Qəzəl
Xiyabanlar deyəsən, bizləri çatdırmayacaq,
Aparıb yar evinə bir də calatdırmayacaq.
Çox bulandı bu cahan insan əliylə, qadası,
Yaradan bir də cahanı durulatdırmayacaq.
Bəndə ol məşuquna, amma ipi vermə ona,
Əmin ol ki, aparıb meydana satdırmayacaq.
Demirəm sevmə ki, dost, sev, amma Şirin sayağı
Əmin ol ki, səni də dağda ulatdırmayacaq.
Sevgi bir hilədi ki, uyxusuna dalsan əgər,
Səni "OL" nəğməsi də hətta oyatdırmayacaq.
Şibli yoxdur deyə, dost, Mənsura yoxdur tələbat,
Edama getsən əgər kimsə gül atdırmayacaq.
Elə peşmandı ki, Həqq, insanı xəlq etməyinə,
Bir də xəlq eyləsə öz nəfsini qatdırmayacaq.
Saymana arxayın ol, əhdinə sadiq biridir,
Əmin ol ki, yad əlin dosta yalatdırmayacaq...
Natamam qəzəl
Bir mənəm, bir də neydir, bir də sükutun səsi.
Bir də ki, bu kainat, insanların məhbəsi.
Elə darıxmışam ki, "izəşşəmsi-kuvvirət",*
Dağılacaqdır indi sanki göyün qübbəsi.
Şirin satıb Fərhadı, Fərhadda ki, ölübdür,
Çəkiləsi deyildir artıq yarın qəmzəsi.
Yerli adam tapmadım bu dünyada, qardaşım,
Qalmayıbdır kimsənin bu dünyada kimsəsi.
Hər yer pirdir, ocaqdır, hər yer məscid, minarə,
Tikilibdir hər yerdə azadlığın türbəsi.
Səhər olub, amma yox işıqlıqdan bir xəbər,
Sanki həyat verməyə yox günəşin ürzəsi.
İndiki insanların kölgəsi lapmadandır,
Bilinmir iblisindir, ya insanın kölgəsi.
Yer kürəsi insanı etməyəcəksə xoşbəxt,
Günəşin ətrafına nə faydası gəzməsi.
Beş-üç günlük yarandı, bu dünya ilk əzəldən,
Şeytan işidir əlbət, bunca uzun sürməsi.
Bir axşam mey içirdi, Tanrı meyi-baqidən,
Bir damla düşdü yerə, yer oldu meyxanəsi.
İlahi-eşq bir səhər partlayarkən dünyada,
Hədəfləndi qəlbimə bir badəlik qəlpəsi.
Mən də vuruldum nəsə, ya hardasa bir şeyə,
Hansı ki, nə ünvanı, nə də vardır qibləsi.
Özünü incitmə çox, Sayman, dünya işindən,
Elə-belə gedəcək, yoxdur bunun çarəsi...
* - "Təkvir" surəsinin ilk ayəsi:
"O zaman. Ki, günəş tutulacaq"
***
Nə qalmağa yerim var, nə getməyə bir həvəs,
Nə də ki, söykənməyə bircə divar, bircə kəs.
Hava da ki, soyuqdur, külək əsir durmadan,
Mən olmuşam əndəlib dünya olub bir qəfəs.
Mənim əsib getməyə yerim yoxdur, ey külək,
Sənin gözləyənin var, istədiyin qədər əs.
Şəhər gözümdə bomboş, kədər də ki, dopdolu,
Nə izdiham, nə hay-küy, nə hay-haray, nə bir səs.
Şəhəri tərk edənlər bizi də tərk ediblər,
Dönməyəcəklər daha, gözləməyimiz əbəs.
İçimdə bir sızıltı, dayanmadan hayqırır:
Ki, hardasan ey ölüm, tələs, ürəyim, tələs!
Biz ki, həyatdan nəsə yaxşı bir üz görmədik,
Çəkdiyimiz bu qürbət, bu tənhalıq bəsdi, bəs...
