ZAMAN NӘDİR, SAÇLARINI TÖKÜB GEDӘN YEL,
TARİX NӘDİR, ӘLİNDӘKİ BİR DAŞ PARÇASI…
YADINDA DEYİL...
Bu sahildə nə olmuşdu, nə hadisəydi
Nəmiş qumlar dilə gəlib bir şey desəydi.
Bahar buludunu gün təkliyirdi,
Daşlar, qayalar da çiçəkliyirdi.
Qan qırmızı gül açırdı damarında qan
Quş qanadlı, yaz inadlı o hiss, həyəcan
Can atırdı bir naməlum gələcəyə, can
Çaylar daşıb, sellər gedib su çəkildisə
Qumsallara hopub gedən o su-ömürsə
Susacaqsan sən deyəni tale demirsə
Dünənəcən var olanlar yoxmuş elə bil
On il bundan əvvəl idi, ya da milyon il
Yadında deyil.
Yazdan qışa, başdan sona bu bir ömürmü,
Əvvəl-axır axıb-axıb Kür Xəzər olur…
Yarpaq açan hər ağacın sonu kömürmü?
Zaman içi yolçuluqda gül, xəzəl olur
Ha baxırsan bu axının sonu görünmür.
Əvvəl qalıb məchullarda sondan xəbər yox,
(Nə baxırsan yox olana, yox deyil hər yox)
Gözdən uzaq torpaqların zinrik qatından
Toxum olub yaza çıxar qışın yadından.
Yaşadığın hansı bahar, hansı qış idi
Bir misranın qanadında uçan quş idin…
Harda qaldı dalğalanan sünbül otları
Yağmurlara xəlbir olan yaz buludları,
Göz yaşını bulaq edən ilk sevgi harda
Harda, hansı qışda, hansı baharda
Ürəyinə sevgi dolan hansı yazıydı
Yermi göyün, göymü yerin əlifbasıydı
Günəş tanrı kəlamının ilk misrasıydı…
Yaşanılan hansı çağın macərasıydı
Harasıydı,vaxt əvvəli,vaxt sonrasıydı?
Addımbaşı üzə durar vaxtın gileyi
(Ayrılığın qürbət adlı ağrıları, -
Ağrıların ortalığa çıxardığı doğruları…)
Bir də geri dönməyəcək ilahi anlar…
Ya milyon il əvvəl idi, ya da dünəndi
Hara getdi ömür adlı yaddan çıxanlar?
Yoxsa elə yaddan çıxan yada dönəndi…
ATAM UKRAYNADA ŞƏHİD OLUB,
İKİNCİ DÜNYA SAVAŞINDA…
Ömrünün iyirmi doqquz yaşında,
Atam Ukraynada şəhid olub
İkinci Dünya savaşında…
Onun yatdığı,
Şəhidliyə çatdığı torpaqdı - Ukrayna torpaqları…
Müqəddəsdən müqəddəsdi
Ataların yatdığı torpaq!
Müqəddəsim mənim - Ukrayna
Necə hay verim hayına?!
İndi Ukraynanın göylərində işğalçılara qarşı üsyan edən
Şəhid ataların müqəddəs ruhudu.
Qisas qiyamətə qalmaz deyərlər
İştə alınan qisas budur.
Dünya ekranlarında göz yaşları
sel olub axan uşaqlar…
Kimsə bilməsə də mən bilirəm
Atadan yetim qalan hər uşaqla
Dünya da yetim qalır…
Orda, Ukraynada yetimlərin fəryadı
Ürəkləri dağlar.
Ağlayan o uşaq deyil ki, mənəm
Orda o uşağın yetim gözüylə
Səksən il əvvəlin Məmmədi ağlar.
BİLMİRƏM…
Ey sahibi dünya adlı bu xanın,
Yer qalıbmı ətəyində çuxanın?
Özü olmaz öz yadından çıxanın,
Bəlkə sənin yadındayam, bilmirəm.
