"Öz haça dilindən asıl, qələmim, Ey Qısır qələmim, Qızıl qələmim!.." - Şeirlər. Sabir RÜSTƏMXANLI

 

 

Qələmimə qəzəbim

 

Öz haça dilindən asıl, qələmim,

Ey Qısır qələmim, Qızıl qələmim!..

 

Qələm ya ağacdan, ya daşdan olar,

Lələkdən, kömürdən, qamışdan olar.

Qızıla tutulan söz qızıldımı,

Qızılla kəsərli söz yazıldımı?

 

Bəlkə çürütdülər mürəkkəbini,

Bəlkə itirmişəm qaynar təbimi?..

 

O zindan yerinə kürsüyə gedən,

O savaş yerinə kürsəyə gedən,

Millətin üzünə yalan püskürən,

Zəhərli gözündən ilan püskürən

O hiylə-vəzifə, o rüşvət-masa

Sənin tufanından yıxılmadısa,

Qanımı içənin qan qohumları,

O can bazarının "yan" qohumları,

Vətənin ruhunu tükənmiş bilən,

Almağı-verməyi rəsmi iş bilən,

Səndəki saf qanı unutdurdusa,

Sənin şöhrətini, sənin gücünü,

Sənin qisasını unutdurdusa -

Get, ağlar qəlbimə qısıl, qələmim.

Get, məzar yerinə köhnə cibimdən

Kəsilmiş dil kimi asıl qələmim!..

 

 

Bitməz yolçuluq

 

Baxırsan yorulmadan - qış qəfəsi qırılır,

Çıxarıb buz gözlüyü, sular baxıb durulur,

Ürək həm azadlığa, həm bahara vurulur,

Mən də Başqırdıstanda baharı duyub keçdim.

 

Sonra dərdli Kirimim... El sürgün, adı qalır,

Torpağın hər qatında qəlbinin odu qalır,

Xaraba yurdlarında bitməz fəryadı qalır,

Göytəpə yollarından qurdtək ulayıb keçdim.

 

Bağçasaray ağlayır, gözünü siləni yox,

Sudağ qalası susur, dərdini biləni yox,

Qəhrəmanlar yer altda, üstünə gələni yox,

Zaman rüzgarı oldum, daşı yalayıb keçdim.

 

Litvada soraqladım o talesiz elləri,

Vilnüsün ortasında dipdiridir dilləri...

Gah ağlayır, gah gülür Karaim gözəlləri,

Yanğımı gözündəki yaşla sulayıb keçdim.

 

Kazanda söhbət açdıq tatarın qüdrətindən,

Dünyaya sığışmayan adından, şöhrətindən,

Kazan ilə Bakının sonsuz məhəbbətindən

Ürəyimdə sevgidən ocaq qalayıb keçdim...

 

Tanrıya vurğunluqla qılınc qurşayan ərlər,

Axdı qitələr boyu, zəfər dalınca zəfər.

Yenə Kama üstündə ucalır minarələr -

Mən də qədim Bolqara duamı yayıb keçdim.

 

Çuvaş xatirələri ürəyimi göynədir,

Xoşbəxtlik qanadında, dəniz nədir, göy nədir?!

Tale sanki ilk dəfə sevilməyi öyrədir;

Bir şairə qəlbini çapıb talayıb keçdim.

 

Qafqazda neçə yurdun məclisində qol açdım,

Orxona, Yeniseyə ilk kərə mən yol açdım.

Kıprısda zəmilərin sarısına bulaşdım

Kərkükdə bir əbədi ocaq qalayıb keçdim...

 

Xivədə danışdılar, sandım ki, Təbrizdəyəm,

Səmərqənddə Oğuzdan miras qalan izdəyəm.

Buxara rəng tufanı, sonsuz bir dənizdəyəm,

Özbəyin qollarına qüvvət diləyib keçdim.

 

Orxonda daşa döndüm, okeana axmadım,

Çin səddinin üstündə Çinə sarı baxmadım,

Monqolla at səyirtdim, bozkırlara sığmadım,

Qoşulub Bəy çayına coşub-çağlayıb keçdim.