Yuxumda gördüm ki, yar, tutdu əlimdən dedi,
Ki, tarix dəftərində çoxdu bu cümlə qisəs.
Dedim ki, yar, getmə, qal, qamış da olsam belə,
Ney olmağınçün gərək kimsə verə bir nəfəs.
Bir az meyi-fanidən süzdü uzatdı mənə,
Dedi ki, al iç bunu, danışmağı bir az kəs...
Ümid yoxdu dünyanın düzəlməyinə, Sayman,
Qədrini bil ömrünün, sabahı kimsə bilməz...
Kökümdə bir üzümlük var...
Sinəm naləylə dil açmış, qamışlıqdan qopan neydir,
Ürək saqi, dodaq ravi, mənimçün sevgi hər şeydir.
Üzümdə insanam, amma kökümdə bir üzümlük var,
Damarlarda axan o su, səninçün qan, mənə meydir...
İlahi, bir nəfər göndər bu dünyadan məni alsın,
İlahi sevgiyə qarşı bu dünya bir qədər keydir...
İçində Kərbəla olsa, günün Aşuradır, dostum,
Dilində gizlənən sözlər ya şaxseydir, ya vaxseydir...
On ildir məhbusam, ancaq Əzizlik vardır alnımda,
Məni Sultan edən qüdrət Züleyxadan gələn heydir...
Ürəklər fəth edib, Sayman, olubsan hacı dünyada,
O daşı fəth edən kəslər, uzağı Hacıleyləkdir...
Ölməzliyin şeiri
Həyat aparır bizi yəqin, Allaha sarı,
Bildim ki, ölmək imiş ölməzliyin açarı.
Mən dünyanın cismini arif kimi yoxladım,
Bir dənə də yox idi, bədənində damarı.
Mərdləri namərdlərə möhtac edən dünyanın,
İnan mənə zatında nə yoxu var, nə varı.
Gəlin gedək ölməyə, biz Allahın yolunda,
Ki, dünyanın bizlərə toxunmasın azarı.
Bir gün gözün açacaq görəcək ki, adamlar,
Uduzmağa oynayıb bir ömürdür qumarı.
Boşalıbdır dünyamız yaxşı nə varsa ondan,
Bircə ölüm qalıbdır, Allahın yadigarı.
Beş-üç qarış yer tapıb adını qoyduq vətən,
O da ki, oldu bizə qəribliyin diyarı.
Milyardlar insan olub bizdən qabaq dünyada,
Göstər görüm hansının var özündən məzarı?
Aparmışdım satmağa bu dünyanı bazarda,
Söylədilər almırıq, aşağıdır əyarı.
Sellər apardı getdi Saranı bu dünyadan,
Xan Çobana deyin ki, Muğanda yoxdu yarı.
Saymana sən söyləmə ki, getmə, qal dünyada,
Çoxdan veribdir Allah onunçün bu qərarı...
Kənanda yoxdu səni Allahın rəsulu görən
Doğum günümdü bu gün, təbrik eylədin məni sən,
Səni anan, məni də dünyaya gətirdi Vətən.
Sağ ol ki, təbrik edirsən doğum günümü, ama,
Kəsilməyib göbəyim öz içimdəki kölədən.
Vəsiqəyə çox inanma, yalan deyir o sənə,
Doğulmağa hələ tezdir, bişəm gərək hələ mən.
Görəndə zülmü, özümlə deyil, əsəbləşirəm,
Ət ilə qandır, ama gülləyə dönür bu bədən.
Qürurunu qoru ey dost, ki, sınsa faciədir,
O qartalı eləyir bir qəbir qazan goreşən.
Kədər ilahəsitək məşhuram bu dünyada mən,
Mənim üçün bu qədər mahnını yazıbdı Şopə(e)n.
Soruşsalar məni ki, neynəyir axı Bakıda?
Deyin hələ diridir o, nəfəs çəkir məsələn.
Günəş çağırsa məni bir dəqiqəlik evinə,
Ora çatanda yağar daş, ya da düşər ora çən.
