...Allah yolunda
namaza tutduğumuz
dəstəmazdı körpəliyimiz.
Yaşaya-yaşaya
pozduğumuz namazdı
günaha köləliyimiz.
Dərdlərimiz -
nə vaxtsa işlətdiyimiz
günahlarımızın əvəzi.
Günahlarımızı dərd-dərd
əvəz edəcək gələcək.
Gün gələcək
yüksələcək səd-səd,
yüksələcək.
***
...və hər itki
bir qapıdı içimizə
İtki-itki, qapı-qapı,
köçürük içimizə.
İtki-itki, qapı-qapı,
görünür içimiz.
İtki-itki, qapı-qapı
böyüyür içimiz.
İçimiz - gəzdiyimiz yer üzündən böyük
İçimiz - gördüklərimiz göy üzündən böyük.
Böyüyürük....
Böyüyürük.
***
...bugünkü kimi
yadımdadı o gün,
o gündən başladı bu gün.
***
...xoşuma gəlməyən səs olanda
qulaqlarımı tuturam.
Ayaqqabılar ayağımı sıxanda
çıxarıb atıram.
İçimdən çölümə yaxındı əlim.
Bağışla məni, ürəyim.
***
...göyün yeddi qatından keçdim,
Uzaqlar yaxın olmadı.
Ruhumu tərk edib enirəm
Yolum yeddi qatımdan keçir,
dönə bilmirəm.
Hələ də
səsimə çıxa bilmirəm...
Yer uzaq,
göy uzaq,
mən uzaq.
***
...Nəsimiyəm -
ömrüm Hələb.
Mənəm dəvəsi ölmüş ərəb
qəm dəminin sərhasında.
***
...vaxtdı...
sevdaca uzanmadı yolumuz.
Üz tutub keçəcəyimiz
döngələrin vaxtıdı.
Ayrılıq - xatirələrin yaşamaq haqqıdı.
Vaxtdı.
Sahil həsrətli dalğaların
pərvanə vüsalı,
dənizləri ağrıdırmı?
Gözlərindən sildiyin yaş
ürəyinin daşıyacağı
yükdən ağırdımı?
Sönən ocaqların odunu
külə dönəsi
gününə yanırdımı?
Vaxtdı.
Bu dünyanın işığı
ayağımıza uzanan
köləmizin baxtıdı.
Dünyanın qərib vaxtıdı.
Vaxtdı,
vaxtdı haqq.
***
...göy üzündəki uzaqlıq
Sevdaların ümidini oxşar gecələr
Daha yüksək ucalıqda gecələr
Görmədiyimiz ulduzlar.
Eşidirsənmi,
yüksəkliklərdə enən buludun
son nəfəsidi bu yağış.
Hər düşən damla
itirdiyi yüksəkliyə dönə biləcəkmi?
Tale ömürdüsə
analarımızın üzü güləcəkmi?
Ağlımız
daş qəfəsidi ürəyimizin
Duyursanmı, içimizdəki ağrı
boğulan səsidi dilimizin.
Tahir Aslanlıya
...Qafqaz meşələrindəki
ağcaqayın görkəmidi
Moskva şəhərində kəndçiliyim.
Bu gündən dünənə,
dünəndən bu günə
işləmir qatarlar,
işləmir təyyarələr gözləyim.
Ümid də yox dözməyim.
ümid yoxdu ölməyim.
Mən dünən yaşadım
mən bu gün yaşadım
xəbərin varmı?
Kədərin varmı yaşadım.
Üstündə gəzdiyimiz torpaqda
sələflərimizin itmiş izi
Ölüm sələflərimizin səsləməsidi bizi!
Ölüm yoludu ömür!
Qafqaz meşələrindəki ağcaqayın görkəmidi
Moskva şəhərində kəndçiliyim.
***
...elə bil insan ömrü bir gəmidir,
səfərə çıxıb həyat dənizinə.
Beşik - bu gəminin doğma limanı,
ürək - kapitanı.
Arzular - gəmiyə yol göstərən mayak,
Səadət - son mənzil,
gəminin yan ala bilməyəcəyi sahil.
***
...mən böyüyə-böyüyə
böyüyüb evimiz,
böyüyüb kəndimiz
Böyüyüb kəndimizin uşaqları
yollara qarışıb başları
yadlarından çıxıb oyuncaqları.
Mən böyüyə-böyüyə
böyüyüb gördüklərim
böyüyüb bildiklərim.
Böyüyüb-böyüyüb görmüşəm ki,
insanların göz yaşları
gözlərindən böyük
ürəkləri özlərindən.
Mən böyüyə-böyüyə
Kəndimizdən uc alan yollar böyüyüb
çaxa bilməmişəm heç yerə
Kəndimizdən ucalan dağlar böyüyüb
çata bilməmişəm zirvəyə.
