Bayatılar
Ey and yerimiz vətən,
pak vətən, təmiz vətən.
Candan əziz nə olar,
Candan da əziz Vətən?!
Sevinc məndən gen düşüb,
qəm qəlbimi oyur, hey.
Mən xeyir sorağında,
Şər qapımı döyür, hey.
Sənin yazın yazılmış,
ha bülbültək öt deyir.
Mən həyatdan doymamış
dünya mənə get, deyir.
Ürəkdə, qanda sevgi,
Könüldə, canda sevgi.
Sevməyən elə bilir
Yoxdur heç yanda sevgi.
Ürəkdə, qanda sevgi
könüldə, canda sevgi,
Sevənlərçün hər zaman
vardır hər yanda sevgi.
Baxmasın yada gözlər,
yanmasın oda gözlər.
Görsün yüz işvə, yüz naz,
görməsin qada gözlər.
Yamyaşıl qarşı dağlar,
Soldu sarışın dağlar.
Bürünüb ağ rübəndə
Gətirdi qışı dağlar.
***
Örtdü duman dağları,
Yoldu xəzan dağları.
Qış bir az da qocaltdı
Qos-qocaman dağları.
***
Zəmanə, ay zəmanə,
oxu qoydum kamana.
çıxdım ağıl ovuna,
Gördüm çoxu divanə.
***
Çiçək balam, gül balam,
Saçları sünbül balam.
Qucağımda ağlamır,
Oxuyur bülbül balam.
Əsgər atası
Mən də əsgər atasıyam,
qəlbim daim narahat.
Fikrim gəzir səngərləri
hər dəqiqə, hər saat.
Mən də əsgər atasıyam,
öyünürəm bu adla.
Hansı ata fəxr eyləməz
cəsur, igid övladla?
İti gözlü bu qartallar
səngərlərə yaraşıq.
Onların haqq yollarına
Tanrı saçsın gur işıq.
Bu ərlərə canım qurban,
hər biri öz övladım.
Bütün cəbhə bölgələri
mənim xəyal ünvanım.
Mən həm əsgər atasıyam,
həm bu yurdun əsgəri.
Başımızla cavabdehik
qorumağa bu yeri.
Nə şərəfli peşən vardır
ey bu xalqın əsgəri?
sən həm güclü güvənc yeri,
həm müqəddəs and yeri.
Bu çətinlik həm şərəfli,
həm də ötüb-keçəndir.
Keçilməyən bir şey vardır,
o da əziz Vətəndir.
Dördlüklər
Canlı var yaşayır on ay, bircə il,
canlı var həyatı cəmi bir fəsil.
Səksən il yaşayan insanlar isə
dünyadan doymurlar, ey dili-qafil.
***
Vaxtımın çoxu gedir təzə şeirim üstündə,
fikir fikiri qovur, misra misranı yeyir,
Nə qədər söz yığılır hər vərəqin küncündə,
hər yeni doğan misra, təkcə məni yaz, deyir.
***
Uşaqlar böyüdü, biz yaşa dolduq,
onlar yaza çıxdı, biz qışa qaldıq.
Arzular tükəndi, ümidlər bitdi,
bir quru diqqətə, alqışa qaldıq.
Güllər diyarı
Bu da çox sevdiyim güllər diyarı,
Bu yurdun neməti, varı gözəldir.
Gülür gülşənlərdə qızılgülləri,
qırmızı, çəhrayı, sarı gözəldir.
Al-əlvan geyinib yenə çöl-bayır,
bülbül budaq gəzir, arı gül sayır.
Yazdı talaları göz ovsunlayır,
Payızda bağların barı gözəldir.
Bir yanında xeyir, bir yanında şər,
daim zərifliyə can atır bəşər.
Gözəl qorunmasa dəyərdən düşər,
hər gülün yanında xarı gözəldir.
Bu yerdə təbiət könül oxşayan,
burda insanlar da şirin, mehriban.
Cavanlar hamısı ürək ovlayan,
Bütün sevənlərin yarı gözəldir.
