"Göy üzünü bir günlük kirayə istəyirəm..." - Şeirlər. Ruslan DOST ƏLİ

 

Siz heç nə bilmirsiz, heç nə bilmirsiz,

mən adam deyildim, adam deyildim.

Hara and içim ki, inanasınız.

 

Hardasan, səhərdən səni gəzirəm,

hardasan, bir topa, bir əlçim bulud!

Həmişə sən yağırdın, biz islanırdıq,

bu dəfə mən yağdım, di gəl çim, bulud.

 

Yağdım ağaclara, yağdım quşlara,

damdım bu evlərin damınnan, di gör.

Bir adam sənintək yağmaqdan ötrü,

gör, nətər keçirmiş canınnan, di gör.

 

Yağdım, bu kəndi də sel-su apardı,

gördüm ki, atama söyür adamlar.

Ay bulud, mən tanrı qapısıyammı,

məni harda tutdu döyür adamlar.

 

Nə qədər istəsən yağım başından,

utanma, utanma, dur, gəl, çim, bulud.

Yağmaq nə gözəlmiş, ah, nə gözəlmiş,

ay bir topa bulud, bir əlçim bulud.

 

Azca yağ dedilər, söydülər məni,

mən bu yer üzünə boşuna gəldim.

Deyəsən, bir tanrı üzümə baxdı,

deyəsən, bir onun xoşuna gəldim.

 

Dedim, mənə dəymə, yağım, yaşayım,

qoy hamı öyrənsin sulu qalmağa.

Gördüm ki, bir yetim uşaq titrədir,

dayandım, yollandım günəş olmağa...

 

Gördüm ki, quruyur bütün ağaclar,

gördüm ki, adamlar su axtarırlar.

Gördüm, susuzluqdan ölür adamlar,

bir qurtum suyu da bölür adamlar.

 

...Özün bil, özün bil, özün bil, bulud.

Daha mən yağmıram, di get, öl, bulud.

 

Baxdım buludların o nəm cildinə,

günəşə boylandım, baxa bilmədim,

qayıtdım, qayıtdım adam cildinə...

 

 

***

Hərə bir zümzümə edir keçmişdən,

hərə içində bir bəstə saxlayır...

Məni bu od-ocaq qızdırmır daha,

məni xatirələr isti saxlayır...

 

Gəlib məhləmizdə az tutmayıblar,

qızlar gəlinciyi, donu əlimdə...

Mən də böyüməyə tərəf qaçardım,

qarğı atım vardı - onun belində...

 

Gedib kitablarda quş axtarardım,

rəsm dəftərimə şəkil çəkməyə...

"Klas"a bir yastı daş axtarardım,

indi daş gəzirəm bir ev tikməyə...

 

Deyimmi, xəlvətcə, ağac başına

çıxıb yuvaları yoxlamağımı;

körpə budaqlardan yay-ox düzəldib,

günahsız göy üzün oxlamağımı?

 

Canım bahasına ala bilmərəm,

suyu qiymətinə satdıqlarımı...

Sonradan səngərdə döyüşən gördüm,

taxta avtomatla "atdıqlarım"ı...

 

Götürüb üstünə adımı yazdım,

bir arxa tulladım, getdi-gəlmədi -

mənim uşaqlığım, ahh... uşaqlığım

kağız gəmilərdə batdı, gəlmədi...

 

 

***

Orucumu pozaram, and içərəm doyunca,

səni inandıraram bu eşqə yol boyunca.

Deyirsən, sevgi nədi, oyuncaqdı, oyuncaq,

olsun, bilməlisən ki, uşaqlar üçün deyil.

 

Baramaqlarını gətir, bir, iki, üç, dörd... sayım,

adını əzbərləyim, gündüzlər sayaqlayım.

Yaxın dur, dodağına bir kəlmə pıçıldayım,

mənim deyəcəyim söz qulaqlar üçün deyil.

 

Tərpənməyə qorxuram, bu eşq ki var canımda,

bircə addım ataram, boğularam qanımda.

Bu əlləri bəs niyə saxlamışam yanımda?

Ay qız, sənin saçların daraqlar üçün deyil.

 

Mən Tanrıdan nə bir din, nə ayə istəyirəm,

nə azan oxumaqçün minarə istəyirəm.

Göy üzünü bir günlük kirayə istəyirəm,

sənə yazacaqlarım varaqlar üçün deyil.

 

 

***

Hava qaralmamış qaralan bulud,

yaxşı hiss eləyir su yoxluğunu;

görür ki, dünyanın ürəyi yanır,

istəyir yatırsın susuzluğunu...

