Şeirlər - Eltun TÜRKEL

 

Nə olar, yuxuma

gəlmə gecələr

 

Nə olar, yuxuma gəlmə gecələr,

Bəlkə sənsizliyə alışam bu cür.

İsti nəfəsinə həsrət otaqda,

Soyuq yatağımla barışam bu cür.

 

İzn ver sarılım yoxluğuna mən.

Tənhalıq alnıma yazılan yazım.

Özünü tərk edib getdiyin kəsin,

Yuxusuna gəlmək nəyinə lazım?

 

Oyaqkən gəlməyə yol qoymamısan,

Odur ki, yuxumu seçib gəlirsən?

Qəlbimin eşq adlı qapısı bağlı,

Sən hansı qapıdan keçib gəlirsən?

 

Nə olar, yuxuma gəlmə gecələr,

Küskün ümidimi ovutmaq üçün.

Bircə yolum qalıb yatmayım daha,

Səni həmişəlik unutmaq üçün.

 

 

Sənsiz var olmağı

kimdən öyrənim

 

Qəlbinə dəymişəm, bəlkə, bilmədən,

Silməyə dəyərmi yazından məni?

Ölüm fərmanımı imzalamamış,

Kaş ki, dinləyəydin azından məni.

 

Sənsizlik ölümdən betər, əzizim,

Ölüb gözlərini yummağa nə var...

Mən özüm bilmişdim səni, yanıldım,

Özümdən mərhəmət ummağa nə var...

 

Gecə taleyimin qaranlığında,

Qarışıb zülmətə nəfəsim itib.

Bizim dünyamızda sənin inamın,

Mənimsə yaşamaq həvəsim itib.

 

Dünənin sevinci dünəndə qaldı,

Gedim sabahımı qəmdən öyrənim.

Sənlə var olmağı sən öyrətmişdin,

Sənsiz var olmağı kimdən öyrənim?

 

 

Şəhid övladının göz yaşlarında

 

Yağışlar, leysanlar, sellər gizlənir,

Qəlbləri titrədən yellər gizlənir.

İlahi, gör nələr, nələr gizlənir,

Şəhid övladının göz yaşlarında.

 

Hər bir damcısında cürət boy atır,

Cəsarət boy atır, qüdrət boy atır.

Anbaan düşmənə nifrət boy atır,

Şəhid övladının göz yaşlarında.

 

Oyaqdı, çətin ki, yata həsrəti,

Bilmir nə vaxt sona çatar həsrəti.

Hər gün pöhrələnir ata həsrəti,

Şəhid övladının göz yaşlarında.

 

Göylərdən enmirsə mələk deyil ki,

Tufan qoparmırsa külək deyil ki,

Əgər ərimirsə ürək deyil ki,

Şəhid övladının göz yaşlarında.

 

Onda haqq səsi var, nalə var, ah var,

İşıqlı gələcək, nurlu sabah var.

Vallah qibləgah var, ziyarətgah var,

Şəhid övladının göz yaşlarında.

 

 

Bir ana gördüm...

 

Bu gün bir ana gördüm

Xoşbəxtlikdən uzaqda.

Ümidinə sığınıb

Qar-boranda, sazaqda.

 

Bilmirdi, hara gedir,

Üz-gözünü bürüyüb.

Arxasınca dərdinin

Kölgəsini sürüyüb.

 

Üç almasız bitmişdi

Onun ömür nağılı.

Divə məğlub olmuşdu

Xəstə yatan oğulu.

 

Ehtiyac qürurunu

Salıb bağlı qəfəsə.

Övladının ağrısı

Əl açdırır hər kəsə.

 

Əzabların rəsmidir

Bu qədd-qamət, bu duruş.

Göz yaşının yüküdür

Yığdığı qəpik-quruş.

 

Hər dəfə əl açanda

Qəpik-qəpik ələnir.

İnsanlar arasında

İnsanlığı dilənir...

 

 

Ağlayan deyiləm

sənsizliyimə

 

Sənsiz gecələrim sabahdan uzaq,

Sənsiz gecələrin Ayı görünmür.

Fəsillər bölünüb arzular kimi,

Baharı görünmür, yayı görünmür.

 

Sənli ümidlərim yolda yorulub,

Baxışlar tövşüyür saldığın izdə.

Hər görüş günündə körpələşərdik,

O çılğın sevgidən nə qaldı bizdə?

 

Ağlayan deyiləm tənhalığıma,

Həsrətə yenildi duyulmasın qoy.

Üzümdə izi var dodaqlarının,

Gözümün yaşıyla yuyulmasın qoy.

 

Əlini tutmağa uzanan əllər,

Dönüb, taleyimin yaxasındadır.

Göz yaşım gözümdə əsir olubdur,

Kirpik barmaqlıqlar arxasındadır.

 

 

Hardasan?

 

Səndən yaman nigaranam nə vaxtdır,

Varlığımı var edənim, hardasan?

