Bütün həyatıma hördüm bu günü,

Bu günlər ömrümün başıdı, Allah!

Qələbəni mən də yaşadım, Allah!

 

30 il kim oldum, 44 gündə kim,

Göstərdim düşmənə, o kimdi, mən kim,

Yenidən gəlmişəm dünyaya sanki,

Gördüm hər kəs "vətən daşı"dı, Allah!

Qələbəni mən də yaşadım, Allah!

 

Döyüşdən qaçan bir oğul görmədim,

Düşməndə bir zərrə ağıl görmədim,

Belə bir əfsanə, nağıl görmədim,

Özüm də içində yaşadım, Allah!

Qələbəni mən də yaşadım, Allah!

 

Uzandı, illərcə gödək dilimiz,

Dikəldi, bükülü qalan belimiz,

Birləşdi, bir yumruq oldu əlimiz,

Düşməni yurdumdan "qaşıdı", Allah!

Qələbəni mən də yaşadım, Allah!

 

Ölməz şəhidlərin can bahasına,

Qazi igidlərin qan bahasına,

Zəfərə gedən hər an bahasına,

Bir ömrü bir gündə yaşadım, Allah!

Qələbəni mən də yaşadım, Allah!

 

Yaşasın, bu günü bizə yaşadan!

Azad torpağında olsun başacan!

Böyük qələbəni çaldıq qışacan,

Qalmayacaq quru, boş adım, Allah!

Qələbəni mən də yaşadım, Allah!

 

 

***

Güclü ordum, azad yurdum var mənim,

Hər əsgəri igid, mərdim var mənim,

Hələ "Göyçə" kimi dərdim var mənim,

Məni o dərddən də qurtar, İlahi!

Bizə Göyçəmizi qaytar, İlahi!

 

 

Vətən oğullar

 

Fikrimdə, sözümdə hər an sizsiniz,

Ay dar gündə dada yetən oğullar!

Sevinci kəm olub, dərdi, qayğısı,

Böyüyüb boyunu ötən oğullar!

 

Həyat salmasa da sizləri razı

Həm şəhid oldunuz, həm də ki, qazi,

Dikəldib ayaqda qoydunuz bizi,

Ay qisas qəlbini didən oğullar!

 

Haqq üçün savaşa düzüm etdiniz,

Bir ömrü bir anda "lazım" etdiniz,

Torpağı yenidən bizim etdiniz,

Ay Vətən oğullar, Vətən oğullar!

 

 

Şuşa

 

Bir vaxt bizdən ötrü əfsanə idin,

Çox şükür, sən yenə bizimsən, Şuşa!

Qoy silim gözümü, baxım zənd ilə:

 - Yox, bu elə sənin özünsən, Şuşa!

 

O, Cıdır düzüdür, bizlə şənlənən,

Qalib əsgərimdir orda şənlənən,

Daha xatirələr deyil dinlənən,

Sən mənim ən yaxın sözümsən, Şuşa!

 

Nə qədər ki, haqq var, bizlər içində,

Şər, nahaq yanacaq buzlar içində,

Böyük həqiqətlər, "düz"lər içində,

Sən mənim ən böyük "düz"ümsən, Şuşa!

Çox şükür, sən yenə bizimsən, Şuşa!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!