Bəlkə yaşam verir, bəlkə can verir,

hər damcı torpağın bir giləsinə...

Buludlar ağaca bənzəməsə də,

damcılar bənzəyir nar dənəsinə...

 

Fikir ver, torpağın rəngi dəyişir,

göylərdən tökülən sirr... nə gözəldi!..

sakitcə yağışın səsini dinlə,

Allahın bəstəsi... gör, nə gözəldi!..

 

Yolüstü kimisə qonaq aparır,

kiminsə könlünü sevindirməyə...

yağır, analara yardım eləyir,

dəcəl uşaqları geyindirməyə...

 

Bu yağan yağışa otaqdan az bax,

dur, aç pəncərəni, duy yağışları...

Qoyma, tökülsünlər ayağın altda,

öpüb gözün üstə qoy yağışları...

 

 

***

Səni məntək sevməyənlər,

bilirəm, mənnən qəşəngdi.

Adam var, adamdan qəşəng,

gün var ki, günnən qəşəngdi...

 

İslandıqca baxışlar da,

aram dəyir yağışlarnan.

alnım, üzüm qırışlarnan,

saçlarım dənnən qəşəngdi...

 

Ruhum sevgi, səsim sevgi,

quruca nəfəsim - sevgi.

kim nə deyir desin, sevgi,

imandan, dindən qəşəngdi!

 

Səni sözə oxşatmışam,

nə cür görmüşəm, yozmuşam;

sənə bir şeir yazmışam,

incimə, səndən qəşəngdi...

 

 

***

Bu pulun olmayan vaxtı,

deyirəm, noola, bircə dəfə

yeyib-içəsən, deyələr

hesabı şeirnən ödə...

 

Ömrün-günün qara vaxtı,

şeiri bir bəyaz boya san...

bircə səhər üzün gülə:

məktəbə gedən oğlunun

cibinə şeir qoyasan...

 

Yazmağa həvəsin ola,

nəyəsə yaraya şeir...

bir ovuc küldən ötəri

özünü yandırmayasan,

basasan yaraya şeir...

 

Qəm eləmə, qoca şair,

hərf-hərf oxuduğun

alınsa... yaxşı olacaq!

fikri satışa qoymuşam,

alınsa yaxşı olacaq...

 

 

***

Bir fikir var, səhər-axşam

içimi didir, İlahi:

görən dumanlı dağların,

çəkdiyi nədir, İlahi?

 

Heç seçilmir mələyindən,

baş açmıram kələyindən,

bir qız çıxır ürəyimdən,

gör, hara gedir, İlahi?

 

Gizli sənsən, əyan sənsən,

bu dünyaya həyan sənsən,

hamıya göz qoyan sənsən,

səni kim güdür, İlahi?!

 

 

***

Ta bu bir otaqlı evi də satdım,

bilmirəm, vuracam hara şəklini.

Saçların gözünün üstünə düşüb,

bəs niyə demirsən: dara şəklimi...

 

Nə Tanrıya açdım, nə sənə dedim:

mənimçün sevmək də bir sənət idi.

mənim ki ürəyim eşq sənədidi,

vurdum o sənədə ara şəklini.

 

Düzəldim özümü gərək sabahdan,

endirim bu şəkil eşqimi taxtdan.

Öpüb, gözlərimin üstə qoymaqdan

yara eləmişəm, yara, şəklini...

 

 

***

Tale var ki, dumanında dağ azır,

bayraq hazır, tabut hazır, ağ hazır:

ölüm elə bu vətəni hey yazır,

əsgər-əsgər cilidləyir nə vaxtdı...

 

Solan gördüm yaz günündə gülləri,

səngər içir o qırmızı gölləri.

Göy üzünə açdığımız əlləri,

Tanrı tutub kilidləyir nə vaxtdı...

 

Sərhəd boyu dəmir-dəmir ağaclar,

heç nə demir, heç nə demir ağaclar.

Neçə vaxtdı çiçəkləmir ağaclar,

bizim torpaq şəhidləyir nə vaxtdı...

 

 

***

De, yolları bağlasınlar,

gəlmək istəyirəm sənə.

Tanrıdan bircə halımı

bilmək istəyirəm sənə...

 

Yerində dur, nə gəl, nə get,

heç nə demə, bixəbər et.

Vaxtın olsa bir xəbər et,

gülmək istəyirəm sənə...

 

Elə sevir qələm səni,

ən az sevən mənəm səni.

Dur, de ki, sevirəm səni,

ölmək istəyirəm sənə...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!