 

Tarımda qurduğumu qum qapatdı, qan örtdü,

Tufanlarla gəlmişdim, məni də tufan örtdü.

Kaşqardan gələn karvan taleyimdən yan ötdü,

Təklə-məkan çölündən gizli ağlayıb keçdim.

 

Altay yenə hədəfdə, Uyğur ər savaşında,

Hər daşda bir dastan var yurdun hər savaşından!

Quş olub qanadlandım Üç Sumerin başından,

Tanrıdağda səsimdən haray saxlayıb keçdim.

 

Pazılıgı zamanın naxışı çürütməmiş,

Düşmənin şər toxumu cücərsə də bitməmiş!

Gördüm qaya döşündə yazılarım itməmiş,

Türk güclüdür, ya zaman? Bir də yoxlayıb keçdim!

 

Bu özünə dönüşdü, nə Meteyə, nə Huna,

Elə mənim əlimlə toxunubdur bu hana!

Hər uca aşırımda əyildim dağ ruhuna,

Müqəddəs ağaclara parça bağlayıb keçdim!

 

Marallıqda tər töküb, Altun göldə buzladım,

Qopuz yanıb yaxıldı, dağları qopuzladım,

Qır atlara yetməyə uçaqları sazladım,

Ordumu bayraqladım, yurdu yuğlayıb keçdim!

 

Nə sarsılmaz iradə, nə ulu millət imiş,

Tarixi qabaqlayan nə sirli surət imiş,

Bəlkə babalarımın atları raket imiş,

Günəşi bayraq edib, Ayı oxlayıb keçdim!

 

 

Ey qürbətin dağları

 

Dünyanın hər yerində üz tutduğum dağlardı,

Çayıyla, bulağıyla ilhamımdı... çağlardı,

Dağ olmasa kim məni bu yadlıqda saxlardı? -

Yolları, cığırları, izləri xoş görmüşük,

Ey qürbətin dağları, sizləri xoş görmüşük!

 

Qürbət dedim, küsmədi... Bura da öz elimiz,

"Göy" adında göyləri - imanımız dinimiz.

Bu ad muzeylərində dipdiridir dilimiz -

Tarix etibarında sözləri xoş görmüşük,

Ey qürbətin dağları, sizləri xoş görmüşük!

 

Mənə açdı qəlbini, yabançı gəlsə laldı,

Bu qədər uzaqlıqda bu doğmalıq xəyaldı,

Yollar çəkib aparır, qoy aparsın halaldı...

Qayalar pəncəsində düzləri xoş görmüşük,

Ey qürbətin dağları, sizləri xoş görmüşük!

 

Zirvələrin hər biri - tarixin bir parçası,

Hansına əl uzatsam mənə ürək açası!

Salam, Tanrıdağında buz olmaqdan qaçan su,

Bulaq-bulaq çağlayan gözləri xoş görmüşük,

Ey qürbətin dağları, sizləri xoş görmüşük!

 

Oyan, ey türkün oğlu, gör sərhədin hardadı,

Bir ucalıq dünyan var zirvələri qardadı.

Təkcə qardaşların yox, dağların da dardadır,

Milyon sirrin açarı gözləri xoş görmüşük,

Ey qürbətin dağları, sizləri xoş görmüşük!

 

Nə əbədi dözümdü, nə müqəddəs ucalıq,

Saç bu sayaq ağara, belə gələ qocalıq.

Öz dilində danışsan pıçıltın da ucalar,

Hər qayadan, hər daşdan səs gələr: "xoş görmüşük!"

Ey qürbətin dağları, sizləri xoş görmüşük!

 

 

Yenə gəldim dağlara

 

Yenə gəldim dağlara, sən də mənimlə gəldin,

Üz tutduğum zirvəyə mənimlə bir dikəldin.

Məndən artıq sevindin çiçəklərin mehrinə,

Doğmalaşıb qarışdın qədimliyin sehrinə.

 

Güllərin pıçıltısı sanki sənin dilinmiş,

Bulaqlar saf gözlərin, qovaqlar heykəlinmiş.

