Ruhumla yazmışam
şeirlərimi
Təbim ya nəslimdən, ya haqdan gəlib,
Dumduru su kimi bulaqdan gəlib.
Avazı yaxından-uzaqdan gəlib
Bağrıma basdığım şeirlərimin.
Sanmayın hardasa xətrimə dəyib.
Könlümün "qapısın" dost kimi döyüb.
Dözmüşəm "nazına" "əynimə geyib",
"Ütüsün" pozduğum şeirlərimin.
Qoymayıb islanam yağışda-qarda,
Qolumdan yapışıb çətində, darda.
"Şəklinə" baxmışam axar sularda,
"Yuxusun" yozduğum şeirlərimin.
Hamıya bəllidir sənətim, peşəm,
Söz məni qoymayıb heç kökdən düşəm.
Sonunda bir zərrə işıq görmüşəm,
İçində azdığım şeirlərimin.
Bəzən misa-misra sızlayıb qanda,
Gözümdən düşəndə "ölüb" bir anda.
Ahı ərşə qalxıb, cırıb atanda,
"Qəbrini" qazdığım şeirlərimin.
Çiynimdə o, ağır bir yük olmayıb,
Qarşımda nə yoxuş, nə dik olmayıb.
Kölgəsi üstümdən əskik olmayıb,
Ruhumla yazdığım şeirlərimin...
Böyük Mərcanlıdan bir qatar keçir
Uzun illərdən bəri uzaq qürbət eldə
ata yurdumuz Cəbrayılın-Böyük
Mərcanlının həsrətiylə yaşayan
eloğlum Anar Natiq oğluna
Böyük Mərcanlıdan bir qatar keçir,
Fit çalıb səsləyir doğma yolları.
Böyük Mərcanlıdan bir qatar keçir,
İsinir relslərin polad qolları.
Mahmudlu, Soltanlı, Qumlaq anbaan,
Göz dikir qatarın yoluna yenə.
Açıb qollarını Hacı Qaraman
Şükr edir Tanrının böyüklüyünə.
Yenə Cəbrayılda günəş nur saçır,
Topcağa, Gəyənə tanış səs düşür.
Diridə al-əlvan çiçəklər açır,
Qatarı görməkçün bəhsə-bəhs düşür...
Elə bil tələsir Muğana Araz.
Sular soraq verir Xudafərindən.
Çatır Ağoğlana, Teyə xoş avaz,
Ulu Tumasata qalxır yerindən.
Həkəri, Mincivan, Ağbənd... bir anda
Çıxır pişvazına gələn qatarın.
Toy-büsat iz salır ürəkdə-canda,
Avazı durulur kamanın, tarın.
Böyük Mərcanlıdan bir qatar keçir,
Yönü Naxçıvana, üzü Şərura.
Zəngəzur özünə təzə yol seçir,
Boyanır yurd-oba işığa-nura...
Hər eldə Zəfərdən bir nişanə var,
Haqqa tapınanın qatlanmaz dizi.
Böyük Mərcanlıya yön alan qatar,
Doğma torpaqlara səsləyir bizi.
Sonrası nə ola, ola
Bir də ələ düşməz ömrün bu çağı,
Dolaşaq hər yanı dərviş sayağı.
Hərdən gözdolusu aranı-dağı,
Seyr edək, sonrası nə ola, ola!
Bizi zəmanəmi odlara yaxdı?
Dumduru sular da bulanıb axdı.
Gərəksə, yüyürüb vədəni-vaxtı
Gəl ötək, sonrası nə ola, ola!..
Bəlkə sığınmayaq nisgilə-aha,
Gördünmü, ölüm də hər şeydən baha?
Qoymayaq bir istək qalsın sabaha,
Qalx gedək, sonrası nə ola, ola!
Gedəsən
Çıxasan dağlara uzanan yola,
Nə sağa dönəsən, nə də ki sola.
Əl-ayaq dəyməyən bir yerin ola,
Dərdini-qəmini atıb gedəsən.
Nur saça yamacda daşlar od kimi,
Kəsməyə qarşını duman yad kimi.
Şimşək kişnəyəndə kəhər at kimi,
Küləyin "yalına" yatıb gedəsən.
Könlünü oxşaya yamyaşıl meşə,
Dərədən dırmanıb qalxasan döşə.
