Ağdam - Poema. Elşad BARAT - FOTOLAR

 

Əzizinəm, Ağdama,

Qara dama, ağ dama.

Səni viran qoyanın

Gözlərinə ağ dama.

 

Əzizim, yollar məni,

Uzağa yollar məni.

Otuz ildir gözləyir,

Ağdamda yollar məni.

 

Əzizim, bağrı yanar,

Düz yanar, doğru yanar.

Mən biraz da geciksəm

Ağdamın bağrı yanar.

 

1

 

Yuxu getmir gözümə,

Qəribə təhərim var.

Səhər açılan kimi,

Ağdama səfərim var.

 

Bir dəfə getməmişəm,

Görməmişəm Ağdamı,

Dağlar səs-səsə durub,

Torpaq çəkir adamı.

 

Vətən belə olurmuş,

Həyəcandan əsirsən,

Ayağın dəymədiyi,

Yollara tələsirsən.

 

Tələsirsən özünə,

Tələsmək yedi məni,

Dualarla gözləyir,

Cümə məscidi məni.

 

Pənahəli tikdirən,

Xan sarayı gözləyir,

Vətənin ruh şəhəri,

Can sarayı gözləyir.

 

Gözləyir, ya gecikəm,

Ya tələsəm, yaxşıdır?!

Hələ səhərə qalıb,

Mürgüləsəm yaxşıdır.

 

2

 

Az qalıbdır, birazdan

Söküləcək dan yeri.

Orda bizi gözləyir

Qarabağın can yeri.

 

Hamıdan tez oyanıb,

Gəldim vədə yerinə,

Bura vədələşmişik,

Xəzərin sahilinə.

 

Hələ ki, yoxdur gələn,

Gözüm yolları çəkir,

Biraz mən tələsmişəm,

Biraz onlar gecikir.

 

Odur gəlir bir nəfər,

Yolu Ağdam yoludur.

Dayan, dayan, qoy baxım,

Bu ki, Vüsal Nurudur.

 

Bir-birinin dalınca,

Bacı-qardaşlar gəlir.

Şairlər, bəstəkarlar,

Heykəltəraşlar gəlir...

 

Artıq saat yeddidir,

Yoxdur vədinə xələf.

İndicə qalxar maşın,

Üzü Ağdama tərəf.

 

3

 

Bəlkə hamıdan qabaq,

Aparsın külək məni.

Yollar boyu izləyir,

İki kəpənək məni.

 

İstəmirəm heçnə ta,

Bu gözəl adamlarla,

Gözəl səfər bəsimdi,

Şair, bəstəkar, rəssam, -

Sözdü, səsdi, rəsmdi.

 

Birimiz şeir yazar,

Birimiz rəsm çəkər.

Bu ağ kəpənəkləri,

Ovucuma kim çəkər?

 

Kim çəkər, hansı rəssam?

Yollara izimizi.

Ağdamın dağlarına,

Zəfər tariximizi.

 

Çəkməyə gərək də yox,

Şuşadan üzü bəri,

Düşmənlərə dağ çəkdi,

Azərbaycan əsgəri.

 

Çəkə-çəkə çəkmişik,

Sərhədləri, almışıq.

Nəisə, mən gedirəm,

Ağdama az qalmışıq.

 

4

 

Qarşımda dayanıbdır

Cəsarət kompleksi.

Pənahəli şahımın,

İmarət kompleksi.

 

Qulağıma səs gəlir,

Obaların köçündən,

Kimlər keçib görəsən,

Bu qalanın içindən?

 

İndicə xatirimə

Gələn hər kəs qayıdır.

Xudu Məmmədov gedir,

Qulu Ağsəs qayıdır.

 

Qayıdır divarlardan,

Üstümə haqqın özü,

Yazılıb hər daşına,

Tarixin vətən sözü.

 

Bu qalanın tarixi,

Məni hara yollayır?!

Güllər təbəssüm edir,

Çiçəklər əl yelləyir.

