Xəzər Süleymanlıya
Bu, ömür yollarında, mənim şəhidlərimdi,
Bular şeir deyil ki... Ölən ümidlərimdi.
Sərin nəzərlərimdi, soyuq baxışlarımdı,
Bular şeir deyil ki... Payız yağışlarımdı...
Zərərli "amma"lardı, zəhərli "bəlkə"lərdi,
Bular şeir deil ki... İnamda kölgələrdi...
Ürəkdə daşlarımdı, beyində yüklərimdi,
Bular şeir deyil ki... Günah şəriklərimdi...
Sinəmdə nizələrdi, belimdə qamçılardı,
Bular şeir deyil ki... Gözümdə damcılardı...
Cırıq kitablarımdı, əzik varaqlarımdı,
Bular şeir deyil ki... Şikəst uşaqlarımdı...
Kimə xeyirliyimdi, kimə yamanlığımdı,
Bular şeir deyil ki... İtən cavanlığımdı...
Gecə ekspressiyaları
Zər oynadım oyun qurum, cəza verim qulaq burum,
Bıçaq çəkim adam vurum... Vurum, gedim şeir yazım...
Nə zəncir olsa çeynəyim, dişim tökülsə, neyləyim,
Nə dərd çəkim, nə qəm yeyim... Yeyim gedim şeir yazım...
Tökülməmiş başım saçım, bir əl kəsim, ayaq açım,
Sözün düzün deyim, qaçım... Qaçım, gedim şeir yazım...
Yoxuşda büdrəyir atım... Qürubda gün kimi batım,
Ümidləri yığıb satım... Satım gedim şeir yazım...
Bu dərdə yoxsa bir yozum, sönüb gedirsə ulduzum,
Həyatı lövhədən pozum... Pozum gedim şeir yazım.
***
Göz yaşım axdı göyə, torpağa ahım düşdü,
Elə təsvir elədin, dərdə tamahım düşdü,
Çox çalışdım ki, savab ilə çıxım yollara mən,
Hara getsəm, yenə ardımca günahım düşdü...
***
Mənə bir qədəh Ömür ver,
Səsimi boğub sinəmdə, yaşayım sükut içində
Payıma düşən bu dərdi, daşıyım sükut içində.
Mənə bir qədəh külək ver,
Qapına gələn bu yollar məni salsa gər ayaqdan
Çəkib ahımı səmaya sənə göstərə uzaqdan.
Mənə bir qədəh ümid ver,
Ki ürəkdə gizli-gizli doğulan hər arzu istək,
Yuvadan yıxılmasın qoy gözü bağlı körpə quştək.
Mənə bir qədəh günəş ver
Bu qaranlığın içində səni əllərim tapanda
Mənə zillənən baxışlar unudulmasın bir anda.
Mənə bir qədəh inam ver
Göyə çırpılan ağaclar əl açıb dua edəndə
Əlimi açıb səmaya qoşulum duaya mən də.
Mənə bir qədəh ölüm ver,
Azacıq ümid edim ki, məni boğsa xəstə ruzgar
Bu zəhərlənən həyatdan hələ son çıxış yolum var,
Hələ son çıxış yolum var.
Şuşa ekspressiyası
Sən mənim Şuşamsan, çox gec tapdığım
Xəyalı dağınıq, fikri qarışıq,
Dumanla örtülən ipək saçların
Bir gün sığallıdı, bir gün dolaşıq...
Sən mənim Şuşamsan, səssiz-səmirsiz,
Baxışı utancaq, ruhu həyalı...
Elə bil sakitcə gözün açırsan,
İşığa çıxırsan qönçə misalı...
Sən mənim Şuşamsan, hər dəfə fərqli
Çox tez dəyişirsən bir an içində,
Bir xəyal kimisən, gah görünürsən,
Gah yoxa çıxırsan duman içində...
Sən mənim Şuşamsan, yağışlı, qarlı
Gah bir mələk oldun, gah su pərisi
Ağappaq qar tutdu üstünü bir gün,
Yağışa büründün günün birisi...
Sən mənim Şuşamsan... Ruhumun şəkli...
Məni göstərirsən özümə bəzən,
Hərçənd gec tapdım, amma yenə də
Saf bir güzgü kimi Çox qiymətlisən...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!