Əllərin yarpaq-yarpaq əllərimə toxunur,

Dağ çayının səsində nəğmələrin oxunur.

 

Günəşi salamladım, yenə səndin yanımda,

Sən idin dan yerini alışdıran qanımda!

Yenə gəldim dağlara, yenə yollardayam, tək,

Təklik belə olursa, buna xoşbəxtlik deyək!

 

 

Azadlıq dedim

 

Meydan - şərəf, ləyaqət, yüz illərin həsrəti,

Qaranlıq zindanlardan baş qaldırmaq cürəti,

Əzilmiş bir millətin dirilən cəsarəti,

Yüzillərlə boğulan sözə azadlıq dedim,

Bu dağa, bu dənizə, düzə azadlıq dedim!

 

Yatanları səsimiz oyatdı yuxusundan,

Ayırdı ayrılara əyilmək duyğusundan,

Sıyrıldı sürgünlərin, ölümün qorxusundan,

Kişiliyə, mərdliyə, gücə azadlıq dedim,

Düşmənlərdən alınan öcə azadlıq dedim!

 

Qəddin düzəlsin, Vətən, başını qaldır, ana!

Daha əsir olmarıq hər çovğuna, tufana,

Qanadlandı səsimiz Şahdağdan Savalana,

Parçalanmış Vətənə, yurda azadlıq dedim,

Məkri, şəri uladan Qurda azadlıq dedim!

 

Qayıtsın Dünya boyu yürüyən çağlarımız,

Elə şöhrət gətirən şanlı soraqlarımız,

Sovrulsun tarix külü, yansın ocaqlarımız,

Bu dənizə, bu gölə, çaya azadlıq dedim,

Bayrağımda nur saçan Aya azadlıq dedim!

 

Yenə bahar nəfəsi can versin torpağıma,

Yüz ildə bir son verim, fəryadıma, ahıma,

Soyum, yolum, inancım qayıtsın bu çağıma,

Güneydə əsir olan elə azadlıq dedim,

Göyçəyə, Zəngəzura, Milə Azadlıq dedim!

 

Təbriz, Dərbənd, Borçalı, Kərkük, Urmi, Həmədan,

Gözlərdə eyni arzu, damarlarda eyni qan,

Od alsın Bakımızın sönməz alovlarından,

Hər şəhərə, hər kəndə, köyə Azadlıq dedim,

Tanrı deyib sevdiyim Göyə Azadlıq dedim!

 

 

Atamın xatirəsinə

 

Siyasətdən uzaq dur! -

                        demişdin mənə.

Hökumətə sataşma!

Silahın yox, ordun yox,

Arxanda dayanmağa

Sözü bütöv yurdun yox! -

demişdin mənə.

 

Aradan götürərlər,

İzin-tozun da qalmaz.

Kitabını bağlarlar,

Bircə sözün də qalmaz! -

demişdin mənə.

 

Malımız, mülkümüz yox,

Başımızı soxmağa.

Başqa bir ölkəmiz yox

Ölən yerimiz bura,

Qalan yerimiz bura, -

demişdin mənə.

 

Hər dost deyən dost deyil,

Saxtadır dilində can,

Ayağın büdrəyəndə

Qaçacaqlar arxandan...

demişdin mənə!

 

Mənə çox şey demişdin

Ağlıma batmamışdı.

Mübarizə əzmimi

Heş nə azaltmamışdı.

 

...Məzarın nurla dolsun,

Ey dağlara tən kişi.

Balaca ocağından

Dünyanı görən kişi.

 

 

Ziya Bünyadovu düşünərkən

 

Bir saat öncəydi, ya da ki, dünən,

Ya da əbədiyyət keçib üstündən.

Bir azman cüssəli, bir çinar boylu,

Nağıl dünyasından yadigar insan,

Döşündə göylərdən enən bir ulduz,

Keçirdi Bakının meydanlarından.

 

Keçirdi Bakının küçələrindən.

Yayda da, qışda da başında fəsi,

Fikrində sonuncu həcvi dolanır,

Ya da savaşların ilk xatirəsi.