 

Daşa dönmüş tarixdir,

Ölkədə hər qalamız.

Bu da tarixin özü,

Pənahəli xan evi,

Ağdam zəfər qalamız.

 

5

 

Vətən şəhid qanıdır,

Şəhid vətənin canı.

İndi ziyarətimiz,

Şəhidlər Xiyabanı.

 

Hamı ziyarət edir,

Ocaq kimi, pir kimi,

Allahverdi Bağırov

Öndə komandir kimi.

Hər kəsin iç dünyası,

Göz yaşından bilinir.

Ruhların şad olması,

Başdaşından bilinir.

 

Biri körpə uşaqdır,

Biri yaşlı anadır,

Daşlar çiyin-çiyinə,

Məzarlar yan-yanadır.

 

Bu məzarın adı yox.

Vətən mənasıdır bu.

Bəlkə də bir ananın,

İtkin balasıdır bu.

 

Hər kimdirsə şəhiddir,

Başımızın tacıdır.

Zəfər savaşının da,

İtgiləri acıdır.

 

Acılarla böyüyür,

Analara tən olur.

Tökülsə şəhid qanı,

Torpaq da vətən olur.

 

6

 

Bu yerləri gördüm ya,

Buna görə Tanrıya,

Min dəfə şükür düşür.

Məni bura göndərən

Şair Rəşad Məcidə

Böyük təşəkkür düşür.

 

7

 

Burda mənə ən gözəl

Hissləri Ağdam verir.

Şəhərin baş planı,

Adama ilham verir.

 

İşlər çoxdan başlayıb,

Lil sular durulacaq.

Ağdam ağ şəhər kimi,

Yenidən qurulacaq.

 

Bu dağılmış evlərin,

Ağrıları keçəcək,

Yüz min ev tikiləcək,

Yüz min ailə köçəcək.

 

Köçəcək öz yurduna,

Ağdamlı soydaşımız,

Qalmayacaq evindən,

Uzaq vətəndaşımız.

 

Bu sökülmüş evin də,

Yerində ev tikilər.

Həyətində ağaclar,

Gül-çiçəklər əkilər.

 

Qayıdar Səməd kişi,

Toy edər nəvəsinə.

Qollarını qaldırar,

Oynayar beləsinə.

 

8

 

Vətənin yaşı olmur,

Amma ki, abidələr,

Göstərir əsrimizi.

İndi də qarşılayır,

Şahbular qəsri bizi.

 

Bu nə səsdir, ilahi,

Qala divarlarına,

Sanki çiçək toxuyur,

Sanki Arif Babayev,

Bizə muğam oxuyur.

 

Çiçəklər pıçıldaşır,

Gül danışır gül ilə.

Sanki şeir oxuyur,

Şahmar Ələkbərzadə,

Çiçəklərin diliylə.

 

Hərdən mən də coşuram,

Bir şeir oxuyuram,

Çayın şırıltısından,

Mənsum İbrahimovun,

Muğam səsin duyuram.

 

Duyuram ayrılığın,

Qovuşmağın səsini,

İlhamla Fərizənin,

Məhəbbət nəğməsini.

 

9

 

Durun öpək yolların,

Daşını, yola düşək,

Qədir dayı, işə sal,

Maşını, yola düşək.

 

Zaman quş kimi uçdu,

Su kimi axdı gəldi.

Qayıdırıq Bakıya,

Ayrılıq vaxtı gəldi.

 

Sağ ol, Cümə məscidi,

Pənahəli xan evi,

Sağ ol, Şahbulaq, sağ ol, -

Ağdamımın can evi.

 

***

Mən aşiqəm salınır,

Torpaq belə alınır,

Ağdamın sinəsində,

Yeni şəhər salınır.

 

Mən aşiqəm olacaq,

Hər iş yerin alacaq.

Ağdam öncəki kimi,

Gözəl şəhər olacaq.

 

Mən aşiqəm Ağdama,

Dərə, təpə, dağ dama.

Doymadım havasından,

Bir də gedək Ağdama.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!