Ağlayaq getsin
Gəl bu günə də bir ad
Qoyaq, ağlayaq getsin.
Yumsaq, kirpikdən olluq,
Oyaq ağlayaq getsin.
O kimdi, yolun azır? -
Üst-başı yalın azır.
Çox "qəbrəqoyulmaz"ı,
Qoyaq, ağlayaq getsin.
Küllük olub toy yeri,
"Qaragöz boy-boy" yeri,
Nəsimilər boy verir, -
Soyaq, ağlayaq getsin.
Keşik çəkir
Qucaq açdı gülə sinəm,
Bəlkə bir az gülə sinəm.
Gözlərimin giləsinə
Bir damla yaş keşik çəkir.
Həyadan yana tər sinə,
Üz qızara, tər isinə.
Yaxşı ki, deyil tərsinə, -
Ayağa baş keşik çəkir.
Üzdü xəyanət canımı,
Yurda əmanət canımı.
Namərd kəsdirib yanımı,
Əlində daş keşik çəkir.
Alsa ruhunu dərd ələ,
Budur ən böyük dərd elə,
Olub bir sürü dərd ilə,
Bağrım badaş, keşik çəkir.
Ahım haradan haraya...
Yetiş, Yaradan, haraya,
Ölümü qoyub araya,
Göz ilə qaş keşik çəkir.
Ağrıyır
Dərd əkib, qəm biçməkdən,
Qol yerindən ağrıyır.
Kasıb yoxdan, harınsa
Bol yerindən ağrıyır.
Gözlərim oyum-oyum,
Nə baxdım ki, nə doyum?!
Canımı hara qoyum? -
Sol yerindən ağrıyır.
İçimə damcılayır
Çölümün qançırları.
Kürəyim qamçıların
Zol yerindən ağrıyır.
Dünya məhbəs, qəfəs dar,
Ya al, ya ver - nəfəs dar.
Cəmi yaranmış ki var -
"Ol" yerindən ağrıyır.
Sən yer adamı deyilsən
Özün şəklindən qəşəngsən,
Şəklin də özündən gözəl.
Həyat səni düşürməsin,
Heç zaman gözündən, gözəl.
Bu necə bir gözəllikdi? -
Eşqə sığışdırmaq olmur.
Üzündən süzülən nuru,
Yığıb-yığışdırmaq olmur.
Baxırsan həyat dolusu,
Qadınsan - adın üstündə.
Yıxılır evi baxanın,
Kül olur odun üstündə.
Yığış, tez get buralardan,
Sən yer adamı deyilsən!
Gəlişinlə yer üzünü
Tutsun qadamı deyirsən?!
Gör necə əsir etmisən,
Düzü-dünyanı özünə.
Səni görən zindan sanır,
Düzü, dünyanı özünə.
Apar, Tanrım, bu gözəli,
Mələklərə ortaq eylə.
Hamı azad olsun deyə,
Öz hücrəndə dustaq eylə.
Tapdım səni
Gələn yazın həlim-həlim,
Nəfəsində tapdım səni.
Yarpaq-yarpaq, çiçək-çiçək,
Həvəsində tapdım səni.
Adaq-adaq nalçasında,
Budaq-budaq alçasında,
Naxış-naxış xalçasında,
Gəbəsində tapdım səni.
Yerdən, göydən qor umduğu,
Qızmar yayda qar umduğu,
Gəncliyimin qorunduğu,
Həbəsində tapdım səni.
Mələklərin qanadında,
Ruhlar yanar eşq odunda.
Bu dünyanın eşq adında
Kəbəsində tapdım səni.
Yıxıldılar
Səni heçə sayanlar
Heçindən yıxıldılar.
Qurd yemiş ağac kimi
İçindən yıxıldılar.
Əyləndi bic gələnlər,
Öyrəndi gec gələnlər.
Hamıya güc gələnlər,
Gücündən yıxıldılar.
"Bu yiyəsiz sürünün..."
"Arxamızca sürünün..."
Dörd həyat ünsürünün,
Üçündən yıxıldılar.
Allaha uladılar,
Günaha uladılar,
Sabaha uladılar, -
Bugündən yıxıldılar.
Adam olun bir anlıq,
Ərş də, Kürs də bir "O"nluq
Çox gədələr Fironluq
Köçündən yıxıldılar.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!