Şeirlər - Tural TURAN

 

***

Məktub yazma, ağ kağıza gülümsə,

Göndər mənə, biləcəyəm halını...

Hər gedişin qayıdışı ölümdü,

Yorulanda gözləyirəm yolunu.

 

Ağ şərfini saxlayıram hələ də,

Boynuna doladım hər xatirənin.

Yorğanı çək, bax, üşüyür ayağı,

Mənsiz yatammayan bir xatirənin...

 

Yuxunu söndür gəl, lap ölümsayaq,

südü bitən ağrı bəlkə kiriyə...

İçimdə adını çəkmişdim bayaq,

Divarda şəkilin döndü geriyə...

 

Payız da bu gecə yorğun, əsəbi,

Sənli xatirələr gözümdən axır.

Səsinə inanmır saat əqrəbi,

Sənmi gəldin - deyə qapıya baxır.

 

 

***

Bir siqaret tüstüsündən asıram özümü,

Yıxılıram ovcumdan üzüaşağı...

Öpüb alnıma qoyuram ayaq izimi,

Mən - alın yazısını güllələyən

bir payız uşağı.

32 yaş...

Bütün pəncərələrdə öz işığını axtarır kölgəm.

Gülər üzlü yanaqlar həm Vətənim,

həm ölkəm...

Bir təndir çörəyinin qoxusunda

dəfn edirəm ilk məhəbbətimin qorxusunu.

Addımlayıb yaşayıram

baxışları axsaq bir ömrün yuxusunu.

Qəbrimə salam göndərirəm

yasəmən qoxusuyla,

Deyirəm, ağ bayrağımı geyinib gələcəm,

Hələ ki təslim olmaq istəmirəm,

Bütün təbəssümümlə döyüşəcəyəm,

                                    tanrıyla...

Hələlik, kamikadzem, hələlik 32 yaş.

Get, öldürmə,

Qəbrimə göndərdiyim

o biri yaşlarımla qucaqlaş...

 

 

***

Körpə qoyub getmişdim,

böyüdümü o ürək?

Aç qapını, gəlmişəm,

qapını döyür külək.

 

Gileylənmə ki, gülüm,

bəxtinin dişi düşüb.

Bir bax mənə: gözümün

gözünə işi düşüb...

 

Xatirən şam yandırır

hər yuxunun sonunda...

Son duanla görüşdüm,

gəlmişdi ağ donunda...

 

...Xatirəm də qocalıb,

itiribdi huşunu.

Göz yaşımdan asmışam,

sənin son baxışını.

Payız doğan günəşəm,

Gülüşüm də üşüdür.

Dodaqlarım çəlikli,

öpüşüm da üşüdür...

 

Körpə qoyub getmişdim,

böyüdümü o ürək?

Aç qapını, gəlmişəm,

qapını döyür külək.

 

 

***

...Öpür,

öpür şəhidlərin dəmir yumruğundan,

öpür azad olunan Vətən torpağı...

Beləcə söykəyir,

söykəyir küləyə kürəyini

Üçrəngli Bayrağım!

 

Göz yaşları dərir nəfəsini,

Düşmən tapdağının nəbzi dayanır.

Bir ovuc qanla

Torpaq sürmə çəkir gözünə,

Yanağını, dodağını boyayır,

Vətən toy paltarını geyir əyninə,

Torpaq and içir öz ruhuna!

Bütün qəbirlərin işığı yanır...

 

 

***

...Yorulur qatar səsi

ayaq üstə durmaqdan,

yorulur

özü özünü oyadan saat zəngi...

Əqrəbləri diz çökür

bir fotonun önündə,

və hönkürür baxışında

lal notların dua rəngi...

Qəfil bir lampa

nişan alır özünü uzaqdan;

tapşırır canını

çəlikli göz yaşlarının əynində...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!