Şeirlər - Cavid QASIMOV

 

***

Təbimiz adət edibdir gələ hərdən-birdən,

Sala şair olanı əngələ hərdən-birdən.

 

Sirrini sorma bu çöhrəmdə duran hər qırışın,

Axı ruhumda olur zəlzələ hərdən-birdən.

 

İndi ki, yar, vüsalın məni lal etmişdir

Qayıdım naləm üçün əvvələ hərdən-birdən.

 

Saçımın ağı çoxalmaqdadı gizlin-gizlin,

Var ümidim, sən atırsan telə hərdən bir dən.

 

Damənimdən dedi ki, yar yapışmaqla deyil,

Bax ölü, ya diriyəm, silkələ hərdən-birdən.

 

Səni sandım, düşünür fikrə gedən heykəllər,

Dönməyim mən necə bəs heykələ hərdən-birdən?

 

Dedilər, Cavidə ki, "yaxşı, şirin təbin var",

Onu da yaxşı salırlar ələ hərdən-birdən.

 

 

Vallah

 

Hər qəbir bir günəşin batdığı yerdir, Vallah.

Günəşin mənzilinə çatdığı yerdir, Vallah.

 

Gəl gedək mənlə bu dünyadən, əzizim, buralar

Şeytanın adəmi oynatdığı yerdir, Vallah.

 

Ağ varaqlarda doğulmaqla ölür misralar,

Bu varaqlar əcəlin yatdığı yerdir, Vallah.

 

Gəzib axtarma görüşçün təzə yer, ən gözəli

Məni öz bəxtimin aldatdığı yerdir, Vallah.

 

Bu ömür ki dolaşıq düşdü, mən ondan bilirəm

Fələyin çarxını fırlatdığı yerdir, Vallah.

 

Süpürür yaşlı qadın bir küçədən keçmişini,

Elə bil ki, onun öz atdığı yerdir, Vallah.

 

Parçalanmış ürəyim sevgimizin səngəridir,

Həm də gizlin məni ağlatdığı yerdir, Vallah.

 

Torpaq ömrün qoca piştaxtasıdır, bir əcəlin

Can alıb burda sümük satdığı yerdir, Vallah.

 

Gözlərim hər gecə göydə yanan ulduzlar üçün

Su içib, özlərin islatdığı yerdir, Vallah.

 

Gözlənilməz qonağın ev qapısın döyməsi də

Ölümü sanki xatırlatdığı yerdir, Vallah.

 

Uyma, Cavid bu qəzəldə nə qədər and içsə,

Aləmi bir-birinə qatdığı yerdir, Vallah.

 

 

Pəncərə

 

Yolum məni bu evə necə gətirdi, Allah?

Bu ev kimin evidir, mən hara, bu ev hara?

Bu sahibsiz otaqlar yetimdirlər, elə bil

Az qalır qonağa da "getmə" deyib yalvara.

 

Açdım pəncərəsini havasını dəyişsin,

Bir anda pəncərəsi keçmişinə açıldı.

Azyaşlı qız uşağı əlində oyuncaqla

Vətən boyda həyətin ortasında qaçırdı.

 

Ondan bir az qıraqda atasıyla anası

Masanın ətrafında danışırdı, gülürdü.

Tanrının göylərindən yerə boylanan günəş

Həyət adamlarını şəfəq-şəfəq güdürdü.

 

Sataşdı gözlərimə məktəbli gündəliyi,

Baxdım, yazılmayıbdır arxada "qan yaddaşı".

İstədim ölkəm boyu sevincimdən qışqıram,

Mənə "sus" dedi evin həm divarı, həm daşı.

 

Günəşin şəfəqləri o an qana bələndi.

Mərmi-mərmi dəyişdi otağın mənzərəsi.

Allah, Sən olmasaydın xəcalətdən ölərdim,

Məni öldürməsəydi otağın pəncərəsi!

 

 

Tapşır

 

Əgər gedirsənsə, bir xahişim var,

Məni bu sevgini bilənə tapşır.

Taleyi yazana tapşırma məni,

Yazılan taleyi silənə tapşır.

 

Sənə də bir lənət düşməmiş yeri.

Nə var ki, boylanıb baxasan geri.

Olmasın bu eşqin ağlamaq yeri,

Baxıb oğrun-oğrun gülənə tapşır.

 

Suyu quruyarsa bulaqlarımın,

Çatı səngər olsa dodaqlarımın,

Nəfəsi kəsilsə ayaqlarımın,

Məni yollarında ölənə tapşır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!