Şeirlər - Zaur USTAC

 

Hermafrodit

 

Məchulsa, cinsi bir kəsin,

Bəlkə, hermafroditdi...

Adı yoxsa, bir nakəsin,

Bəlkə, hermafroditdi...

 

Qışdı, ya payız bilinmir,

Qovun, ya qarpız bilinmir,

Oğlandı, ya qız bilinmir,

Bəlkə, hermafroditdi...

 

Adamdı, oyux bilinmir,

Bordaxdı, burux bilinmir,

Atdı, ya ulax bilinmir,

Bəlkə, hermafroditdi...

 

Şalğamdı, pazı bilinmir,

Çoxu çox, azı bilinmir,

Ördəyi, qazı bilinmir,

Bəlkə, hermafroditdi...

 

Nə sudadı, nə quruda,

Nə lildədi, nə duruda,

Çatmayıb, qalıb boruda,

Bəlkə, hermafroditdi...

 

Bilinmir hara malıdı,

Ayağında at nalıdı,

Qabağında it yalıdı,

Bəlkə, hermafroditdi...

 

Halından halıdı Ustac;

Dərdi böyük, dərdə möhtac,

Nişanı var, ləçəkli tac,

Bəlkə, hermafroditdi...

 

 

Məşəqqət

 

Yenə çalardan qabaq

Açıram gözlərimi...

Aman Allah, hardayam?

- Qucuram dizlərimi...

 

Elə həmən yerdəyəm;

- "Göyün yeddi qatı"dı,

Hələlik "Koroğlu"yam,

Atım, onun atıdı...

 

Özüm də "Çənlibel"də

Duman, çənə düşmüşəm,

Səhərədək yuxuda

Bişirmişəm, bişmişəm...

 

Elə həmən qatdayam;

Öz evim, öz otağım,

Simurq kimi dözümlü,

Qu qanadlı yatağım...

 

Alt  qonşunun ah-vayı,

Üstdəkinin  cır-cırı...

Sərçələrin cik-ciki,

Xoruzların dır-dırı...

 

Bir yandan qaratoyuq,

Bir yandan da pişiklər...

Oxur sevgi nəğməsi,

- Utanmazlar, düşüklər...

 

"Əldəndışqarı" sözü

Nəsə düşür yadıma...

Sonra nöqsanlarımı

Yükləyirəm adıma.

 

Təxəllüsə sığınıb,

Birtəhər oyanıram...

Hələ alaqaranlıq,

- Bir xeyli dayanıram...

 

Qəfil saat zəng çalır,

Sonra oxunur azan...

Həyətdə süd satanlar

Dınqıldadırlar qazan...

 

Qopur dizimin bağı;

- Xəyalda iydə qoxur...

Hamı əvvəlki kimi,

Sevgi nəğməsin oxur...

 

Ah-vay, cır-cır dayanır,

Susur qaratoyuqlar...

Xoruzun dır-dırına

Cavab vermir toyuqlar...

 

Kəsilir bütün səslər,

Xəyalda iydə qoxur...

Pişiklərsə, aramsız,

Sevgi nəğməsin oxur...

 

 

Təzə söz

 

Təzə söz eşitmişəm,

Göydən Yerə gəlmədi.

Yəqin ki, maraq etdin,

Görən hansı kəlmədi?

 

Səbr et, indi deyərəm,

Kökü Loqos, logiya.

Təptəzəcə elmdir,

Adı "Tapdalogiya".

 

Çox mötəbər ağızdan

Eşitdim lap indicə.

Pek anlamlı kəlmədi,

Mənasına gəlincə.

 

Cığıra düşüb getmək,

Olub tipalogiya.

Ənənəni yaşatmaq

İndi Tapdalogiya.

 

Afərin, bərəkAllah!

Gorun çatlasın, Sabir!

İndi daha sabahdan

Qazilmayacaq qəbir.

 

Yandırıb Ataları

Sovuracağıq külün...

Mən bu işə ağladım,

İstərsəniz siz gülün...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!