Və bunca dərdilə nahəq bizə adam deyilir,
Bizə gərək deyilə torpaq üstdə bir sürünən.
Doğum günümdür, ama düşməyir mənə təbrik,
Elə doğum günü dünya mənə biçildi kəfən.
Gərək bu Yer kürəsindən köçüb gedək harasa,
Tapanmadıq burada bizləri həqiqi sevən.
Sən isə ey dəli şair, Züleyxasız Sayman,
Kənanda yoxdu səni Allahın rəsulu görən...
***
Ağlamaq varsa əgər qəlbin imanla doludur,
Ağlaya bilməyənin qəlbi gümanla doludur.
Dağ əgər zirvəsini göstərə bilmirsə bizə,
O deməkdir ki, başı çənlə, dumanla doludur...
Sevgiyə söykənərək Allaha çatdım mən, ama
Həqq yolu gör nə qədər yolda qalanla doludur!..
Məcnunun sevgisinin mayesi qaş-gözdə deyil,
Yoxsa dünya nə qədər qaşı kamanla doludur...
Olmasaydı üzümün badəyə dönmək həvəsi,
Kim bilərdi ürəyi qırmızı qanla doludur...
Verməsəydi qamışa öz dodağın aşiq əgər,
Kim bilərdi ki, neyin ruhu tufanla doludur...
O qədər güclüdü ki, Allaha sevgi, əminəm,
Şeytanın qəlbi belə nuri-Quranla doludur...
Yəqubun Yusifinə tökdüyü göz yaşa baxıb,
Anladım ki, bu cahan dərdə salanla doludur...
Dediniz güldü cahan, mən də qopartmaq dilədim,
Nə bilərdim gülünüz çoxlu tikanla doludur...
Allahı görmək üçün dağa-daşa vurma özünü,
Dünyanın hər tərəfi ayə, nişanla doludur...
Hətta daş parçasını bilmə cahanda ölü sən,
Yaxşı baxsan o daşın qəlbi də canla doludur...
Bu günün qürbətinə döz sabahın vəsli üçün,
Şeş cəhətdən bu cahan yaxşı-yamanla doludur...
Saymanın küfrü belə Allaha iman kimidir,
Qəribin, çünki günü ahü-fəğanla doludur...
***
Yenə külək, yenə qəm, yenə bu kirli matəm,
Belənçi bir havada, lap yeri vardır ölsəm...
Mən o qədər yoxam ki, yaşamağım bilinmir,
Nə fərqi var dünyaya, ya bir artıq, ya bir kəm...
Elə darıxıram ki, Tanrı belə kövrəlir,
O gədər ağlayır ki, "quruyur" abu-zəmzəm...
Bisütunu qazmağa müvəffəq oldu, amma
Məndəki tənhalığa olmadı sevgi mərhəm.
Hər bir kəsin dünyada var bir kəsi, İlahi,
Bəs mənim bu dünyada niyə yoxumdu kimsəm?
Əyildim ki, dərdimi danışım öz kölgəmə,
Gördüm məni tanımır ayağım altda kölgəm.
Yandırdığın şəmin də diqqət elə cinsinə,
"Özüm alışdım" - deyib, üzünə durmasına şəm!
İçimdəki üsyanım heç bir sözə sığışmır,
Nə də yazanmaz onu, başı kəsilmiş qələm.
İlahi, gəl bir dəfə qonağım ol evimdə,
Nə olsun ki, Allahsan, mən də sənin bəndənəm.
Bir ömürdür səninçün, dağı-daşı gəzmişəm,
Sən də mənimçün yeri, bircə qarış, bir qədəm.
Ah, Koroğlu, hardasan, qılıncını ver mənə,
İstəyirəm bu axşam, leşi leş üstə sərəm.
İçimdəki dalğalar boyun aşır dünyanın,
Nə olsun ki, sahilə hələ çırpınmır ləpəm.
Saymanın kim olduğu, son misradan bəllidir,
Bir az vətən həsrəti, bir xeyli də qürbətəm.