Buludun kölgəsi üstünə düşə,
Sübh çağı hey şehə batıb gedəsən.
Xoş keçən anların gəlməyə sana,
Darta ayaqların səni hər yana.
Qarşına xallı bir kəpənək qona,
Bir azca yüyürüb, yortub gedəsən.
Hərdən islananda yağan yağışda,
Qaçıb dayanasan "çətir" koğuşda.
Qəfildən büdrəsən sərt bir yoxuşda,
Sal daşın "əlindən" tutub gedəsən.
Uzaqdan baxasan "əkin-biçinə",
Dönməyə hövsələn şeytana, cinə.
Qayıdıb çıxanda adam içinə
Özün-öz yükünü dartıb gedəsən.
Danışdım
Lal həsrətim kəsilməyən giziltim,
Həyat məni bərkə çəkdi, üzüldüm.
Kipriyimdən damla-damla süzüldüm,
Söz közərdi, səs boğuldu, danışdım.
Məna gəzdim avazda da, səsdə də,
Dilə gəldim hərdən zildə-pəsdə də.
Hərdən əsdim bir kəlmənin üstə də,
Ürəyimə dərd yığıldı, danışdım.
Tale baxmaz nə ağıla, nə gücə,
Bəlkə alın yazısıymış eləcə.
Dəli könlüm havalandı bu gecə,
Can sızladı, qəlb sıxıldı, danışdım.
Heç bilmədim sular duru axdımı,
Ötən günlər dönüb geri baxdımı?
Əbəs yerə itirmədim vaxtımı,
Bu da elə bir nağıldı, danışdım.
Şairlər
Mələk kimi göydən enib gəldilər,
İlham köhlənini minib gəldilər.
Haqqın işığına dönüb gəldilər,
Nur timsallı, yel qanadlı şairlər.
Kimisi vəsf etdi şahın tacını,
Kimisi daşıdı ağrı-acını.
Gedib salamladı dar ağacını,
Bir az çılğın, bir odlu şairlər.
Nə ilahi varlıqdılar, nə bəndə
Nə şəhərə sığışıblar, nə kəndə.
Gözəlləri tez salıblar kəməndə,
Şərbət kimi "şirin-dadlı" şairlər.
Nisgilə də deyibdilər, mey-məzə,
Bəziləri zarafatcıl-baməzə.
Sənət meydanında çıxıblar üzə,
Gah piyada, gah da "atlı", şairlər.
Neçə-neçə kəlməyə dad veriblər,
Hər çiçəyə, hər gülə ad veriblər.
Qəlbə işıq, eşqə qanad veriblər,
Qaynar təbli, istedadlı şairlər.
Nədənsə
Yoxmuş insanlığın "əlinin duzu",
Yaxşılıq nədənsə tez yaddan çıxır.
Xoş söz əritməsə qəlbdəki buzu,
Sonda qaşınmayan yerdən qan çıxır.
Şirin xəyallarla ovunur insan,
Kim deyir yalanın ömrü az olur?
Ürək heydən düşüb üzüləndə can,
Adamın çöhrəsi tanınmaz olur.
Ömrü uzun imiç nisgilin-qəmin,
Dərd əhli bilir ki, sızlamaq nədir.
Nədənsə əzəldən bir ağlı kəmin,
Bəxti yeyn olur-çox qəribədir...
Sönür əzəl-axır od da, ocaq da,
Şan-şöhrət çoxunu yaman çaşdırır.
Zülmət kök atanda küncdə-bucaqda,
Şüşə parçası da göz qamaşdırır.
Vaxt-vədə bir yeyin köhnə fırfıra,
Qarışıq səslərdən baş gicəllənir.
Yerlər səhv düşəndə pozulur sıra,
Əcəl qəfil gəlir, kəsilir hənir.
Gizli bir ucu var hər müşkül işin,
Ürək korun-korun yanan ocaqdır.
Sevinc-qüssə yüklü ömür sərnişin,
Ölümsə sonuncu dayanacaqdır.
Bizim ulduzumuz barışmaz daha
Demirəm üzümə son dəfə bax get,
Gedirsən yaxşı yol, ləngimə, çıx get.
Dözərəm, günahı üstümə yıx get -
Bizim ulduzumuz barışmaz daha!