Bəxt saatı irəlimi, gerimi
Ad mənimdi yazan yazdı şeirimi
Ha axtardım tapamadım yerimi
Aşkardayam, batindəyəm, bilmirəm.
Qürbət ömrü 80-90 yaşında.
Uzaq vətən kim kimi savaşında…
Harasında? Ürəyinin başında,
Qaşlarının çatındayam, bilmirəm…
Özün boyda ümid vardı adında
İşarə ver, qalmışammı yadında
Hayandayam yerin yeddi qatında,
Göyün yeddi qatındayam, bilmirəm…
YAXŞI ADAM
Müqayisəsi yox
Yaxşı adam elə yaxşı adamdı.
Ümidsiz gündüzlərə son ümid
Qaranlıq gecələrə şamdı,
Özü boyda inamdı.
Fərqinə varsan işdi
Damazlıq toxum kimi seçilmişdi…
Yaxşı adam ağatlı oğlandı,
Bəy oğlu bəy,
Xan oğlu xandı.
Etdiklərinin osanata keçəcəyinə
Düşündüklərinin mütləq həyata keçəcəyinə
Bəxtin yox, fikrin uğur gətirəcəyinə inandı!
Yalançı adları, mükafatları dəyərdən salandı,
Özü bir tarixdi, sözü tarixdə qalandı.
Adını çəksəm inciyər,
Bilənlər bilir,
Yeri haqqın dərgahı
Düşməni yalandı.
Evsizlərə ev-eşik,
İlhamsızlara ilhamdı.
Özü bütöv, sözü tamdı,
Yaxşı adam elə yaxşı adamdı…
XXX
Ağac kökünə məhkum,
Heyvanın boynunda ip
Başı sahilə bağlı
Qayıqlar dalğalarda
Çırpınır qərib-qərib…
Dərdin könül zirvəsi,
Dərənin dağ başı var.
Yolun cığır əvvəli,
Çayın bulaq başı var…
Durub әlin qaşında
Sağ əli, sağ başıymış.
Ömrün uzaq başında
Ölüm uzaq başıymış…
XXX
Dünyada tək bir adam,
Bir adam, bircə adam
bilirsə bir suçunu
Özgə ələ vermisən
deməli öz əlinlə
haçansa ipucunu…
Ya ekrandan, efirdən,
Ya da durduğu yerdən
Göz eləsə, neylərsən?
Verdiyin ipucunu,
çözələsə, neylərsən?
GƏLMƏZ
Ömür çürüyəli qürbət ellərdə
Gələr duman kimi dərd pərdə-pərdə.
Qışlar sovuşar da, yazlar gələr də
Baxdının sən deyən baharı gəlməz...
Qulaq aramada gözü ac səda
Qəm yemə, qəm yemək ehtiyacsa da
Dərd könül bağında çiçək açsa da
Şəhdini çəkməyə bir arı gəlməz.
Qədri bilinməzmiş qədir bilənin
Böyük dərdi varmış kiçik çilənin
Yolunu gözləmə bəxt deyilənin
Düşüb biz tərəfə güzarı, gəlməz.
Qürbət diyarlarda talan ömrünün
Gerçəklər içində yalan ömrünün
Sanılı günləri qalan ömrünün
Bir də açılacaq bazarı gəlməz.
DÜNYA QƏBİR YERİ KİMİ DAR…
Bir səndin kimsəsiz, bir Allah kərim
Və elə bilirdin yol gedir yaza
Sonra yoldəyişən oldu səhvlərin
Dəyişdi yolunu bir çıxılmaza..
Vətən suçəkən,
Qürbət bir gözəgörünməz ipdi.
Eheyyy bəylə bostan əkən,
Sənmi qəribsən, dünyamı qəribdi?
Getdiyin bütün yollar çıxaqdı,
Yaddan çıxmağa gedir.
Udmağa ağzı açıq
Dünya qəbir yeri kimi dar;
Çıxa bilirsən çıx,
Qurtara bilirsən, qurtar…
YOXMU XƏBƏRİN
(Hərdən belə şeirlər də yazılır)
Varlıq arayarkən yoxun heçində
Çıxdın yollarıma ömrün gecində
Alovmu, atəşmi nə var içində
Özünün özündən yoxmu xəbərin?
