Tənha qadın
Kədər solğun divardan
Baxıb ona irişər,
İşığı da söndürməz ki,
Qaranlığa ilişər.
...Kim gəlib götürəcək
Bəs bu qəmi üzündən?
Elə təkdi - diksinir
Ürək döyüntüsündən...
Yada düşər o sevgi
Köhnə bayatı kimi.
Əlindən saldığı qab
Sınar həyatı kimi.
...Qəfil bir zəng istəyir, -
Bir əli telefonda,
Biri göz yaşındadı.
Bəlkə elə xoşbəxtlik
Xəttin o başındadı?!
Qonşular da eşitməz, -
Kəsib hasar səsini.
Hər səhər sinəsinə
Çəkər azan səsini...
...Pəncərə arxasından
Onu çağıran yağış
Bəlkə tanrı səsidi?
Yoxsa, yoxsa o yağış
Sevgi şikəstəsidi?!.
Bir gün
Bir gün yaxamızdan yapışıb
Allahı istəyəcək uşaqlar
Deyəcəklər: "Neynədiniz Onu?"
Bir gün biləcəksən ki,
Dənizin üstündəki duman
Suyu qorumaq üçünmüş...
Bir gün məzarımı qorumaqçün
Başdaşım əsgər gedəcək...
Bir gün
su kimi
ayrılıqlar basacaq dünyanı...
Bir gün hamı atıb gedəcək
bu dənizi,
təkcə bu liman qalacaq.
Bir gün bütün günlər sona yığılacaq,
Əllərim bədənimdən yıxılacaq...
Bir gün dərk edəcəksən ki,
dünyadakı bütün cütlər
əslində təkdi.
Ən ağır ayrılıq
Allahdan ayrı düşməkdi.
...Bir gün
Üstünə duz səpsən də
Dadı qaçacaq ümidlərin də...
Coğrafiya müəllimi
Gənc coğrafiya müəlliminin
əlində tutduğu çubuq
elə dartınırdı ki,
sevdiyi qızın yaşadığı şəhərə tərəf.
Elə bil çubuq o qızı axtarırdı...
Sevinc axşam gələcəkdi
Çıraq oldum, işığımı
Salmağa bir adam olmadı.
Çoxu mənə "oğul" dedi,
Heç biri anam olmadı.
Bir düz üçün dağ çıxardı,
Dağı lap axsaq çıxardı.
Bu gecədən sağ çıxardım
Yanımda bir şam olmadı.
Bu əldi, ya boş əlcəkdi?
Bu ömür nə uzun çəkdi?
...Sevinc axşam gələcəkdi,
Gözlədim, axşam olmadı.
A zərgər, bu dünya
yaxşı zər deyil...
Sevdadı - gəldisə, boşuna gəlməz,
Dünyada hər kəsin başına gəlməz.
O ac sərçələrin xoşuna gəlməz
Gedib öz balama dən axtarmağım.
A zərgər, bu dünya yaxşı zər deyil,
Bu ki, şər evidi, bu, bəşər deyil.
Gecəylə gündüz də bərabər deyil, -
Nədir bu dünyada tən axtarmağım?
Payız soyunmuşdu... girmədim bağa,
Mən baxa bilmirəm solan yarpağa.
...Bənzəyir səhrada su axtarmağa,
Səndən uzaqlarda sən axtarmağım...
Bir azdan gecəni əridər bu şam
Mən dedim bu dünya sığsın canıma,
Amma demədim ki, dünya dar olsan.
Mən sənin üzünə sevdim dünyanı, -
Qoy dunya üzünə minnətdar olsun.
Dağda lalələri bəlkə qan çəkir?
Damlanın dərdini bir ümman çəkir...
Şirəni güldən yox, tikandan çəkir,
Belə "arı"lara bəlkə ar olsun?!
Bu gün göy üzündən qovulmuş quşam,
Bir azdan gecəni əridər bu şam.
Bu ölüm yolunda bir can qoymuşam,
Qoydum ki, məndən də yadigar olsun.
O yel nəğməsini çölə oxuyur,
Ocaq son duanı külə oxuyur.
İlahi, bu quş ki, belə oxuyur,
İndi insafdımı adam kar olsun?!
Mən sənin adını sulara verdim...
O qumun üstündə o iz mənimdi...
