Son döyüş
İsmayılov Raqil Rafiq oğlu və Əzizov Sübhan Elşad oğlu Salyan rayon Dayıkənd kənd orta məktəbinin məzunlarıdır. Hər ikisi könüllü olaraq yollandıqları İkinci Qarabağ
müharibəsində birlikdə şəhid olublar. Şeir onlara həsr olunur.
- Raqil, eşidirsən? Mənə cavab ver!
- Sübhan, mən, deyəsən, yaralanmışam.
Tərpədə bilmirəm heç bir yerimi,
Elə bil ölmüşəm, cansız bir daşam.
- Yox, ölməyəcəksən, yaşayacaqsan,
İndi harda olsa gələr uşaqlar.
Qardaş, ürəyini buz kimi saxla
Onlar gəlib bizi aparacaqlar.
- Sübhan, sən necəsən? Yaran dərindi?
- Bilmirəm, amma bərk ağrıyır başım.
- Özünü qorxutma, bir az möhkəm ol
Sən sağ qalacaqsan, əziz qardaşım.
- Komandir! Komandir! Yoldaş leytenant!
- Dayan Sübhan, dayan yorma özünü.
Deyəsən, komandir şəhid olubdur
Həyata əbədi yumub gözünü.
- Yazıq... yetim qoydu uşaqlarını
Canını tapşırdı Ana Vətənə.
Dünən gecə yarı bir az dərdləşdik
Qızının şəklini göstərdi mənə.
- Danışma, qardaşım, taqətdən düşmə
Mənim indi səndən bir istəyim var.
Götür bu məktubu, mən şəhid olsam,
Verərsən anama açıb oxuyar.
Bilsin ki, içimdən nə hisslər keçib,
Bilsin ki, Vətəni necə sevirdim.
Təsəlli tapsın ki, mən şəhid oldum,
Sevinə-sevinə məzara girdim.
- Sən ölməyəcəksən, belə danışma!
Anan qalmayacaq gözləri ağlar.
Bütün qohumların, bütün dostların,
Gələn il toyuna yığışacaqlar.
Birlikdə gəlmişik cəbhəyə, Raqil
Kəndə də, birlikdə qayıdaydıq kaş.
Əgər yolumuzu ölüm kəsdisə
Sən ölmə, yerinə mən ölüm, qardaş.
- Ay Sübhan, bədənim oldu buz kimi,
Gözüm heç bir yeri görmür elə bil...
- Dayan... bir az dayan, ölmə, qardaşım,
Raqil... ölmə, Raqil... cavab ver, Raqil...
Qərənfil
- Qızım, sənin adın nə?
- Mənim adım Qərənfil.
- Gözünə qurban olum,
darıxırsan elə bil.
- Atamı gözləyirəm.
- Atan hardadır məgər?
- Müharibəyə gedib;
o döyüşür gecələr.
- Nə vaxt gedibdir atan;
gecikdiyi çoxdurmu?
- Çoxdur, əmi can, çoxdur.
- Ananın da atandan
bir xəbəri yoxdurmu?
- Anam indi işdədir.
- Qızım, harda işləyir?
- Anam çox mehribandır,
yarpaqları çox sevir,
səhərdən-axşamacan
onları təmizləyir.
- Yaxşı, mehriban anan
atandan bir söz demir?
- Demir, əmi can, demir,
daha yollara baxmır,
daha onu gözləmir.
Mən dünən çox ağladım
gecə yatmazdan öncə.
Anamın nə etdiyin
izləyirdim gizlicə.
Atamın divardakı
şəklini qucaqlayıb,
belə deyirdi, əmi:
"Mən necə böyüdəcəm
Atasız bu yetimi".
Xəzan səsi
Gözümün işığı, burda payızdı,
Hər kəs yığışıb öz gödəkcəsinə.
Bircə sevincini görəydin onun
Günəş gülə-gülə sovuşub getdi
Bahar tətilinə gedərcəsinə.
Gözümün işığı, burda payızdı,
Burdakı yarpaqlar payıza kölə.
Zavallı ağaclar payıza əsir,
Bağçanın sonuncu bənövşələri
Bir saxsı dibçəkçün evə tələsir.
Mən indi payızın çiyinlərində
Yazın gəlişini gözləyən bağam.
Mən indi səngərdən boylanan əsgər,
Ayaq səslərindən qorxan torpağam.
Dişimi dişimə sıxıb dözürəm
Olur belə şeylər, olur, qadası
Tək qalan adamlar özündən küsür
Getməyə bir qucaq yer tapmayanda
Yıxılır bir küncdə qalır, qadası.
Bəs ora necədi? Havası, suyu?
Quşlar çöldə ölür, yoxsa qəfəsdə?
Adamlar necədi? Hər darıxanda
Neçəsi söz qoyur sözünün üstə?
Sən necə, nə qədər dəyişilmisən?
Yenə yerə düşən çörək qırığın
Öpüb qoyursanmı gözünün üstə?
Yox, sən dəyişilmə, özünü qoru,
Aldanma küçənin xəzan səsinə.
Kaş ki, illər sonra bir yaz səhəri
Birgə oyanaydıq azan səsinə.
***
Harda azdıracaq bu yol, görəsən,
Hara aparır bu ayaqlar məni?
Anacan dua et, əgər etməsən
Qovar Allahacan günahlar məni.
