"Vətən! Sən də uca saxla başını, - Biri gedir.., yüzü gəlir yerinə!.." - Şeirlər. Əşrəf VEYSƏLLİ

 

Vətən sevgisi

 

Səhra könülləri bağa döndərən

Xəbər sevgisidir Vətən sevgisi.

"Lələtəpə"ləri dağa döndərən

Zəfər sevgisidir Vətən sevgisi.

 

Üzünə qələbə günəşi gülər,

Qəlblərə məhəbbət şəfəqi çilər,

Güllərdən boylanar, göylərdən gələr,

Səhər sevgisidir Vətən sevgisi.

 

Halal süfrəmizdir bu Mil, bu Muğan,

Vətən ər böyüdən, Ana - ər doğan!

İgid babaların bizə ərməğan,

Özəl sevgisidir Vətən sevgisi.

 

Odur sevdamızın ruhuna qanad,

Bir dəmir qəfəsdir onsuz bu həyat.

Bu Göygöl, Maralgöl, Marxal, Batabat,

Xəzər sevgisidir Vətən sevgisi.

 

Baş olsun! - Çəkməsin başım çəkəni,

Torpağım çəkəni, daşım çəkəni,

Yazağzı "Sərsəng"dən daşıb güclənir,

Tərtər sevgisidir Vətən sevgisi.

 

Kor olsun bu günü görə bilməyən,

"Can" deyib canını verə bilməyən!..

Qisas almayınca qına girməyən,

Xəncər sevgisidir Vətən sevgisi.

 

Onun hər tərəfi, hər yanı səngər,

Uçqunu, daşqını, yarğanı səngər.

Döşəyi səngərdir, yorğanı səngər,

Səngər sevgisidir Vətən sevgisi.

 

Özünü şəhidlik oduna atan,

Solduqca çoxalan, öldükcə artan,

Vətən bayrağına bükülüb yatan,

Əsgər sevgisidir Vətən sevgisi.

 

 

Gəlir yerinə

 

Xalqımızın dəyərli oğlu, general-mayor Polad Həşimov şəhid olan gün Qəbələdə doğulan oğlan uşaqlarının hamısının adını Polad qoyublar.

 

Ovu gərək bərəsində vurasan,

Babaların sözü gəlir yerinə.

Tələsini vədəsində qurasan,

Şikar onda özü gəlir "yerinə".

 

Laçında bir dərə var ha, hansıydı, -

"Şordıvazlar" Soltan bəyin qazıydı?..

O tərəflər fəsillərin yazıydı,

Ömrümüzün yazı gəlir yerinə.                      

 

Şəlalələr zirvələrdən sallanır,

Dərələri yallı gedib hallanır.

Arıların pətəkləri ballanır,

Çiçəklərin nazı gəlir yerinə.

 

Yamaclara duman çökür, sis gəlir,

Qalayçı qış dərələrin misgəri...

Bu yurd üçün şəhid olan əsgərin

Mehdi gəlir, Həzi gəlir yerinə.

 

Tanımırsan bu haykları, hayları? -

Oxun atıb, gizləyirlər yayları...

Susdurulmuş bulaqların, çayların

Nəğmələşmiş səsi gəlir yerinə.

 

Vətən üçün şəhid doğmur hər doğan,

Ərən doğmur, igid doğmur hər doğan.

"Ərgünəş"ə salam verir Ərdoğan,

Dağı gəlir, düzü gəlir yerinə.

 

Nuru Paşa, qaldır yenə qoşunu,

Düşmənlərin qançıxmazı qaşınır...

Vətən! Sən də

            uca saxla başını, -

Biri gedir.., yüzü gəlir yerinə!..

 

 

Sən qalib gələcəksən

           

Cüssəndə can oyanır, canında qan oyanır,

Köksündə illər ilə yatmış vulkan oyanır.

Talış, ləzgi, avar, türk.., Azərbaycan oyanır,

Vətən, gözlərin aydın,

            Gözlərin aydın,Vətən!

Ürəyimə dammışdı: sən qalib gələcəksən!

