Tək
Tək şəhər bu deyil ki,
bəlkə başqa şəhərdə?
Tək ölkə bu deyil ki,
bəlkə başqa ölkədə?
Tək sevgi bu deyil ki,
bəlkə başqa sevgidə?
Tək dəniz bu deyil ki,
tək günəş bu deyil ki,
tək ümid bu deyil ki.
Bunda olmadı, neylək
tək ömür bu deyil ki.
Bu deyil, hə, İlahi?!
Anna
İşğal etdiyim bütün qadın bədənləri
məğlubiyyəti bir az da yaxınlaşdırdı mənə.
Hər bədəndə yadlaşdım özümə,
əvvəl ruhuma,
sonra bədənimə.
Sonra nələrsə dəyişdi,
kimlərsə yox oldu,
kimlərsə də
boş ver, Anna, nəysə...
Nə sən məni tanıyırsan,
nə mən səni.
Bilirsən -
gecələr günəş yoxdur deyə,
səhərlərsə günəş var deyə gözəldir.
Sevgi də belədir, Anna,
sünbül sarısı saçların kimi.
Unutduğum bütün qadınları sevdim,
amma sevdiyim heç bir qadını
unuda bilmədim, Anna.
İndi gecə kimi səssizəm,
heç yerə tələsmirəm,
çünki
gedəcək bir yerim də qalmayıb.
İşğal etdiyim bütün qadın bədənlərini
bir-bir uduzdum həyata.
İndi bütün bədənlərdə
kirayə qalıram, sadəcə, gecələyirəm.
Gözlərin nə dəniz,
nə də səma mavisinə bənzəyir,
çünki dənizlər də, səma da
sadəcə gündüzlər mavidir.
Sənin gözlərinsə
gecənin tən ortasında da, Anna.
Nə sən məni tanımaq istəyirsən,
nə mən səni.
Söndür işığı, yum gözlərini,
səhər gedəcəm onsuz da.
Avqust
Avqust, gecəyarı, sükut...
ömrün, günün bu ilində
Ağ dənizin sahilində
uzanıb göyə baxıram
göz qırpır ulduzlar mənə.
Sanki göyün o üzündən
bir nəfər seyr edir məni
gülür tüfeyli halıma
bu sərxoş, meyli halıma.
Mən də
bir az başım duman
düşünürəm ki, bax, əgər
olmasaydı dəniz səsi,
yerin cazibə qüvvəsi,
lap bu həzin yaz gecəsi
uçardım Allaha tərəf.
Amma hələ vaxtı deyil...
yan tərəfdə iki rus qız
biri qəşəng, biri pis qız
gülür tüfeyli halıma
bu sərxoş, meyli halıma.
Çəkib gözümü göylərdən
alıb özümü göylərdən
enirəm yerin üzünə -
göz qırpır o qızlar mənə...
Antalya, 2018
İki dəniz
Səni düşünürəm -
ayağımın altında bir dəniz,
başımın üstündə bir dəniz,
bir Allah qalıb yer üzündə, bir də biz.
Heç kim bilmir
göy üzündəki dənizi, bircə biz,
bircə biz bilirik.
Günəşin tək səmada yox,
həm də ürəyimizdə olduğunu
bircə biz bilirik.
Dalğaların bizdə olduğunu
küləyin bizdə olduğunu.
Səni düşünürəm -
üzümdə böyük təbəssüm
açıram otağımın pəncərələrini,
qoyuram bir kənara
bütün "səncə"lərini
bütün "məncə"lərimi.
Və bir uşaq kimi inanıram sənə
aldanıram demədiyin sözlərə də
bir dəniz ayağımız altında
bir dəniz başımız üstündə gözləmədə.
Göyərçin
Quşlar dualarımızı
göylərə pıçıldamaqçün
uçar bu torpağın səmalarında
göylər dualarımızın rənginə
boyanar sübhçağı.
Görsən ki, yoxam bu yerin üstündə,
yoxam bu göyün altında.
Demək, getmişəm,
demək, bir də gəlməyəcəm,
demək, Allah çağırıb.
İçimizə səpilmiş
ümid toxumlarıdır ağrılar
bulud-bulud su daşıyar Allah qəlbimizə.
Görsən ki, yoxam bu yerin üstündə,
yoxam bu göyün altında,
demək, hər şey yaxşıdır,
demək, qayıtmışam evimizə.
Vərdiş
Çox pis vərdişlərim var,
məsələn, bir yaz günü
aşiq olaram tanımadığım qızın
əllərinə, ayaqlarına, sinəsinə.
Aşiq olaram yarpaqların rəqsinə,
günəşin gülüşünə, küləyin əsməsinə.
Çox pis vərdişlərim var,
məsələn, bir yaz günü
ümid dolar içimə
məsciddən çıxıb kafeyə gedərəm
qaldırıb badəmi deyərəm:
- Bunu da Tanrının sağlığına içirəm!
Çox pis vərdişlərim var,
məsələn, bir yaz günü
unudaram adını, səsini
çıxarsan yadımdan.