 

Azadlıq meydanı gözləyir onu,

Meydan da tufanlı ümman kimidir.

Onun qəzəbi də, zarafatı da

Millətin dərdinə dərman kimidir.

 

Gənclik illərində cəbhələr yaran

Sonra yüzilləri adladı bir-bir.

Gördü ki, tarixi qələmlə yazmaq

Qan ilə yazmaqdan asan deyildir!

 

Savaşı bitmədi ancaq düşmənin,

Səngərdən ayrıla bilmədi bir an.

Elmin zirvəsində akademikdi,

Savaş zirvəsində Milli Qəhrəman.

 

Çiynində dağ boyda şöhrəti halal,

Yenə də vuruşur həqiqət üçün.

Savaş meydanından üzüağ çıxan,

Elmin səngərinə tələsir hər gün.

 

Gedir saymazyana yeni döyüşə,

Gülləyə şığıyan bakılı cayıl,

Onun yeddiqatlı söyüşlərindən,

Tutub qulağını qaçır Əzrayıl.

 

Üzünə millətin sevgisi çökmüş,

Qanlı şöhrətini geyib əyninə.

Uzaqda qalsa da dava illəri

Ölümlə göz-gözə yaşayır yenə...

 

 

Bakı vaxtı

 

Yenə yad havadır üstümə əsən,

Yenə yad ellərdə sınanır baxtım.

Bütün işim-gücüm yerli vaxt ilə,

Ancaq ürəyimdə tək "Bakı vaxtı".

 

Üç saat irəli, beş saat geri,

Gecəni gündüzlə əvəzləyib, yaz!

Saat əqrəbini dəyiş yüz dəfə,

Ürək əqrəbinə toxunmaq olmaz.

 

Hər gün xatırladır özünü sənə,

İstehsal olunmur, ürəyim təkdir.

Yerin o üzünə atsan da yenə

"Bakı vaxtı" ilə döyünəcəkdir.

 

Səssiz qayası da bahar nəfəsli

Kainat fırlanır, dəyişir çağlar.

Bakı vaxtıyladı ömrün hər fəsli

Bütün yaşananlar, yaşanacaqlar.

 

Çox da ki, getdiyim yol başa çatır,

Gündüzü uyudum, gecəni gəzdim.

Sevgim də, ömrümün "Bakı vaxtı"dır,

Qəlbim döyündükcə dəyişilməzdir.

 

Şair Məmməd İsmayıla

 

1

 

Yazılarını izləyir, kitablarını oxuyur, uğurlarına sevinirəm; imkan düşəndə Türkiyədə, Azərbaycanda görüşürük. Bu günlərdə mətbuatda onun bir narazılığı gözümə dəydi. Plagiatlığa, şeirinin başqa bir müəllif tərəfindən mənimsənilməsinə etirazını bildirmişdi. Məktub əvəzi bu şeiri yazdım...

 

Bir ovuc dən getmiş söz xırmanından,

Burda haqq aranmaz, haqq gəzən kişi!

Düzlük də qismətdir, azır çox zaman,

Ay əyri dünyada şax gəzən kişi!

Sənə ümidini yedirtdi Ana,

Savaş aclığında tox gəzən kişi!

İlhamla gərilmiş şeirin yayına

Hər gün misra-misra ox gəzən kişi!

İlantək ölümün üstünə uçan,

Əzrayıl ovcunda sağ gəzən kişi!

Tanrıdan nurlanan verməz şərə can,

Ay qaradan keçib, ağ gəzən kişi!

 

Çoxdan görüşmürük, sozalır ocaq,

Yaş artır, bəhrəli zaman azalır.

Ürəyə dammaqdan yazırdın bir vaxt,

Daha qəlbimizdə güman azalır...

Dörd fəsil sıxılıb qış ilə yaya,

Bərəkət gətirən duman azalır.

Sızıltı sırınır sazlı dünyaya,

Harın haraylarda kaman azalır.

Gizlincə sevənlər dönür başına,

Evdə halımıza yanan azalır.

Qanını sorsa da qürbətdə kədər,

Nə ürək yorulur, nə qan azalır!..