 

Uca saxla başını, əymə daha qəddini,

Qoymarıq qanlı düşmən bir də aşa həddini. 

Kirpiklə qoruyarıq göz adlı sərhədini,

Vətən, gözlərin aydın,

            Gözlərin aydın,Vətən!

Bu müzəffər yürüşdə sən qalib gələcəksən!

 

Biz Vətən savaşında hamımız mücahidik,

Hərəmiz yüz əsgərik, hərəmiz yüz igidik,

Qalırıqsa - qaziyik, ölürüksə - şəhidik,

Vətən, gözlərin aydın,

            Gözlərin aydın,Vətən!

Bu duruşla, yerişlə sən qalib gələcəksən!

 

Sənin işin haqq işi, savaşın haqq savaşı,

Babalardan əmanət doğma torpaq savaşı,

Əldə bayraq savaşı, başda papaq savaşı,

Vətən, gözlərin aydın!

            Gözlərin aydın,Vətən!

Bu mübarək savaşda sən qalib gələcəksən!

 

Bayrağını öpməyə qalxıb Savalan gəlir,

Üstünə gül səpməyə Mil gəlir, Muğan gəlir,

Burdan İlham Əliyev, ordan Ərdoğan gəlir,

Vətən, gözlərin aydın,

            Gözlərin aydın,Vətən!

Bundan belə hər işdə sən qalib gələcəksən,

            Sən qalib gələcəksən!!!

 

 

Sözün qələbəsi

 

Vətən, təbrik edirəm, təbrik edirəm səni,

Qəlbindəki duyğunun, hissin qələbəsidir.

Susmuş bulaqlarında hərarətin, hənirin,

Sönmüş ocaqlarında közün qələbəsidir.

 

Yurdu bizə əmanət qoyub babalarımız,

Çox qanları su ilə yuyub babalarımız.

"Səbr Allahın adıdır" deyib babalarımız,

Otuz illik həsrətin dözüm qələbəsidir.

 

Nə yaxşı! - gördüklərim nə yuxudur, nə röya,

Günəş də gülümsəyir nurunu yaya-yaya.

Bu işıqlı dünyaya, yaraşıqlı dünyaya

Zülmətlərdən boylanan gözün qələbəsidir.

 

Büllur kimi suları dərələrdə lillənən,

İstəkləri gül açan, arzuları dillənən,

Əngin səmalarında bayrağımız yellənən,

Ərgünəşin, Murovun, Kirsin qələbəsidir.

 

"Heyratı"nın sədası öz dünyamdan qoparır,

Bu yaşımda məni də "cəngi" cəngə aparır.

Tarzənin sinəsində tar da tufan qoparır.

Aşığın köksündəki sazın qələbəsidir.

 

Biz Vətənə can demir, canı qurban deyirik,

Yüzillik düşmənini 44 günə əyirik!..

Bu şanlı qələbəmiz şər üstündə xeyirin,

Sərt qışın üzərində yazın qələbəsidir.

 

Vurğunuyuq burdakı hər döngənin, guşənin,

Başına dolanarıq bizi başa düşənin.

Xocalının, Ağdamın, Xocavəndin, Şuşanın..,

İntiqamın, qisasın, hirsin qələbəsidir.

 

Aynasından Ay, ulduz asılan körpələrin,

Oyuncaq dünyaları pozulan körpələrin,

Taleyinə şəhidlik yazılan körpələrın,

Yelləncəkdə yellənən qızın qələbəsidir.

 

Hamı zəfər eşqində, qələbə həvəsində,

Od yağır komandirin "Atəş! Atəş!" səsindən...

Qəhrəman əsgərlərin döyüş salnaməsində

Qızıl sözlə yazılan qızıl qələbəsidir.

 

Öz fərmanı olurmuş hər vaxtın, hər zamanın,

Möcüzəsi var imiş Şuşamızda dumanın.

Dilinə qurban olum, Ali Baş Komandanın,

Cəsarət meydanında sözün qələbəsidir!

 

 

Şuşa döyüşü

 

Bu da əsrimizin Şuşa döyüşü,

Bu da nəslimizin təzə mərdliyi.