Məsələn, bir yaz günü
keçərsən yanımdan,
yaxınlaşıb deyərəm:
- Sevirəm!
Nəğmə
Əllərim cibimdə, fit çala-çala,
sevdiyim nəğməni zümzümə edirəm.
Unutduğum hər sözün yerinə
sənin adını qoyuram.
Sənin adını qoyuram
çiçəklərə, güllərə.
Sənin adını qoyuram
buludlara, küləyə.
Səni oxuyuram
ağaclara, quşlara.
Səni oxuyuram bütün
içimdə unudulmuşlara.
Bax beləcə, həzin bir axşamçağı
bir nəğməyə çevirirəm mən səni.
Qoy bunu da deyim ki, bil, əzizim,
xoşbəxtliyə bəs etməyən nə varsa,
orda təkcə sənin yerin görünür.
Kölgə
Bu qədər savaş və qanın,
ölümlər və yalanın içində
əlimin tərsiylə itələyib bu yumru dünyanı
masamın üstündən
şeir yazmaq istəyirəm sənə,
şeir yazmaq - bacardığım ən gözəl biçimdə.
Şeir yazmaq istəyirəm sənə,
üçüncü minilliyin iyirminci ilində
şeir yazmaq -
Adəmin Həvva ilə danışması kimi -
insanoğlunun birinci dilində.
Ey sən,
bütün uzaqları özünə məskən bilən!
hansı şəhərin yollarını
xoşbəxt edir indi ayaq izlərin?
gündüzlər hansı küçələrdə
rəqs edir kölgən,
gecələr hansı otaqlarda gizlənir?
Ey sən,
bütün uzaqları özünə məskən bilən!
Mən tanıyıram sən yaşayan küçəni də,
şəhəri də, ölkəni də,
tanıyıram səni isidən Günəşi də,
səni üşüdən küləyi də.
Tanıyıram səmanda uçan quşları,
tanıyıram bütün səndə unudulmuşları.
Demirəm ki, o Günəşi, quşları,
o küləyi, o küçəni, şəhəri,
demirəm ki, mənə ölkəni göndər
heç olmasa, heç olmasa hərdənbir,
heç olmasa, heç olmasa gecələr,
heç olmasa mənə kölgəni göndər.
Saqqız
Məsələ unutmaqsa
elə indi başlayaq,
gəl unudaq birinci
ilk görüşü, vədəni.
Sən bir az gecikmişdin
mən də guya mədəni:
"elə təzə gəlmişəm"
demişdim, yadındadı?
Yalan demişdim onda
təzə gəlməmişdim ki,
sən gələnə kimi düz
beş siqaret çəkmişdim,
beş saqqız çeynəmişdim.
Bu zəhrimar telefona
lazım olan məqamda
zəng gəlmir ki,
əsəbdən.
Düz 3 dəfə telefonu
söndürüb, yandırmışdım
özümü inandırmışdım:
yəqin, indi gələcək,
yəqin, tıxaca düşüb,
yəqin, qatar gözləyir.
Sonra bir az qorxuya
düşüb təlaşlanmışdım:
görən, niyə gecikir?
görən, hər şey yaxşıdır?
Əsəbləşib təzə bir
siqaret yandırmışdım
altıncı siqaretdi
saqqızım qurtarmışdı.
Sonra səni görəndə
yaman həyəcanlanmışdım,
səbr kasam dolmuşdu.
Hələ də yadımdadı,
hələ də yadımdadı
sənə ilk sualım da
"saqqızın var?" olmuşdu,
sən də gülümsəmişdin.
Xarıbülbül
Bir əsgər şəhid olub,
ovcunda torpaq,
yaxasında bayraq,
cibində xarıbülbül,
ürəyində sevgisi.
Bir əsgər şəhid olub,
ovcunda sıxdığı
torpaq onun öz torpağı,
o torpağa sancılan
bayraq onun öz bayrağı.
Bir əsgər şəhid olub,
amma heç kim bilməyib
o gül kimin üçünmüş
kimə imiş sevgisi?
Alnında güllə izi...
2020-ci il, noyabr
***
Mənim gözəl qardaşlarım,
siz indi cəbhədə, səngərdə,
siz indi bir dağın ətəyində, ya zirvəsində
səmaya baxırsız.
Mənim gözəl qardaşlarım,
bu gecənin ortasında
ordakı hər daş parçası, hər ağac sizi tanıyır.
Mənim gözəl qardaşlarım,
burda hamı yarımçıqdı yuxusundan,
amma bilirik ki,
sizi tanıyır o torpaqlar
atalarınızın qoxusundan.
Mənim gözəl qardaşlarım,
siz indi təkcə o torpağı yox,
baxdığınız səmanı da işğaldan azad edirsiz!
2020-ci il, oktyabr
***
Məni dərd eləmə,
mən çoxdan tanıyıram ayrılıqları.
Bu sərsəm gecənin qaranlığında
sənə bir sualım var:
Gündüz bir ağac gördüm
kölgəsində balta yatan o ağac
xəbərsizdi gələcəkdən, olacaqdan.
Bəs, balta bilir, görəsən?
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!