Yadındamı
Yadındamı,
Mən Nəmrud idim bir vaxt!
Allah qəbul etmədi,
İbrahimə çevirdi məni,
Yəqub etdi,
Yusif oldum.
O gündən bilirəm bütün yolların
Qırx arşın quyudan başladığını,
Tonqaldan keçdiyini.
Yadındamı, Mərvdə ayrıldıq,
İsmayılla tək qoydum səni,
Nəmruda dönmək istədim.
Allah qıymadı,
Züleyxada görüşdürdü bizi,
Leylidə, Məcnunda bir can elədi.
Yadındamı, mən Nəmrud idim,
Allah qəbul etmədi bunu.
Misirdən,
Kəyandan, Qüdsdən keçirdi.
O səhra,
o quyu,
o tonqal,
hələ Şeytan daşlandığı yer durur yenə.
Həmənki yerdəyəm mən yenə, qadın!
Əlimdə küt bir bıçaq,
Önümdə doğmamın başı...
Dəfn etmək olmayır, qadın,
Bu xaraba yaranışı!
Yadındamı, mən Nəmrud idim,
Tanrı rəva görmədi,
Sonra İbrahimə döndərdi məni.
Sonra Yəqub oldum,
Yusifə döndüm...
Bir ad var, mən onu
çəkə bilmirəm
Məni məndən alıb, məndən aparan
Elə itikdi ki, çətin taparam.
Hər an yaddaşımda tufan qoparan
Bir ad var, mən onu çəkə bilmirəm.
Varmı təsəlliniz qəlbi yanana?
Dünya bir yanardı, o ad bir yana.
Qorxuram kövrələ, həyəcanlana,
Bir ad var, mən onu çəkə bilmirəm.
Qorxuram quyular qarğı bitirə,
Qorxuram dodaqlar sümsü gətirə.
Ömrün itiyini mənə yetirən
Bir ad var, mən onu çəkə bilmirəm.
İllər gəlib keçdi yeyindən-yeyin,
Onu pünhan tutdu bu baş, bu beyin.
Barı siz dil açın, barı siz deyin,
Bir ad var, mən onu çəkə bilmirəm.
Ürəkdə ərk yeri bir ad yaşayır,
Həm də ərk yerinə irad yaşayır.
Nə olsun sevənlər inad yaşayır,
Nə olsun? -
Mən ki, heç o adı çəkə bilmirəm.
Məni məndən alıb məndən aparan
Elə itikdi ki, çətin taparam.
Hər an yaddaşımda tufan qoparan
Bir ad var, mən onu çəkə bilmirəm.
Hardasan
Hardasan,
Ruhumda səksəkələr var,
Yenə də can evim mənə dar gəlir.
Sormasam gözümdə dünya qaralar,
Fəqət, soruşmaq da mənə ar gəlir.
Nifrin yağdırıram bu susqunluğa,
Dağ dinsin, daş dinsin, bitsin bu sükut.
Nə ki qayğılar var, qoy bir kənara
Nə vacib işlərin varsa da unut.
İnan bu günəcən inanmadığın
Qiyamət gününün dönəcəyinə.
Bir göz qırpımında Ayın, Günəşin
Ən parlaq ulduzun sönəcəyinə.
Hardasan?
Hardayam?
Haralardayıq?
Bircə meh əsimi cavabın gəlsin.
Dirilik suyutək çəkim başıma,
Ömrümə-günümə savabın gəlsin.
Səndən soraq verib, soraq gətirən
Min məna gəzirəm hər sarı simdə.
Biləydim, biləydim kimdə itirib,
Kimdə arayırsan sən məni, kimdə?!
Hardasan?
Ruhumda səksəkələr var,
Hardasan?
Sən mənə səs ver, nəfəs ver.
Dəli qaçırğaya, oda, alova,
Tufana dönməyə yeni nəfəs ver.
Bilim ki, ürəyin mənlə döyünür,
Bilim zülmün altda amandayam mən.
Nə yerim yerdədi, nə göyüm göydə,
Yenə də sən adlı zamandayam mən!
Gərək inciməyək
Kövrələ bilərəm mən uzaqbaşı,
Təsəlli söyləmək gələr əlimdən.
Haqqın ünvanına atılan daşı
Yolundan etməyə, bacım, mən kiməm?
Mən kiməm arxalı dağlar yanında? -
Sözümün dalında yumruğum durmur.
Səksənir, diksinir hər gün canımda,
Əzizim, mənim ki, ürəyim vurmur.
Necə də tanışdı bu köhnə səki,
Cığır həmin cığır, yol həmin yoldu.