Sözdü, - danışsalar, gözdü, - görsələr,

Tanrım gətirməsin gözə mərdliyi.

 

Bu bir haqq savaşı, - möcüzə döyüş,

Necə də yaraşır gör bizə döyüş..,

Bu da əlbəyaxa, üz-üzə döyüş,

Çevirə bilmirəm sözə mərdliyi.

 

Keçib keçilməyən o şırımları,

Aşıb aşılmayan aşırımları,

Keçirib qoluna ildırımları,

Özəl ordumuzun özəl mərdliyi.

 

Sevinc duyğuları qəmləri təklər,

Coşub yallı gedər yallar, gədiklər...

Tarzan öz tarını "cəngi"yə köklər,

Aşıq təlim edər saza mərdliyi.

 

Nəmli gözləriylə odlar götürən,

Qisasa səsləyən, vəcdə gətirən,

Şəhid tabutların altına girən,

Analar öyrətdi bizə mərdliyi.

 

Dünya yalanlardan bezər sonucda,

Haqqı, ədaləti çözər sonucda.

Hərbi dərsliklərə yazar sonucda,

Bu ər döyüşünü, gözəl mərdliyi.

 

 

Əşrəf Veysəllini

kim tanıyır ki...

 

O, alış-verişdən uzaq yaşayır,

Hər cür göstərişdən uzaq yaşayır.

81 yaşına çatıb təzəcə,

Məhlədə bir körpə uşaq yaşayır.

Əşrəf Veysəllini kim tanıyır ki?!

 

Bir gözü ağlayan, bir gözü gülən,

Sən ey əsəbləri gərilən vətən,

Sən ey igid kimi döyüşüb ölən,

Sən ey şəhid kimi dirilən vətən,

Əşrəf Veysəllini kim tanıyır ki?

 

Gah donub yerində qalır daş kimi,

Qayğılar tökülür hər gün üstünə.

Ovuna şığıyan qızıl quş kimi

Ürəyi şığıyır dərdin üstünə,

Əşrəf Veysəllini kim tanıyır ki?

 

Heç ölüm-dirimə baxmaz analar,

Vətən şəhid-şəhid anadan olar.

Onu sevməyəni doğmaz analar,

Ona vurulanlar qəhrəman olar,

Əşrəf Veysəllini kim tanıyır ki?

 

Sol əli günlükdür qaşının üstə,

Dağlara boylanar - yolları bağlı.

Sağ əli keşikdə - döşünün üstə,

Sən də tanımırsan, ay qarabağlı,

Əşrəf Veysəllini kim tanıyır ki?

 

Onu yağmalanmış yurddan soruşun,

Kürkünə bit düşmüş dərddən soruşun.

Yurduna sahiblik edə bilmədi,

Sahibsiz pişikdən, itdən soruşun,

Əşrəf Veysəllini kim tanımır ki?

 

Desələr sabahdan döyüş başlayır,

Vətəndən Vətənə yürüş başlayır.

Yelin yalmanına yatıb gedər o,

Hər şeyi yarımçıq atıb gedər o.

 

Başında buludlar, gözündə şimşək,

Məşhur bir əsərin qəhrəmanıtək

Köksündən çıxardıb öz ürəyini

Əlində məşəltək tutub gedər o.

Əşrəf Veysəllini kim tanımır ki?

Əşrəf Veysəllini kim tanıyır ki?

 

 

Dünyanın ən böyük şairi

 

V.B.Odərə

 

Söz ömrünün sabahına qovuşmaz

Yurdun yurddan uzaqlaşan şairi.

Yerə-göyə, ev-eşiyə sığışmaz,

Yaşlaşdıqca uşaqlaşan şairi.

 

Ay parlayar, günəş gülər gözündə,

Nur süzülər, dürr tökülər sözündən.

Könüllərin yamacında, düzündə

Kəlmələri gül-gül açan şairin.

 

Zənn edər ki, biz hamıdan öndəyik,

Söz nə gündə? - biz də həmin gündəyik.

Deyər: "Mənəm bu dünyanın ən böyük,

Məmləkətin ən balaca şairi".


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!