"Göydə mərmilərlə toqquşur anamızın duaları..." - Şeirlər. Emin PİRİ

 

"O"na məktub

 

Salam, torpaq adam!

Burda həyat

gözlərinin rəngi kimi tez dəyişir.

Əsasən qəhvəyi,

ya da qara.

 

Burda işimizi sorsan;

"imitasiya",

ya da anlayacağın hədəf taxtası.

Arada mərmilər kimisə sığallayır,

ya da qışqırır

hansısa ananın yuxusunda.

 

Göydə mərmilərlə toqquşur

anamızın duaları.

 

Gördüm;

"İki balam var,

Ölmək istəmirəm,

Ölmək istəmərəm" - deyən əsgəri.

Gördüm gözlərində

hələ doğulmamış

körpəsinin ürək çırpıntılarını.

Utandım,

Utandıq.

Baxmadım daha o gözlərə

üz-üzə gəlməməkçün o uşaqla.

Mən utandım

biz utandıq.

Bəlkə o uşaq da utandı bizdən.

Getdik,

o uşağı baş-başa qoyduq atasıyla.

 utandıq...

getdik...

Biz utandıq o gözlərdəki uşaqdan

o uşaq utandı bizdən.

Amma atası utanmadı,

utanmadı...

 

Ən əzizinin, sevdiyinin

yanında olmasını istəmədiyin yerdi.

 

Bir əsgərim var.

Su gətirəndə

pulemyot gülləsi öpdü dizini.

İndi onu görəndə dizlərim ağrıyır.

Susuzluğumuz yatmadı

mayorumuzun ürəyində sərinlədi.

İstidən ürəyi sıxılan bir düşmən mərmisi.

Axı, biz su istəmişdik,

qan yox.

Bəlkə bura Füzuli deyil,

Kərbəladır,  xəbərimiz yox?!

 

Oğullar döyüşür...

Analar yaralanır,

analar şəhid olur.

O oğlanın cəbhədə itən ayaqlarını görərsən

ağsayan o anada.

Gözlərini itirən zabitin gözlərini görərsən

göz yaşı quruyan o ananın yanaqlarında.

O şəhidi görərsən

oğlunun məzarında başdaşına dönən anada.

 

Havada rəqs edən güllələrdən

daha dəcəldir barmaqların.

O güllələr mənə xatırladır

xəyallarımı qıdıqlayan barmaqlarını.

 

Bilirəm, heç inanmırsan

görmədən, bilmədən

şəkillərdən sənə aşiq olduğuma.

Bilirsən, heç bu torpaqları da görməmişdim...

 

 

Qızım

 

Qarabağda və bütün müharibələrdə həlak olan körpələrə ithaf olunur

 

Qızım, görə bilmədim

mənə doğru yerişini.

İndi rəsmlərin

Şəkil-şəkil iməkləyir divarımda.

 

Qızım, başdaşın özündən uca,

məzarın səndən qoca,

sənsə hələ də körpə...

 

Həbsxana köşəsində

qəfəs içindəki quş qədər azaddır

mənim sülh arzularım.

 

Qızım, bütün boş yelləncəklərdə

səni görürəm

görürəm buludsuz səmada bulud kimi,

qaranlıq gecədə günəş kimi.

 

Qızım, saçlarım darıxır -

yolmağınçün,

yanaqlarım çuxura dönüb

yerini doldurmağa -

o quyular totuş barmaqlarına həsrət

həyətim ayaq izlərinə möhtac.

 

Bilirəm, uşaqlar ölmür,

böyüklərdən küsür,

küsür bu dünyadan

və eləcə uçur, gedir...

 

Bağışla,

Bağışla, sənə dəyən güllələri.

Qolundakı metal qırıntısına gülümsə -

bir çimdik bil, böyüklərdən hədiyyə.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!