Mən ölsəm bəxtimin bəxti açılar,
Dilimin altında necə söz ölər.
Birdən mən qalaram, anam tez ölər,
Tanımaz güzgülər, daraqlar məni.
Yox ana, sən ölmə, sən əbədi qal
Ver öz kəfənini sərim yerimə
Arada nəfəs al mənim yerimə
Bilməsin ölmüşəm budaqlar məni.
Ay Allahsız fələk, əlin qırılsın
Çəkmə o kədərin yaxşı yerindən,
Payın artıq olsun, yemirəm toxam.
Mən bu gün varamsa, sabah da yoxam,
Yaxşı xatırlayın, uşaqlar, məni.
***
Biz də gedəcəyik hamı kimi
Tapdaladığımız qarışqaların balaları
meyitimizi didəcək.
Mənim atam, qaz kəsiləndə əsəbləşən,
işıq gedəndə qarğış edən adamdı,
Mən gedəndə kimə qarğış edəcək?
Mən öləndə "çaqqallar" ulayacaq sevincindən,
"Bayquşlar" nəğmə oxuyacaq.
Sonra yağış yağacaq,
Torpaq, fəhlə paltarı kimi qoxuyacaq
Heç sən də çox qalmarsan
Sən də gedərsən, unudularsan,
Zaman ötdükcə qərənfillə
başdaşını aldadar əzizlərin.
Bir gün sahibini axtarar,
Sahildəki ayaq izlərin.
Gəl gedək, qaçaq
Bu dəfə yaşamaq üçün yox,
ölmək üçün yorulaq.
Nə qədər ki, Adəm kimi qovulmamışıq
özümüz cəhənnəm olaq...
Xəmirli əllər
Bir səhərin sübh çağı
Hamı əl-ələ verib
yuxuna haram qatar -
Katibə zəng vurar ki,
İşdən çıxarılmısan.
Nişanlın, mesaj-mesaj
Başının ətin yeyər:
- Səninləyəm, cavab ver!
Axşam harda olmusan?
Anan girər otağa,
Pəncərəni açar ki,
boğulmasın tüstüdən.
Araq şüşəsi tapar
Döşəyinin üstündən.
Cırıldayan yatağı
Əsəblə silkələyər -
"Ay alkaş oğlu, alkaş
yenə içmisən?" deyər.
Qışqırar əsəbindən,
Xəmirli əlləriylə
Sinəni yumruqlayar.
İçini çəkə-çəkə,
Uşaq kimi ağlayar.
Qaçasan otağından,
Hirs soyutmaqdan ötrü
Qapını bərk vurasan,
Küçənizdə can verən
itə təpik vurasan.
Qaçasan, sən qaçdıqca
Uzaqlaşa yol hələ.
Aclıq vurar təpənə
Dönərçiyə deyəsən -
"Zəhərini bol elə".
Bədbəxtlikdən içindən
İynə çıxmaz çörəyin.
Kredit şöbəsindən
Bahar xanım zəng edər:
"Müəllim, sağsınızsa,
Borcunuzu ödəyin!".
İri-iri addımlar
Ata səni sahilə.
Yerdən bir daş götürüb
Keçirəsən boynuna,
Qulağına səs gələ...
Bu yaşlı kişi kimdir?
Kövrək səslə qışqırır:
"Etmə, qurbanın olum
Əgər pulun yoxdursa,
Gəl, mən sənə verim, var.
Əgər evin yoxdursa,
Bir nəfərlik yerim var.
İş də taparam sənə
Köhnə bir tanışım var,
hamıya iş düzəldir.
Ölmə, qurbanın olum,
Axı həyat gözəldir!".
O yaşında adamın
Yaşamaq məhəbbəti
Sanki güc verər sənə.
Çıxarıb boynundakı
yarım kiloluq daşı
Qayıdasan evinə.
Anan qaça qapıya
Daş izi qalan yerdən
Boynunu qucaqlayıb
Deyər: "Yaxşı ki, varsan.
mən səni bağışladım,
sən də bağışlayarsan...".
Qadın
Haçansa hardasa görmüşəm səni,
Amma ki, üzündə ləkən yox idi.
Sən ki çiçək kimi təravətliydin,
Üstündə bir dənə tikan yox idi.
Sən həmin qadınsan, sən o qadınsan,
Yuxudan hamıdan əvvəl oyanıb,
Hamıdan axırda yuxuya gedən.
Namərd sərvətinə boyun əyməyib,
Bir tikə çörəkçün qonşuya gedən.
Hər gün döyülmüsən, tapdalanmısan,
Nişan üzüyünə əsir düşmüsən.
Uşaq qucağında evdən qovulub,
Hərənin dilinə bir cür düşmüsən.
Sən həmin qadınsan, ağlın kəsəndən,
Belini bükmüsən qar, qış demədən.
Bütün küçələri təmizləmisən,
Bir sarı yarpağa qarğış demədən.
Sənin zərifliyin, qadın olmağın
Doğmanın, ogeyin yadından çıxıb.
Süpürgə çəkmisən bütün yollara,
Bircə öz taleyin yadından çıxıb.
Gizlətmə üzünü, utanma məndən
Qoy dünya utansın, bəşər utansın!
Sənə qalxan yerdə əllər qırılsın,
Sənə qalxdığına əllər utansın!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!