Daha qocalıqdan etməm gileylər
Ürək nə istəsə dil onu söylər.
Girib aramızda elçilik eylər
Beş kəlmə sözündən yoxmu xəbərin?
Ağıl gəzilməz ki, sevdalı başda
İnsani səbirdən çatlayar daş da
Başıma nə gəlsə gələr
bu yaşda
Tək sənin üzündən yoxmu xəbərin?
Bəlkə gün gecənin, ay gündüzünmüş,
Bəlkə düz əyrinin, əyri düzünmüş.
Bəlkə sənsizliyin adı hüzünmüş,
Dünyəvi hüzündən yoxmu xəbərin?
MƏNİM HALIM
Durmaz nə gecəsi, nə gündüzü var
Dərədə təngiyən çay mənim halım.
Halımı soruşma, halımı sorsan,
Göydə dilimlənən ay mənim halım.
Yaz ötüb, yay itib, payızı yox say
Taleyin ardınca axsa ha axsa
Olumdan ölümə ömür bir oxsa
Tarıma çəkilən yay mənin halım.
Dünyamı dağılar bir babda dursan
Bu zay zəmanədə nə zay olursan?
Hərdən may, hərdən də boz ay olursan
Mən sənə nə deyim ay mənim halım?
Yoxsa yarımadın oğuldan, qızdan
Doxsan yollarında dərdin bu üzdən
Nə yazdan payı var, nə də payızdan
Aralıqda qalan yay mənim halım.
Nə dedin vermədim, bu mən, bu da sən?
Ruhunun kökü də həsrət üstədi.
Qəriblik qürbətdə qəribsəyəndə
Sənimi özünə yoldaş istədi,
Ömrün üçdə biri - qürbət əsiri
Vay mənim başıma,vay mənim halım.
ARZULARIN UZAĞINDA...
Ovçunun fikri ovladı
Nəyim varsa buxovladı
Arxama düşüb qovladı,
Qaçar olsam qabağından.
Bu yolda itsin, itməsin
Əkdi, ümidi bitməsin?
Nə söz qaldı eşitməsin
Bietibar dodağından.
Gözü dünyadan su içməz
Ürəyinin közü keçməz.
Qocalığın sözü keçməz
Heyif cavanlıq çağından...
Canım yolunda sər verə
Əsər etdi, əsər verə.
Bəlkə rüzgar xəbər verə
Yaxınından, uzağından.
Könül viranələr yurdu
Boş-boşuna xəyal qurdu
Nə olsun ki, bəxt umurdu
Arzuların uzağından...
SӘSSİZ DUALAR…
Göndәrsәm dә xeyri nә fikir teleqramları
Eşitdim ki, xәstәsәn halın özündә deyil
Qanımı qaraldıb qürbәtin axşamları
Dünya gözündә deyil.
Dilәklәrin çatarmı әlin çatmayan yerә
Ümidlәr qapalısa yolçu durar, yol durar.
Gәmilәrin SOS sәsi batana ümid verәr
Aradakı boşluğu xatirәlәr doldurar.
Kömәyәmi çağırsam mәlәklәri, cinlәri
Nәyә yarar ümidin boşa çıxan әllәri?
Nә qürbәt durnaları, poçta göyәrçinlәri
Nә Füzuli nәfәsli bәxtin sәhәr yellәri…
Keçmişindәn xәbәri varmı gәlәcәklәrin
Bәxtlә bәhsә girәnlәr qismәtindәn yarımır?
Çatmaz sәnә zәnglәrim, ümidsiz dilәklәrim
Bәlkә Allah eşidә sәssiz dualarımı…
KÖNÜL ARZULARIN SOLDU QURAQDA…
- Gəl diyən vətənim, gələyim hardan
Gəlməyə bir səbəb qalıbmı, gəlim?
Atam cəbhələrdən, anam məzardan
Yolunu geriyə salıbmı, gəlim?