 

Ay söz milyonçusu, söz oliqarxı,

Şeirin də öz xumsu, zəkatı varmı?

Nə olsun əl açıb üzünə baxır,

Sədəqə bir fikrin muradı varmı?

Bərəkət haqdandır ehsan verənə,

Yük çatıb getməyə öz atı varmı?

Sərçə yelpiyiylə qoşulsun sənə,

Qartal uçuşuna qanadı varmı?

Deyək ki, sözünlə açdı bir qapı,

Min ürək açmağa inadı varmı?

Hər ağac gücünü kökündə tapır,

Kəsilən budağın həyatı varmı?

 

Bülbül yuvasıydı o kirayə ev,

Biz də pərvazlanan iki nəğməsi.

O cavan Məmməd də qocaldı, heyif,

Di gəl, cığallığa bəhanə gəzir...

Qaranlıq dərələr kəssə yolları,

Onsuz da bəyazdır sözün zirvəsi.

Boğar bazarında milyonçuları

Bir kasıb şairin haqq deyən səsi.

Yoluna göz dikib yenə də dağlar.

Səninçin darıxır Əsrik dərəsi.

Hər evdən bir sazın sifarişi var,

Deyir Sabiri də götürüb gəlsin!..

 

 

2

 

Məmməd İsmayılın Tovuzdakı

evində onun "Ağacdələn,

döy qapımı" şeirini xatırladım

 

Yenə yoldan çayacan səssizcə enir yamac,

Yoxluğunu bilsəm də deyirəm: qapını aç!

Bir qəmli xatirədir, gəlib illər dalından,

Dalaşıb barışmaqdan bezmədiyin o oğlan.

Həyət boş, qapı bağlı, sən də Çanaqqalanda,

Qitələrin qovuşağı seçilməz dar dalandan...

O dərəyə qısılan evciyindən nişan yox,

Nə külək, nə çay səsi... mənimlə danışan yox...

Ya bizlər unutmuşuq dilini bu ocağın.

Ya nəğməsi dəyişib bu otun, bu yarpağın

Buna bənzər bir ev də Yardımlı yamacında,

Buludlardan sıyrılıb, ya asılıb saçından...

Hanı o ağacdələn çıxa sisdən, dumandan.

Bir xəbər ümidindən, bir yalançı gümandan

Ruh kimi, arzu kimi ürəyi silkələyən

"Biz burdayıq, sən harda?

            Qayıt, qayıt, gəl!" deyən.

Ya gecikən bir sevgi şeirini öyə-öyə

Titrək barmaqlarıyla yenə qapını döyə...

Darıxdım o quş üçün, o tale quşu üçün

Kimsəsiz ocaqlara xəyal uçuşu üçün

Allah, yenə nə deyir bu yoxluqdan gələn səs:

"Taxta qapını döyən, dəmir qapını döyməz!".

 

Əsrik, iyul 2020

 

 

Şair Çingiz Əlioğluya

 

Üslub zarafatı

 

Eşik keşikçisi qara kişinin nə işi

şikara şəklənən şirlərin şənliyində.

Yaşamaq şirsiz və şikarsız da şirindir -

şayət şaşırıb şimala daşınım,

ya da aşıqlaşım

aşıb-daşım

şaqraq çeçmə başında!

Şirlər guşəsinin şakəri -

şər-şəbədə...

Nəbadə qoşulasan

Şura şeypurlarının

başlar bişirən yarışlarına.

Ya baş meşəbəyinin

şəxsi guşəsində

şişinə-şupuna düzüləsən manqalın,

ya bişəsən yaşlı aşpazın aşında,

ya asılasan bir şikarçının açılanmış qayışından,

ya da qanadın qırılsın

bir brend uşağının daşından...

Qoş, qoş, qara pişik,

Şu siçan deşiyində

əşyaya ilişibsə qismətin

düşün, nə işin

bu şişman bayquşların

evində, eşiyində

şər şişirdən beşiyində?

Yaşa-yaşa, qara kişmiş kişi,

komanın nə fərqi şah sarayından?

Bura Ulus deyil,

bura Şahlıqdır.