İtmiş vicdan
Deməyin ki, bu küləklər, bu bulut, hardandır,
Şəhərin üstünə çökdü kədərim, ondandır.
Bir əlimdə qədəhu, digər əlimdə "Quran",
Gedirəm Qibləyə sarı, hədəfim üsyandır.
Mən Əbabil quşutək seyr edirəm dünyanı,
Harda bir Əbrəhə görsəm, təzə bir meydandır.
Sorsalar ki, nədir Allah? Deyərəm "bismillAllah";
Dünya eşq karvanıdır, Allah ona sarvandır.
Aşiqin olduğu yer aqil üçün qəmxanə,
Aqilin olduğu yer, aşiq üçün zindandır.
Qafı fəth eyləməyin çarəsı Simurq deyil,
Eşq ilə meraca çıxmaq belə çox asandır.
Bir gələn vardı dünən Təbrizimin səmtindən,
Söylədi nə gətirim? Nə istəsən qurbandır.
Söylədim bir yara var qəlbim içində, ey dost,
Təbrizin torpağı da o yaraya dərmandır.
Düşmənin tapdağının olsa belə altında,
İşğal altında belə olsa da torpaq, candır.
Gözlərimdən xəbər alma halımı, dost isən.
Ürəyimdən xəbər al, gör ki, necə qan-qandır.
Sanma ki, təkcə kağızlardakılardır "Quran",
Kağız üstündə hələ yazılmayan, "Quran"dır.
Axtarırlar bir ömür nəysə adamlar, Sayman
Kimsə bilmir ki, onun itirdiyi vicdandır.
***
İlahi, ixtiyarından bir az da bizlərə pay ver,
Burax Allahlığı, ya rəbb, bir az insanlara hay ver.
İgid boz qurdlarıq, amma qoca kaftarlara qarşı.
Cılız düşmən əta etmə, verirsən bizlərə tay ver.
Çökübdür dünyaya sanki cəhalət zülməti göydən,
Günəşdən bir haray yoxdur, varındırsa bizə Ay ver.
Min illərdir ki, biz Türklər sənin eşqinlə cəng etdik,
Günahdırsa əgər sevgin, əzabın birbəbir say ver.
Muğanda zülm aşıb həddən, ölübdür Xan Çoban dərddən,
Gedir namusumuz əldən, Saranı atmağa çay ver.
Anam Tomris ölən gündən, bu xalqın heç üzü gülmür,
Anaların dilindən al ağılarını, layla ver.
Dilimizdən çıxan hər söz, bir oxdur ki, cahad istər,
O tiri düşmənə qarşı uzatmaqçün bizə yay ver.
Bir olmaqçün nə etdiksə, hələ ki faydası yoxdur,
Gəl al bu toyları bizdən, bir olmaqçün qurultay ver.
Ya gəl bu Saymanı öldür, elə azad onu qəmdən,
Ya da ki, şad elə könlün, na nay nay nay, na nay nay ver...
***
Ək yenidən dirçələk, lək, lək...
Taleyimdə qarğa var, qar-qar.
Dörd tərəfimdə divar, var, var.
Ardı mənə bu həyat, ar, ar,
Gəl məni burdan apar, yar, yar...
Sığışmayır cismə can, can-can,
Deyir damarımda qan, qan-qan!
Hanı vüsalın axı, han? han?
Söküləcək indi dan, dan, dan!
Bu həyatın fikri nə? Nə?! Nə?
Bir cavabın yoxdu, hə? Hə! Hə!
Vəhy gələndə bəri, və, və,
Vurulmuşuq bir səsə, sə...sə...
Budur cavabi-sual, al, al,
Əllərini boynuma sal, sal,
Dala bildiyin qədər, dal, dal,
Yanımda qal, burda qal, qal, qal...
Səslə məni tanrıtək, tək...tək...
Qəlbimə bir sevgi ək, ək, ək.
Çək məni yerdə göyə, çək, çək,
Ək yenidən dirçələk, Lək...Lək...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!