Könül istəməzmi geri gəlməyə.
Söz ola, deməyə yeri gəlməyə…
Zalımlar qoymasa, diri gəlməyə
Əcələ qoşulub ölübmü gəlim?
Bir əli torpaqda, bir əli haqda
Könül arzularım soldu quraqda
Əlfimi çaşdıran qismətə, baxta,
Bu qoca yaşımda qalibmi gəlim?!
SӘN DӘ QOCALDIN
Ümid, ümidini kәs demәzdi ki
Arzu yaşamağa bәs demәzdi ki
Ürәk gocalığı istәmәzdi ki
Çıxıb ürәyindәn gendә qocaldın.
Hardasan yerişi yer yaran oğlan
Dәhnәsi dağılan, suyu soğulan
Cavanlıq görmür ki, yetim doğulan
Dünyaya gәldiyin gündә qocaldın.
Başının üstündәn gәl deyir evrәn,
Ayağın altını qazmada çevrәn.
Әl-әlә verdilәr zamanla dövran
Sәni dә saldılar bәndә, qocaldın...
Çoxala-çoxala ömrün illәri
“Ağ günә çıxartdı” qara tellәri
Qocalmam deyirdin, qürbәt əllәri
Sәni dә qocaltdı, sәn dә qocaldın.
SON ŞӘKİL
Ölmәmişdәn ölüm hüznü çökәr şәkillәrdәn birinә
Ölәrsәn, ona baxarlar sәnin yerinә.
Bu görüntün qalsın deyә adamların xatirindә,
Yәqin, elә o şәklini asacaqlar yas çadırında.
Qürbәtin şәklidi,
Ömrün çәtindәn çәtin şәklidir.
Bir şәkildә birlәşir
Uşaqlıq, gәnclik, qocalıq.
Fәrqi yox – әlli, altmış, ya elә sәksәn ildi,
Son qalıq;
Ömür elә yas çadırında qalan son şәkildi…
SӘKSӘNİ KEÇMİŞSӘ YAŞIN
Sәksәni keçmişsә yaşın
Ayaqlarından öncә sәkkiz yazırsa yaddaşın
Qabından daşıb tökülürsә su,
Sonuncu üksüyünә qәdәr dolursa pәtәk, -
Möhlәt bitmişdir demək…
Bu 70-80 il
Hardan keçdi deyirsәn
Alnının qırışından,
Kim-kimi yarışından
Ölümün bir qarışından keçdi...
Bundan sonra nə təmənnalı
Ünvan gərəkdi, nə şöhrət;
Sulara axmağın,
Şimşәyә çaxmağın
Qönçəyə açmağın
Sirrini öyrәdәn Tanrı
Bizə dә səbri, səbr etməyi öyrәt.
NӘDİR BƏLӘ GӘMİLӘRİN ÇIXARDIĞI SOS
Bu yerlәrә gәlişin xoş bir tәsadüfmüdür
Zәrurәtlәr doğarmış tale tәsadüfündәn…
Qismәtinә çıxan nәymiş, qismәtә bax ki,
Gәlişinә qucaq açıb qürbәt qolları
Torpaq yolu, hava yolu, su yolu yox ki,
Sәni alıb aparmada tale yolları…
Aşağıda mürgü döyәn Troya, Asos
Yuxarıda Qaz dağları - İda dağları
Nәdir belә gәmilәrin çıxardığı SOS
Yoxsa dәrdә hamilәdir yol uzaqları…
Göylәrә bax, buludları dağılan huşsa
Neçә sirrin cavabı var “niyә”dә, “nә”dә…
Bu dağların bulaqları çaya qovuşsa
Tәsadüflәr yönlәndirsә fәrdi millәtә…
Çanaqqala - bir ulusun qan yaddaşları
Tarixindәn bir kimsәnin üzü qızarmaz.
Gәldiyini bilmәdisә sahil daşları,
Dönüb getsәn, getdiyinin fәrqinә varmaz.
