Müharibə
Müharibə elə soyuq sözdür, oğul!
İlk səsi titrədir ruhumu,
ürpədir dərimi.
Müharibə böyüklərin kiçik zarafatı,
Kiçiklərin böyük tələfatı.
Yer üzündə müharibə,
İnsanlığın mühasirəsidi.
Göy üzündə quş səsinin qətli,
Təyyarə qanadlarından atılan bomba səsidi.
İnsanlıq mühasirəyə düşəndə,
İnsan qəfəsdən buraxılmış yırtıcı olur,
Müharibə addım-addım dağıdıcı olur.
Həyatda hər şeyin iki sifəti,
Müharibənin bir üzü olur:
Qan,
Ayrılıq,
Ölüm!
Müharibə ölənlərə deyil,
Qalanlara zülm.
Müharibə elə soyuq sözdür, oğul!
Get bir şəhid anasını dinlə,
Bir şəhid sevdalısını dinlə,
Onda anlayacaqsan,
Eşqin mühasirəsi nə demək.
Müharibədə bir şüar var - öldürmək!
Əslində, öldürən yoxdur,
Ölən var müharibədə.
Yalnız ölüm var müharibədə.
Müharibə elə soyuq sözdür, oğul!
Yaza da bilmirəm daha.
Əllərim tutmur qələmi,
Ruhumdan vulkantək püskürən insan nalələri,
Dodaqlarımda sırsıra kimi dondurur ölümlər.
Müharibə bu qədər iyrəncdir,
Müharibədə həyat qocadır,
Ölüm gəncdir!
İyrənir adam-adamdan,
Daşların sayı artıq bədən-bədən!
Müharibədən,
Məğlub çıxan məğlubdu,
Qalib çıxan məhkum.
İndi düşün, bu məfhum,
Fəhmində nə pıçıldayır.
Müharibə insan insanlıqdan enəndə başlayır,
İnsan insanlığa ucalanda bitir.
Onda ömür qırmızı xətti keçir,
Tanrının cərimə qəbzində,
Ayrılıq yazır ömrün sayğacı,
Müharibə bu qədər acı!!!
Diləyirəm
Saat burda 00:iki,
Əminəm ki,
Hardasansa, orda saat belədir!
İnan, gülüm, sənsizliyin
Məni elə mələdir
İlan düzdə yayda belə mələmir.
Hamının bəxt yazısında,
Elə ömür lövhəsində,
Bir üstəgəl bir, bir edir,
Məndə elə eləmir!
Məndə birdən bir çıxmışam,
İki edib.
Bu yarımçıq ikinin də
Biri sənlə səndə gedib.
Xəyalının Vəfasıdır
Tutunduğum.
Bil ki, a qurban olduğum
Elnur sənə
Xoşbəxtlikdən başqa heç nə,
Başqa heç nə diləmir.
Budur yaşamaq
Bir yaraya məlhəm deyiləmsə,
Sarğı deyiləmsə qol sınığına,
Sadəcə canlıyam
Girmişəm qabığıma, yaşayıram,
Əgər yaşamaq budursa!
Eşqim fikrimin göyünə,
Fikrim Vətənin hər köyünə
İşıq saçmırsa,
Girmişəm söz qılığına, yaşayıram,
Əgər yaşamaq budursa!
Ürəyimin səkisində
Bir göz iməkləyir.
Ürəyimin hər küncünə dirsək dəyir.
Ağrıyır bir boşluq
Ulartı var içimdə
Bir yalquzaq ulartısı
Pıçıldayıram, döz qulağıma, yaşayıram!
Əgər yaşamaq budursa!
Baxıram başımın üstündən o baxır,
Başımın altında yuxu qarışıq gecə axır
Axı
Bu nə yaşamaqdı?
Hər anı gözəllik,
O gözəllikdə sən varsan, Tanrım!
Sənə aşiqliyimdən başlayan yol
Səndə bitməz heç zaman
Bax, yaşamaq budur
Yaşayıram!
Sevdim
Hər anımda
Damarlarımda
Axdın.
Narkotik aludəçisi kimi
Tutuldum sənə.
Hansı dispanserə aparsalar sağalmaram yenə.
Sən
Sən
Sən
Təkcə əvəz ola bilərsən
Bu boyda boşluğu doldurmağa.
Sənsiz hər yer qaramatdı
Sənsiz işığın göbəyi də zülmətdi.
Sənsiz həyat qəflətdi.
Qafilliyimdən
İstifadə edir hər gedən.
Səni
Qapıçının 11 metrlik zərbəni qaytardığı anda
Özünə vurğunluğu qədər sevirəm.
Hakimin fitini də gözləmirəm
Topu meydana daxil etməyə.
Sən sayıqladığım gecələrimin oyaq vərdişisən.
Sən yuxularımın oğrusu.
Səndən tutub çıxdığım bu dünya quyusu
Elə dərindir ki sənsiz...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!