Qara pişik şəninə sataşsa, çaşma.

bu, şadlıqdır.

Aşma aşırımdan şəhərə şaquli,

nəyin var bu şüşə şəbəkələrdə,

dam-daş arasında qardaşmı qalar?

Gəlmişi, keçmişi, gərdişi düşün

Şairin şikarı şöhrətdi, şandı,

Şirlərin şenliyi Şirxanlara aşiyandır.

Şairlər şeir şəmşiriylə şir ovlayandı.

 

Şübhələr peşində yumaqlansa iz

Yollarda pişiklər yatmışdır, şəksiz.

Şərdən şirə tutsa şairlərimiz.

Şimalın şərabı çatmışdır, şəksiz.

 

Şeir keşikçisi qara kişinin,

Bu şirin torpağın dastanı uzun.

Şeir məşəlləri gur yansa, haşa,

Yolu işıqlaşar yüz uğursuzun.

Baş-başa

 

Bir otel köşəsi, bir qürbət diyar...

Hər gözdən bir elin həsrəti daşar.

Gülsün, ya ağlasın bilməyən ərlər

Körpə uşaqlartək verib baş-başa.

Min ağrı, min acı, min dərd baş-başa,

Ərdəbil, Borçalı, Dərbənd baş-başa!

 

Hanı yaylaları, hanı dağları,

Hanı tarixinin bahar çağları,

Ağlayan, sızlayan gur ocaqları?

Qazansız, kösövsüz daşlar baş-başa,

Qılınclar, dəryazlar, xışlar baş-başa!

 

Min ildir tarixin sınağındayıq,

Min ildir dünyanın qınağındayıq,

Düşmən quyusunun qırağındayıq,

Sürgünlər, karvanlar, köçlər baş-başa,

Ağrılar, ümidlər, suçlar baş-başa!..

 

Bakı danışanda Təbriz ağlayır,

Arazda qırılan hər iz ağlayır.

Çaylar quruduqca dəniz ağlayır -

Sahillər, körpülər, yollar baş-başa,

Birkən bir olmayan ellər baş-başa!

 

 

Van Qoqun ayaqqabıları

 

Oxunmamış bir yazı

Kətanının ağında.

Dünyanın bütün tozu,

Bir rəssam ayağında.

 

Bu kətan toz böyüdür

Özü-özündən bəlkə -

Ayağında toz olur

Yer üzü ölkə-ölkə.

 

Köhnə ayaqqabılar

Geyilməkdən bezgindi.

Baş-başa iki qarı,

Bir-birindən deyingən,

Bir-birindən əzgindi...

 

 

Şeir məzarı

 

Günəşlə, işıqla, səhərlə birgə

Doğulur ömrümə hər gün bir şeir.

Bəlkə də göylərdən əl üzdüyündən,

Mənim ürəyimə sürgün bir şeir.

 

O daim tələsir, o daim yanır

İnanır nəyinsə bitəcəyinə.

Dilimdən qopantək bir yol başlayıb,

Əsl ünvanına yetəcəyinə.

 

Özüm də bilmirəm niyə doğuldum,

Bəlkə ilahidən bir səsdir ömrüm,

Bəlkə mən özüm də sürgün yeriyəm,

Bülbül nəğmələrə qəfəsdir ömrüm?

 

Şeirin də taleyi bir sirrə bağlı,

Biri günahkardı, izləyəni var.

Bu boyda dünyada yer tapmır biri,

Birinin yüz yerdə gözləyəni var.

 

Birinin fikrimdə yetişdi sonu,

Biri deyilməmiş sonunu bəklər.

Odlu söz dilimin ucunda yanır,

Qorxur eşidilsə söndürəcəklər.

 

Bizim başımıza nırx qoyanların

Başının üstündə ucalır sözüm.

Ya da ki, boğulur öz qəfəsində,

Dilimə gəlmədən qocalır sözüm.

 

Bir gün bağlananda zindan qapısı,

Mənim öz cəzam da yetəndə başa,

Yaza bilmədiyim şeirlərimə

Bir məzar qazılsın qəbrimlə qoşa.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!