Nәlәr çәkdin qürbәt eldә bilirmi yurdun
Qәrib, qürbәt dәnizindә sınıq gәmiymiş
Şahidisәn uzun-uzun yaşayıb gördün
Bir qәrinә qәrib eldә bir an kimiymiş.
İki qitә arasında qalıb Dardanel,
Nәlәr çәkmiş bu yerlәrә haqqın fırçası.
Zaman nәdir, saçlarını töküb gedәn yel,
Tarix nәdir, әlindәki bir daş parçası…
BU DÜŞDÜYÜM BӘLADAN AĞLIN NӘ KӘSİR, ALLAH
Vətən qürbət arası ağlım bir şey kəsmədi
Hayandadır insanın ağlının kәsәn yeri?
Göyün qapısı bağlı, yerin günahı nədi,
Daha şeytanlar tutub mələklər gəzən yeri…
Gecəni gündüz edib qarışdırdıq zamanı
Mayasına nə qatdıq ki, südü yoğurd elədim.
Bir ürəkdə barışdırıb yaxşı ilə yamanı
Bir bədəni min kədərə dəyişməz yurd elədim.
Çıxdım tale turlarına Yeri yer-yurd elədim.
Allah özü şahidimdir, ən çətin anımda da
Ürəyimin nəğməsində adını vird elədim.
Dizim yerdə üzüm haqda
Yatmadığım gecələrin gözünü dörd elədim.
Bu ahıl yaşında da sevə bilsən, sevilsən
Və… mübarək yer desən - bəxtin görüşdüyü yer…
Qürbət, qürbət deyirsən, qürbət haradı bilsən, -
Qəriblərin Allahın yadına düşdüyü yer...
Dağların zirvəsinə boşuna qalxmır duman
Buludlar göyə gedir…
Öləndə dünyadan getmir ki, insan
Allahın yadına düşməyə gedir.
ALLAHIM
Haçan məndə mən oldum
Dərdnən ələ-təmən oldum…
Gecikən də mən oldum
Tələsən də, Allahım..
Nə gözümü ac elə,
Dərdimə əlac elə
Özünə möhtac elə
Eləsən də, Allahım?!
Hayanda çıxdım yola?
Çıxdım, nə olar, olar…
Ruhun içinə dolar
Yel əsəndə, Allahım!
Dizim yerdə kündədi
Əlim ətəyindədi.
Dilin duası nədi:
Eləməsən də sağ ol,
Eləsən də, Allahım…
KÖLGƏSİ DİBİNDƏ OTURAN AĞAC
Budağın ucunda yumru qönçələr
İçində ilahi göylərin sirri
Gecənin beşində açılan səhər
Hansı dünyalardan xəbər gətirir.
Toxuma hamilə qalan ləklərin
Hələ kimsə bilməz nə var içində.
Yaza açılacaq gül-çiçəklərin
Yatır bir ilahi memar içində.
Gәldi dә, getdi dә nә qaldı yazdan,
Boylanar ardınca yol uzaqları.
Qürbәt gәmilәri keçir boğazdan
Baxır qәrib-qәrib sahil bağları…
Kimin dodağında Tanrı kəlamı
Qatara düzülәr sirli cümlәlәr;
Yeraltı dünyanın soyuq salamı
Çağlayan bulağın gözündən gәlәr.
Hüzün var günәşin qürub çağında
Ordakı yer göyə, göy yerə möhtac
Qərib bir yolçudu yol qırağında
Kölgəsi dibində uyuyan ağac.
ÜRƏYİM
İki gözüm, iki dünya qoşa bax
Qanadları sındırılan quşa bax..
Ömür nədir sona qədər yaşa bax…
Boğulan səs, sönən həvəs, ürəyim.
Duman çökdü bədən adlı büstünə
And içmişdim, əl qoymuşdum üstünə.
Yana-yana kim su səpdi tüstünə
Köksüm altda qəmə qəfəs ürəyim,
Yaşdan-yaşa neçəsinə vuruldun
Coşub daşan sellərinə duruldun
Heydən düşüb axır sən də yoruldun
Yorulmaram deyirdin bəs, ürəyim?!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!