Şeirlər - Ağaverdi NƏSİROV

 

Qarabağ atları

 

Hərəkətli, qıvraq, çevik,

Cinsi vəhşi, qədim minik.

Sanki uçur Şanapipik,

Bu at Qarabağ atıdır.

 

Möhkəm bədən, səlis yeriş,

Yalı gurdur, alnı geniş.

Güc, əzəmət, fərqli duruş,

Bu at Qarabağ atıdır.

           

Kəhər, kürən, qaşqa, səkil,

Qabarıq göz, qısa kəkil.

Əzələli, gözəl şəkil,

Bu at Qarabağ atıdır.

 

Yeni ayğır, madyan, mələz,

Edə bilməz onu əvəz.

Qeyri-adi, üstün həvəs,

Bu at Qarabağ atıdır.

 

Belindəki Koroğlusa,

Dəli Həsən, Kürdoğlusa,

Çox düşərli, uğurlusa

Bu at Qarabağ atıdır.

 

Qırat, Dürat, Alapaça,

Nal qığılcım saça-saça.

Qoymaz yad at öndə qaça,

Bu at Qarabağ atıdır.

 

Parıltılı, narıncı rəng,

At üstündə gözəldir cəng.

"Çövkən" oynu coşqu, ahəng,

Bu at Qarabağ atıdır.

 

"Sultan", "Divar", "Şah", "Ağalar",

"Əlyetməz" cins, "Meymun", "Sərdar"?,

Kükrəyəndə şahə qalxar,

Bu at Qarabağ atıdır.

 

"Zaman" adı bəlirtisi,

Alqış alır hənirtisi,

Tərzi, rəqsi, kişnərtisi

Bu at Qarabağ atıdır.

 

 

Hələ

 

İçimin harayı ərşə dirənib,

Sənin qulağına çatmayır hələ.

Sənsizlik ömrümün hicran dağıdır,

Yəqin ki, ağlına batmayır hələ.

           

Sevginin əzabı bəxtimin payı,

Səndən gələn olsun, dərd etmə sayı.

Səninçün tikmişəm könül sarayı,

Neynim ki, könlünə yatmayır hələ.

 

Mən gördüm səndəki təlatümləri,

Eşqsiz heç nəyin yoxdur dəyəri.

Çıxmaza döşənib vüsal qəmbəri,

Nəbzim də dayanıb, atmayır hələ.

 

Ağaverdi, quşlar nə duyub getdi,

Sonuncu nəğməni oxuyub getdi.

Məni düşünmədi, yar qıyıb getdi,

Dilim də bir sözü tutmayır hələ.

 

Bəlkə də, bəlkə də...

 

Qara paltar geyib çıxma qarşıma,

Qara geyinəndə üzürsən məni.

Mənə ümid verdin, macal vermədin,

Könlümü qırmısan, əzirsən məni.

 

Ürək süfrə deyil, tarla deyil ki,

Satın almaq olmur, varla deyil ki.

Sevəmmədin məni zorla deyil ki,

Bir gün görəcəksən gəzirsən məni.

 

Təzəcə gəlinsən ağ paltarda sən,

Bəlkə ağ günlüsən, bəlkə darda sən?

Hər an yanındayam, olsan harda sən,

Bəlkə də, bəlkə də... sevirsən məni.

 

 

Xarıbülbül

 

Qubadlıda "Xarıbülbül" gülünü

ilk dəfə dərib mənə gətirəndə heyrətləndim.

 

Vətən bildin Qubadlını,

Qaçqın oldun, Xarı bülbül.

Sevindirmə, gəl düşməni,

Üzün gülsün barı, bülbül.

 

Atəş yaxır gül haləsi,

Həm duyulur zənguləsi.

Möcüzələr möcüzəsi,

Yarı güldü, yarı bülbül.

 

Şəhidim var aman-aman,

Qisasım var yaman, yaman.

Ağlamışıq zaman-zaman,

Nə ağla, nə zarı bülbül.

           

Bu nə qada, bu nə dərddi,

Yurdumuza qanad gərdi.

Şəhid olan bəxtəvərdi,

Dindir sazı, tarı bülbül.

 

Bura Cıdir düzü deyil,

Oxşarı var, özü deyil.

Bu qəzadı, yazı deyil,

Yaralıyam, sarı bülbül.

 

Qayıt bülbül, dön geri get,

Orda yaşa, murada yet.

Get, öz torpağında bit,

Get, Şuşada qarı bülbül.

 

 

Xudamın eşqinə

 

Pərvanələr hey fırlanır yanan ağ şamın eşqinə

O biçarə Şam da yanır iki nakamın eşqinə.

 

Bu cazibə nədir belə pərvanəni şama çəkir

Bir cüt olmaq, bütövləşmək

                        ruhi bir tamın eşqinə.

 

Çox bəlalar çəkdi başım, yazdım ömür dastanını,

Hər cəfaya, hicrə dözdüm sehri-butamın eşqinə.

 

Mən nələrdən gör keçmişəm,

                        hüzur tapsın ömür-günüm

Bir "sevirəm" deyən dilin,

                        bir saf kəlamın eşqinə.

 

Ünlülərlə təmas etdim,

                         ülfət qurdum, yoldaş oldum,

Mən qazandım rəğbətlərin,

                        bir xoş salamın eşqinə.

 

Öz işimin pərvanəsi, yanan şamın, dəlisiyəm,

Savad, ziya, zəka verdim cahi-cəlalın eşqinə.

 

İntiqama susamışdım,

                        indi dönüb dərd olmuşam

Dərdi sinəm çəkər-çəkməz...

                        Əfşan balamın eşqinə.

 

Mömin olmaq istəyirsən,

                        fikrin budur Ağaverdi,

Sən Quranı dərin öyrən,

                        öyrən Xudamın eşqinə.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!