Sevgi şeirləri - Ziyəddin SƏLİM

 

 

Sevən belə yalvarar

 

Başını bir azca yuxarı qaldır,

O qara gözlərə baxım doyunca.

Görüm bu gerçəkdi, yoxsa xəyaldı,

Sevda sellərində axım doyunca.

 

Yuyunum saçların şəlaləsində,

Doğsun o gözlərdən Günəşim, Ayım.

Əlim toxunduqca, kövrək səsində

Hər sözü, hecanı öpüm, oxşayım.

 

Sən Allah, gözümün içinə bax bir,

Axı perik düşər baxışlarımız.

Sevmək bizim üçün eyib deyildir,

Üst-üstə düşübdü naxışlarımız.

 

Eşqin məbədidi ürəklərimiz,

Səcdəyə gələnsə gözlərimizdir.

Lal bir məhəbbətin buraxdığı iz,

Baxışlarda qalan sözlərimizdir.

 

Başını yuxarı qaldır, a zalım,

Vücudun sükutlar içində dinsin.

Başına dolanım, qadanı alım,

Bəlkə anam bilib bir az sevinsin.

 

Ürəyin ollam

 

Sən mənə "gülüm" de,

Sadəcə, gülüm.

Gül de ki, gül olum,

Gül de ki, gülüm.

Qoyma solub-solub

Yerə tökülüm,

Gərəyin ollam.

 

Şöhrətim, şərəfim,

şanım, de mənə.

Canına can ollam,

canım de mənə.

Damarında axan

qanım de mənə,

ürəyin ollam.

 

Baxma gözlərimin

yaşına belə.  

Sevgimiz vüqarla

yaşanar belə.

Bir gün dağlar aşsa,

başına belə,

dirəyin ollam.

 

Ağlama, sızlama

gəl için-için.

Al ovcun içinə,

mən bir göyərçin.

Sev məni, əzizim,

çatdıqca gücün.

Günahın olubsa,

sevda yolunda.

Qurana çatmasa

əlin, and üçün

öpüb and içməyə

çörəyin ollam.

 

Sevgi şərqisi

 

Dünya özü aşiq oldu

Sevgililər barışan gün.

Zülmət dönüb işıq oldu

Sevgililər barışan gün.

 

Tək qalanlar qoşalaşdı,

Könüllərdən sevgi daşdı.

Şirin söhbət-söz dolaşdı

Sevgililər barışan gün.

 

Xatirələr dilə gəldi,

Sona uçub gölə gəldi.

Şeyda bülbül gülə gəldi

Sevgililər barışan gün.

 

Susdu böhtan, utandı şər,

Mələkləşdi bütün bəşər.

Kifirlər də gözəlləşər,

Sevgililər barışan gün.

 

Təbrik edər aran dağı,

Gələr muştuluq sorağı,

Gül açar güllə qundağı

Sevgililər barışan gün.

 

Mənim eşqim

 

Mənin eşqim dağ çayıdır

Coşar, çağlar, dönər nəhrə.

Bir ağacdı, dərin budağı

Çiçək açar, verər bəhrə.

 

Mətinlikdə bir poladdı

Gah kök saldı, gah qol atdı.

Göy yamacda bir palıddı

Başdan qoca, dibdən pöhrə.

 

Gəncliyimlə göz-gözədir

Düşdüyü sevda təzədir.

Mənim eşqim möcüzədir,

Sehrbazı salar sehrə.

 

Gözəl

 

Bu çeşmənin cığırında

Gələn göyçək, gedən gözəl.

Bir yönünü bəri çevir,

Ay nazlanıb gedən gözəl.

 

Düşdüm sevda aləminə,

Qurbanam eşqin qəminə.

Şükür tanrı qələminə,

Yeriş nazlı, bədən gözəl.

 

Gör məskən seçdim haranı,

Harda qaldı de, yar hanı?

Həsrət vurduğu yaranı,

Açan zalım, didən gözəl.

 

Qəmi boğub dərd itirən,

Ətirli güllər bitirən,

Belə gözəllər yetirən,

Diyar abad, Vətən gözəl!

 

Kipriklərin dar ağacı

 

Kipriklərin dar ağacı,

Baxışlarım asılıbdır o gözlərdə...

Sən o dara çəkilənin

Batmısanmı heç yasına?

 

Gülüm, səni and verirəm,

Baxma, baxma başqasına.

Yoxsa mənim baxışlarım

Gözlərindən düşüb sınar.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!