Mən böyüyə-böyüyə
gözlərimin həsrəti böyüyür ürəyimdə
Mən böyüyə-böyüyə
böyüyür yaşamaq isəyim də.
F.Q.Lorkasayağı
...portağallar... limonlar...
Pəncərə önündə tənha qadınlar
həzin gecələrdən ümid soraqlar.
Limonlar, portağallar,
batan gəmilərə üzmür limanlar.
Portağallar, limonlar
uçdular körpülər,
əlvida, yollar!
Limonlar, portağallar.
Sahibsiz yollarla
kimlər addımlar?
***
...deyə bilməyəcəm sənə
demək istədiklərimi.
Eşidə biləcəksənmi məni?
***
...ağrıların
şeir-şeir çiçəklənən günüdü.
Dünyanın, zamanın bu günündə
İnsan doğulan bəndələrin
dərd-dərd təklənən günüdu.
Azərbaycan analarıtək
həzindi Bakı küçələrində əsən külək
göz yaşından çıxan ürəkdi
daşdan çıxan çörək.
Kövrəldir,
göynədir
bu külək,
bu çörək.
Ağrılar - nəşələrin, ölüm gorxusunun
qürubu içimizdə.
Ağrılar - İnsanlıq qüruru üzümüzdə
Fəqət,
İnsanlar yaşatmaq arzusudu anaların
Zülmətdə ulduzlar
gözlərə işıq ruzusudu qöylərin.
F.M.Dostoyevskiyə
Ömür yoldu,
yoxsa ürək?
Köçənləri ömür yordu,
yoxsa ürək?
Sualın cavabı
cavabın sualıdı
umduğumuz bu dünyadan.
O dünyadan qorxumuzdu
bu dünyada bizi yaşadan.
***
...bir vaxt yaşadığın o ev, o küçə
Həzin bir vağzalı salırdı yada.
Hava tutqun idi, sanki o gecə,
Sən getdiyin qatar düşürdü yola.
Ötürənlər sayaq durub ağaclar
Pərişan-pərişan əl edirdilər.
Bir vaxt əyləşdiyin oturacaqlar
Tənha adamlara bənzəyirdilər.
Vağzal havasında sevdalar - dəniz
Sahil dalğaları qarşılayırdı.
Həyətə açılan o pəncərəniz
Sanki qatar ilə uzaqlaşırdı.
Həzin sinədəftər xatirələrin
Coşqun şair kimi təbi gəlmişdi.
Masa ümidinə qalmış güllərin
Dönük taleyinə boyun əymişdi.
Bir vaxt yaşadığın o ev, o küçə
Həzin bir vağzalı salırdı yada.
Hava tutqun idi, sanki o gecə
Sən getdiyin qatar düşürdü yola.
***
...40 ildi şahidəm.
Yerin-göyün bu sükut ovqatı
Dəyişməz daha.
Hamı naməlumdu,
Təkcə ölülərin kimliyi məlum.
***
...ürək qapısında
Mən bir köçəri.
Ürək qapısında
Hisslər ötəri.
Canım çölə çəkir
Ruhum içəri.
***
...kimliyimin əbədi dəbi
qanımdadı hələ.
Kim bilir, daha nələri verəcəyəm yelə.
Bilirəm, ölməsəm, yanımda qalacaq kölgəm.
Yönümdən, könlümdən uzaqdadı ölkəm.
Bilirəm, illər öncə
göy susuz qalmışdı dənizdə
və əyni boş küçələrə yağış yağırdı bizdə.
***
...dəniz divarların son qapıları
okean ümidlər vəd edir yenə.
***
...sən daha gözəlsən.
Gözüm yox daha
gördüyüm,
düşündüyüm qadınlara.
Gördüyüm,
düşündüyüm qadınlara
sözüm yox daha.
Sən daha gözəlsən.
Bu axşam
evinizin qabağındakı küçədən
mən sevəcəyim tinə gəlsən,
dönə biləcəyəmmi?
Ölə biləcəyəmmi,
bu axşamkı gecədən
mən görəcəyim günə dönsən?
Sən daha gözəlsən.
Gözləsəm, gələrsən,
ölsəm, sevərsən.
Sən
daha gözəlsən.
***
...və birdən
taleyin hörümçək toru düşər
göylərin yağış izinə.
Bizə bənzər hörümçək toru.
Çünki ölə bilməz yaşaya bilməsə,
çünki yaşaya bilməz, ölə bilməsə.
Atdığımız, unutduğumuz
divarlardan, tavanlardan başlar yolu.
Havadan asılı qalar.
Nə yerə,
nə də ki, göyə söykənər
ömür boyu.
Və heç vaxt
dönməz geriyə
hörümçək toru.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!