Fəxrəddin, vəsf sənə gəlməsin asan,
Çalış, qəlbdən qopan sözü yazasan.
Olum torpağına, suyuna qurban,
Yarı bərəkətdir, yarı gözəldir.
Göylər şairi
Yüz xəta-bəladan Tanrı qorusun
İlhamı göylərdən gələn şairi.
Şeirində özünü gah "qara fəhlə",
Gah "külli-ixtiyar" bilən şairi.
Sevək dil-dil ötüb sözdən bac alan,
aləmə səs salan, şahdan tac alan.
Bir güclü misrayla Ərşə ucalan,
bir zəif bəndində ölən şairi.
O da mücahiddir, millətə örnək,
duraq, salamına elliklə gedək.
Biz də Vaqif bilək, Nəsimi bilək
ölümün üzünə gülən şairi.
Hərdən güzəranı keçəndə acı
olur, lap bir tikə çörək möhtacı.
Dolur ürəyinə yüz ağrı-acı,
tapır vaxtsız kədər, ələm şairi.
Təki tükənməsin, sözü bitməsin,
dərddən uzaq düşsün, qəmli ötməsin.
Qərəzli düşünüb əyri getməsin.
tanıtsın düz yazan qələm şairi.
Rəşadət rəmzi
Otuz il yoğruldu əsgər qanıyla,
qətiyyət rəmzidir Qarabağ bizə.
Nəhayət, tanıtdıq düz ünvanıyla,
Rəşadət rəmzidir Qarabağ bizə.
Alqış başçımızın söz dühasına,
dözdük haqsızlığın hər cəfasına.
Qaytardıq zor gücü, qan bahasına,
şücaət rəmzidir Qarabağ bizə.
Nələr çəkdirmədi yurda bir zaman
bu xain xislətli hiyləgər insan.
Qovub yaşayırıq daha firəvan,
səadət rəmzidir Qarabağ bizə.
Tammam ovsun dolu bir mənzərədir,
düzəndir, təpədir, dağdır, dərədir.
Hər ucu şiş zirvə bir minarədir,
hidayət rəmzidir Qarabağ bizə.
Yenə hər yerdə bir tonqal qalanır,
tarlalar əkilir, bağlar salınır.
Məscidlər tikilir, namaz qılınır,
İbadət rəmzidir Qarabağ bizə,
fəxarət rəmzidir Qarabağ bizə,
rəşadət rəmzidir Qarabağ bizə!
Övlad
Valideyn-övlad münasibətləri
haqqında dördlüklər
Övlad valideynin gözünün nuru,
taleyin ən böyük töhfəsi odur.
kiçikən sən onun yiyəsi idin,
böyütdün, o sənin sahibin olur.
Övlad hər sərvətdən, şöhrətdən uca,
övlad bir ömürlük güvənc yeridir.
dünyadan doyarsan ondan doyunca,
o həm də soykökə söykənc yeridir.
Övlad öz əlinlə əkdiyin ağac,
barı tükənməyən zinət bağıdır,
Yaxşısı bir eli isidən ocaq,
pisi də dərd verir, ürək ağrıdır.
Valideyn dövrünün hər tələbini
Gərək verə bilsin övlada bir-bir.
Ən böyük qazanc da, sevinc də, ad da
Övlada çəkilən zəhmətdən gəlir.
Valideyn bir qüdrət, övlad bir qüdrət,
hərənin nəşəsi bitib-tikənməz.
İkisi də dəyərli olarsa, əlbət,
o evin, o yurdun işığı sönməz.
Övlad yetişdirmək əzablı, çətin,
burda kimə sevinc, kimə qəm qalır.
Övladın oğlanı, ya qızı olmur,
onun ya yaxşısı, ya pisi olur.
Valideyn övladın başının tacı,
Onun adisi də, alisi də şah,
Kim ki, valideynlə davranar acı,
onu öz lütfündən gen tutar Allah.
Ata qazancı şirin, ata malı təbərrük,
ata adı əzizdir, qurban böyük adına.
Bəlkə övlad qazancı daha dadlıdır, amma
qoy o da yığdığını versin öz övladına.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!