Səni sevmək dünyanın ən böyük xoşbəxtliyi
Səni sevmək ölmədən cənnəti görmək imiş.
Bütün möcüzələri eyni anda yaşamaq,
Buludlara toxunmaq, göylərə ərmək imiş.
Nə heç kəs toxunmadı ruhuma sənin qədər,
Nə heç nə isitmədi qəlbimi sevgin kimi.
Sən, ey köksü altında günəş gəzdirən adam
Sənə sitayiş etdim Allah kimi, din kimi.
Könlümün ehtiyacı, könlümə qanad adam
Qollarının arası göyün hansı qatıdır?
Bir az dəlisov adam, bir az da inad adam
Eşqin hansı savabın mənə mükafatıdır?
Və mən səndə həm əsir, həm də azadam,
hürrəm.
Və nə yaxşı səninəm, nə yaxşı səndə varam.
Səni doğan ananın əllərindən öpürəm,
Səni ömrümə yazan Tanrıya minnətdaram!
Xəyal qırıqlığı
Güvənib başımı söykədim ancaq
Ağırlıq elədi çiyninə sənin.
Yüz ölçüb, bir biçdim, amma yenə də
Sevgim böyük gəldi əyninə sənin.
Adın gör nə qədər müqəddəs idi,
Öpüb saxlayardım gözlərim üstə.
Sevgin qayğısını çəkdiyim uşaq
Yuxuya gedərdi dizlərim üstə.
Səsindən bir ayrı huzur duyurdum,
Deyirdim elə bil azan səsidir.
Deyirdim, İlahi, bu səs dünyanın
Yəqin ki, sonuncu möcüzəsidir.
Dünya bir yanaydı, sənsə bir yana
Mənimçün özəldin, özəl qalaydın.
Cəhənnəm, sevməyi bilmədin deyək
Barı xatirəmdə gözəl qalaydın.
Dilimdən düşməyən adını indi,
Dilə gətirməyə dilim gəlməyir.
Hər gün səni yazan qələmimi də
Ələ götürməyə əlim gəlməyir.
Sevmək ürək istər, cəsarət istər
Əsla qınamıram qaçdığın üçün.
Əksinə, təşəkkür borcluyam sənə.
Sağ ol, gözlərimi açdığın üçün.
Gec oldu bir azca, amma anladım
Əskik pazlları tapıb düzüncə...
Kəsdim hisslərimin şah damarını,
Sevgimi torpağa verdim az öncə.
***
Yolun açıq olsun, könlümün əfəndisi!
Hələ lap balacaydım, addımlarım kiçikdi,
Bəlkə də sırf bu üzdən xoşbəxtliyə gecikdim.
Əvvəl atam getmişdi üzü üstə buraxıb,
Sonra, nədənsə, anam təkrarladı atamı.
Mənimki ta əzəldən gətirmədi, birdənəm
Həyatımdan getməkçün yarışdı sanki hamı.
Sən də yola düzəldin, oldun hamıdan biri
Mən çoxdan getmələrə alışmışam doğrusu.
Ayrılıq ölüm deyil, sağalar bu yaram da
İslanmışın yağışdan nə vaxt olub qorxusu?
Madam ki, gedəcəksən zamanı vermə bada
Gözlətmə hicran adlı qonağımı qapıda.
Əllərini götür get, götür get nəfəsini
Səndən sonra sevmərəm bir Allah bəndəsini.
"Özünə çox yaxşı bax" de, get gedəndə sən də
Axı bütün gedənlər belə deyir gedəndə.
Onsuz da ki, qalanın aqibəti bəllidir
Bu söz də gedənlərdən ən yaxşı təsəllidir.
Bu qışdan da birtəhər çıxaram, qəm eləmə
Bütün nə ki acım var yükləyərəm qələmə.
Gündüzləri başımı darıxmaqla qataram
Gecələr həsrətinlə qucaqlaşıb yataram.
Xatirələr yarama səpilsə də duz kimi
Ürəyin məndən yana hər an olsun buz kimi.
Uzağı sol tərəfim sızlayacaq arada
Onca dərd öldürmədi, yəqin, öldürməz bu da.
Artıq hökmüm oxunub, düşünülüb gərəyi
Ovutmağa çalışma bu dilbilməz ürəyi.
Get, olmasın bu eşqin gələcəyi, indisi
Get, yolun açıq olsun, könlümün əfəndisi!
Ayrılığın tərifi
Yenə asi ürəyim savaş açıb qədərə,
Tanrı məni əfv etsin, yenə üzünə ağam.
Gecəylə, gündüzlə də ulduzumuz barışmır
Yenə zamanla düşmən, yenə qanlı bıçağam.
Görən nə qədər keçib ayrılığın üstündən
İflic olub divarda saatın əqrəbləri.
Bayaq qınadı məni masamda kağız-qələm,
Bir də məzəmmət ilə süzdü yuxu həbləri.
Durub şəhərə çıxdım fikrim dağılsın deyə,
Neçə yolu, cığırı bir-birinə caladım.
Saymadım neçə dəfə xatirənə ilişdim,
Neçə dəfə adını ard-arda təkrarladım.
Düyünlər boğazıma yığıldı qalaq-qalaq,
Toplayıb ordusunu qəhər üstümə gəldi.
Maşınlar, avtobuslar, piyada keçidləri
Mağazalar, binalar, şəhər üstümə gəldi.
Bilmədim bu nisgildən harda qaçıb gizlənim
Haranın daşın salım ürəyimin başına.
Ayrılığı bu qədər amansız bilməzdim mən
Qəfil tutulmasaydım sənsizlik yağışına
Hər gün dodaqlarımda sükutun cazibəsi,
Gözlərim üfüqlərdə dolanır veyil-veyil.
Bu darıxmaq başqadı, bu həsrət tamam başqa,
Bu ağrının tərifi bildiyin kimi deyil...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!