Get bacım, dərdini o şəxsə de ki,
Onun insafından yumruğu boldu.
Soyuq baxışlar var hələ dünyada,
Çox qapı dəstəyi buzdu, ayazdı.
Yoluna qoymağa bütün işini
Dünya ağlımızdan hələ dayazdı.
Quru təsəllimi qıymıram sənə,
Gərək inciməyək bir-birimizdən -
Taleyin biz görən kəsirlərini
Düzəltmək gəlmirsə əllərimizdən.
...Hə, mənə çox baxdın, kövrəldim deyən,
Bəxtin yol versin ki, kömək eyləyim.
Sənin göz yaşınla mənim insafım
Qoymur adamlıqdan çıxam, neyləyim!
Gedənlər qayıtmır arxayınlığı
Gələ,
Peyda ola Şeyx Nəsurullah,
- Adam dirildirəm - deyə, - camaat!
Gəzə qapı-qapı bu tanış xəbər,
Yenə bir-birinə dəyə camaat.
"Gedənlər qayıtmır" arxayınlığı
Bir anlıq, bir anlıq bizi tərk edə.
Bir az məzələnə, sınaya bizi,
Bir az mənbeh edə bizi ərk ilə.
Yenidən ən əziz, doğma adları
Sala bircə-bircə yada o kişi.
Yaxşıca sınaya imanımızı,
Çata bu səfər də dada o kişi.
...Kim deyib ölənlər qayıtmaz geri,
Arxayın salıbdı bizi bu adla?
Gələ, peyda ola Şeyx Nəsirullah,
Çıxa qarşımıza min cür iradla.
Yaza məni, səni, onu, onları,
Yaza bircə-bircə, yaza adbaad.
Gələ, peyda ola Şeyx Nəsirullah,
- Adam dirildirəm, - deyə, - camaat!
Soruşa birbəbir "kimsən, nəçisən?"
Hökm edə: "Yenidən bir də dirisən!"
Etdiyin günahlar dura üzünə,
Və sən heç dirilmək istəməyəsən.
Gözlərinin ruhu
Gözlərinin ruhu incidir məni,
Gözlərinin ruhudur buludlar.
Ömrümə tuş gələn dumanı, çəni
Gözlərinin ruhu çətin unudar.
Bu yer, bu göy sənin bir gülüşündən,
Nazından, qəmzəndən tökülüb qalıb.
Yaddaşı göynədib, könlü üşüdən
Gözünün ruhuna bükülüb qalıb.
Durub ağlayımmı, gülümmü indi? -
Gözlərinin ruhu min hava çalır.
Gözünün ruhuna çəkibdi bu yurd,
Görənin ağlını başından alır.
Gözlərinin ruhudur buludlar,
Gözlərinin ruhu incidir məni.
Gah günəş közərir,
Gah külək əsir,
Bağlayım, ya açım, de, pəncərəmi?
Quyu
Susub çal-çağırı, çalınıb "toyu",
Quruyub axarı, kəsilib suyu,
Yoxdu bu dünyada,
Yoxdu o quyu -
Gedib söyləyəsən pünhan dərdini.
Gedib danışasan filan-filanı,
Nəm-nişan verəsən əfi ilanı,
Dilindən bir kağız verə, inanıb,
Açıb söyləyəsən pünhan dərdini.
Qurbanlıq kəsilib bu quzu, bilə,
Dərd necə əridib bu buzu, bilə,
Düşüb İsgəndərin buynuzu, bilə,
Saxlaya bu quyu pünhan dərdini.
Gedib çınqı altda kötük qoymayan,
Qapına, bacana güdük qoymayan,
Sabah dodağına düdük qoymayan
Quyu axtarıram, yoxdu o quyu.
Göydədi
Kövrəltdin məni, bacılı,
Yenə bir dodaqqaçımın.
Üzünə qapı açımmı? -
Deyim ki, "bəli, öydədi".
"Hay" deyəndə haya hazır,
"Huy" deynədə huya hazır...
Yerdəki ha dua yazır,
Yenə bir dəli göydədi.
Köynək geymişəm kətəndən,
Titrər nəfəsin ötəndə.
Tanrılar yerdə bitəndən
Bəndənin əli göydədi.
Qızım Səmaləyə
Doğru-yalan yol ikili, yol haça,
İmkanımız arzumuzdan balaca.
Belə keçdi bu ömür-gün, balacan,
Yaxın otur, tanı məni, gör məni.
Uman yerdən ağrındım mən, küsdüm mən,
Qəm sarıdan Məcnundan da üstünəm.
Hardan soyuq sazaq əssə üstünə,
Sən o səmtdən divarına hör məni.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!