Sənlə gülüb, fərəhlənən könlümə,

Tənhalığı yar edənim, hardasan?

 

Şəklinə baxıb-baxıb doymuram,

Sənsiz ötən günü günə saymıram,

İstəsəm də hənirtini duymuram,

Hisslərimi kar edənim, hardasan?

 

Ulduzları pay vermişdin bir zaman,

Nur saçırdı gecələr də asiman.

İndi mənim yollarımı çən-duman,

Boran edib, qar edənim, hardasan?

 

Təbəssümdən əsər yoxdu üzümdə,

Təsəllini tapmıram ki, özümdə.

O dünyanı böyütmüsən gözümdə,

Bu dünyanı dar edənim, hardasan?

 

 

Təkadamlıq vaqon

 

Salam!

Mənə bir bilet təşkil edə bilərsiz?

- Salam, hansı qatara, səfəriniz haradır?

- Deyirlər, bir məkan var,

Möcüzə sağı, solu.

İki vağzal olsa da,

Cəmi bir dəmir yolu.

Nə kənd, şəhər, nə rayon,

O səmtə tərəf gedən,

Təkadamlıq bir vaqon.

- Heç nə başa düşmədim, məni üzürlü sayın.

- Eybi yox, vaxt keçmədən, qiyməti hesablayın.

- Vaqonlar ümumidir, təkadamlığı yoxdur.

- Mənim də yüküm çoxdur.

- Yükünüz bu qədər ağırmı?

- Heç özüm də bilmirəm,

bir vaqona sığarmı?

- Maraqlıdır, axı nədir yükünüz?

- Hamilə yoldaşımın alma arzusuna

            bəhanə gətirərək dediyim,

"Kal" sözünün ağırlığı.

Övladıma dondurma ala bilməyəndə

            kövrək-kövrək söylədiyi,

"Al" sözünün ağırlığı.

Son nəfəsində atamın qarşısında körpələşib,

İçimi çəkə-çəkə,

Gözümdən yaş tökə-tökə söylədiyim,

"Qal" sözünün ağırlığı.

Nə vaxtsa yad qadına

Ehtirasla baxdığımın ağırlığı,

O andaca peşman olub,

Ürəyimi sıxdığımın ağırlığı.

Ciblərimin fağırlığı,

Hər məmurun qapısında

            öldürdüyüm vaxtımın ağırlığı...

İllərdir üstümdə gəzdirdiyim

            anamın təqaüd kartının ağırlığı,

- Bəsdir, daha saymayın!

Yükünüzlə birlikdə,

Ağır oldu çəkiniz.

İnanmıram bir vaqona sığışa,

Bir qatarlıq yükünüz.

- Mən mütləq getməliyəm, sağol,

- Nə deyim, sizə yaxşı yol...

 

 

Vida günüdür

 

Bir pıçıltı ümid duyub gedirəm,

Sabahın eşqinə uyub gedirəm,

Bu günü bu gündə qoyub gedirəm,

Sabah bu günümün vida günüdür.

 

Saçımı bürüyən dənim yeni gün.

Gözümdə dumanım, çənim yeni gün,

Başımı qatacaq mənim yeni gün,

Sabah bu günümün vida günüdür.

 

Zaman tufanları xatırladırsa,

Dağlar da yıxılar önündə dursa.

Özümlə aparım yaxşı nə varsa,

Sabah bu günümün vida günüdür.

 

Bu günüm sabahın yeni nağılı,

Bir azca rəngarəng, qaralı, ağlı.

Dönmək istəsəm də qapısı bağlı,

Sabah bu günümün vida günüdür.

 

Zülmətə nur versə Ay bu gün versin,

Qəlbimdə arzular boy bu gün versin,

Mənə dəyər verən qoy bu gün versin,

Sabah bu günümün vida günüdür.

 

 

"Sən o qızın canı"

 

Bu gün xan bağına sənsiz gəlmişəm,

Mənzərəsi payız, havası payız.

Dən gəzir sərçələr biz gəzən yerdə,

Bir cüt qaranquşun yuvası payız.

 

Ağacdan yarpaqlar ayrılır bir-bir,

Payız da hissimə duyuq düşübdür.

Bəlkə də, ömrümdə bu gün ilk dəfə,

Gördüm Xan bağına soyuq düşübdür.

 

Bizi uşaq kimi əl-ələ görüb,

Daha yaşlı nəsil xısınlaşmadı.

Parkın girişində qaraçı qızı,

Tək görüb yanıma yaxınlaşmadı.

 

Axı, and verdiyi səni görmədi,

Yadımda, boynunu əyib durardı.

Məndən bir manatı alana qədər,

"Sən o qızın canı" - deyib durardı.

 

Bir qaraçı qızın əl açmamağı,

Bəlkə də, ən ağır cəzamdı mənim.

Cibimdə can verən bir manat nəzir,

Bu gündən ömürlük qəzamdı mənim...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!