Məni öz yolumdan döndərən də sən,
Bəxti "cin atı"na mindirən də sən.
Bir eşqin şamını söndürən də sən -
Bizim ulduzumuz barışmaz daha!
Söz var ki zəhərdən acıymış, acı
Dönük bir istəyin varmı əlacı?
Bax, bu da sevginin son yolayrıcı -
Bizim ulduzumuz barışmaz daha!
Niyə döndün yada, sən bilə-bilə,
Közərən ruhumu çevirdin külə.
Təzədən qarşıma çıxsan da belə -
Bizim ulduzumuz barışmaz daha!..
Ötəri bir istək gəldi-gedərmiş,
Dönük üzlü eşqin sonu kədərmiş.
Heç demə, yolumuz bura qədərmiş,
Bizim ulduzumuz barışmaz daha!
Keşkə gəlməyəydim
bu dünyaya mən
Bir vaxtlar zülmətdən atlanıb gəldim,
Közərə-közərə odlanıb gəldim.
Şeytanın dilinə aldanıb gəldim -
Keşkə gəlməyəydim bu dünyaya mən!
Gördüm doğmasını-yadını, gördüm,
İçinin ən kirli qatını gördüm.
Köksündə cəhənnəm odunu gördüm -
Keşkə gəlməyəydim bu dünyaya mən!
Halallığın qəddin bükə bilirmiş,
Düz sözün gözünü tökə bilirmiş..
Çoxunun torbasın tikə bilirmiş -
Keşkə gəlməyəydim bu dünyaya mən!
Sonda verdiyini alanmış demə,
Adamı ilantək çalanmış demə.
Təpədən dırnağa yalanmış demə -
Keşkə gəlməyəydim bu dünyaya mən!
Xoş üz göstərməyir kasıba-aca,
Biət edir zülmkara, taxt-taca.
Nə açıq qapıdır, nə bağlı baca -
Keşkə gəlməyəydim bu dünyaya mən!
Görünən nə sonu, nə ilki deyil
Dərdi-səri nə bir, nə iki deyil,
Dəyişib büsbütün, əzəlki deyil -
Keşkə gəlməyəydim bu dünyaya mən!
Gözü kölgəli deyiləm
Nə od, nə ocaq hisiyəm,
Nə də nəfsin köləsiyəm.
Allahın dinc bəndəsiyəm -
Hirsli-hikkəli deyiləm.
Mən gül əkib, tikan dərən,
Ömrüm-günüm pərən-pərən.
Yetənin üstə çəmkirən -
Ağlı zədəli deyiləm.
Hökmünü gördüm hər anın,
Kəsmədim haqsızın yanın.
Bu sərsəm-dəli dünyanın -
Sonu, əzəli deyiləm.
Demirəm günəşəm-ayam,
Sərvətimdir abrım-həyam.
"Kəhər atlı" qarışqayam -
Qansoran zəli deyiləm.
Şeir şehli bar çiçəyim,
Xoş söz gözəlim-göyçəyim.
Halallıq dilim-dilçəyim -
Gözü kölgəli deyiləm.
Bir il də adlayıb keçdi beləcə
Gah erkən oyanıb, çox gec də yatdıq,
Gah da başımızı yalanla qatdıq.
Nə əzəldən qopduq, nə sona çatdıq,
Bilmədik sabahdır, yoxsa ki, gecə -
Bir il də ömürdən keçdi beləcə!
Heç demə yüyürüb-yortmaq çətinmiş,
Bəxtin yaxasından dartmaq çətinmiş.
Azala-azala artmaq çətinmiş,
Haqdan üz döndərib, baş əydik gücə -
Bir il də ömürdən keçdi beləcə!
Hərdən damla-damla durulduq bir az,
Ölümün boynuna sarıldıq bir az.
Bəxti qova-qova yorulduq bir az,
Qaçsaq da qoşula bilmədik köçə -
Bir il də ömürdən keçdi beləcə!
Quş kimi budaqdan-budağa qonduq,
Şirin yalanlara uyub, inandıq.
Arzunu-həvəsi bələdçi sandıq,
Tutdu qolumuzdan gah yol, gah küçə -
Bir il də ömürdən keçdi beləcə!
Mingəçevir şəhəri
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!