O yan Allahındı, bu üz mənimdi.
Sən sahil olanda dəniz mənimdi, -
Verdim dənizi də qağayılara.
Bu ömrü bir neçə suala verdim...
Çaylar da axmadı... su ara verdi.
Mən sənin adını sulara verdim,
Verdim dənizi də qağayılara...
Səni yermi aldı, göylərmi çəkdi? -
Günəş neynəsin ki, günəş də təkdi.
Qalsaydım, dənizi mən içəcəkdim, -
Verdim bu dənizi qağayılara.
Nə olsun, qoruna-qoruna qaldım? -
Mən də bu taleyin zoruna yaldım.
Gördüm su pərisi soruşur səni,
İlişib balıqçı toruna qaldım...
Verdim bu dənizi qağayılara.
Ömür - yanmış zəmi kimi
Su çəkən kağız kimiyəm,
Gəzdirirəm can yerinə.
Günəş deyil, bəlkə qandı,
Yığılıbdı dan yerinə?!
Bizi sevgi səsi çəkir,
Bir ilahi səsdi, çəkir...
O kimdi eşq rəsmi çəkir
Sinəmin kətan yerinə?
Ömür-yanmış zəmi kimi,
Su baçmış zirzəmi kimi.
...O qız batan gəmi kimi
Dönmədi liman yerinə.
Düşüncə
Dənizə baxanda düşünürsən ki,
görəsən,
Torpağın üstünə suyu kim sərib?!
Dağların başında düşünürsən ki,
bəlkə çiçəklərin davası düşüb -
lalələr hamısı qan içindədi?!
Baxçaya çıxanda düşünürsən ki,
bəlkə külək
nəğmə dərsi keçir
sırayla düzülən ağaclara?
Səmaya baxanda düşünürsən ki,
bəlkə günəş
göyə çəkilmiş portağal rəsmidir?!
...Bu gülə baxanda düşünürsən ki,
bəlkə bu gül bir gülüşdü, -
O qızın dodağından düşüb?!
Kül
Kağızın içində yandı bu ömür, -
Mən adam külüyəm, ya kağız külü?
Yanan ürəyimdə o qız da yandı, -
Bir az öz külüməm, bir az qız külü...
İndi gecələr ömürdən uzun,
Ölümlə oyunda ölüm uduzur.
Hər axşam yandırır ayı-ulduzu,
Tanrı səhər yığır ay-ulduz kimi.
Dərd çaxmaq daşıdı, - daşdan yanmışam,
Ayaqdan od alıb, başdan yanmışam...
İlahi, nə yaxşı, eşqdən yanmışam, -
Baha eləmişəm bu ucuz külü...
Yaşıl köynəkli oğlan
Vaqif Bayatlıya
Dərdinin şairidi,
Bu dilin şairidi.
Yaşını soruşmayın,
Min ilin şairidi.
Bəlkə də bu dünyanın,
Ən diri şairidi
Yaşıl köynəkli oğlan.
...Dünya ovcunda ikən
Niyə yerə salmısan?
Əynindəki köynəyi
Çəməndənmi almısan
Yaşıl köynəkli oğlan?
Yaşıl-yaşıl şeir yazıb
Əyninə geyən oğlan.
Heç utanma yaşından,
Çıxma, çıxma yaşıldan...
...Yaşıl sevmədilər,
Yaşıl yaddaşın olsun.
Yaşılköynək ağaclar
Sənin adaşın olsun,
Yaşıl köynəkli oğlan.
...Xəbəri yox, bu dünya
Yanır yanar dağ kimi.
Çıxar o köynəyini
Qoy dünyanın üstünə
Yaşıl bir budaq kimi...
Yaşıl köynəkli oğlan,
Orda nə axtarırsan?
Sən sevdiyim ağacı
Kəsdilər apardılar
Oynadığın yarpaqları
Yellər aldı qoynuna...
...Çoxu "dəli" deyib keçir
Sataşır sevincinə.
Çağır adamları,
Yaşıl köynək içinə...
... O kəsilən ağacın
Yeri indi göydələn.
Dən səpdiyin o quşlar
Çəkir səni göylərə...
Çəkil-çəkil göylərə
Öləndə də qayıtma
Bulud buludun olsun.
O yaşıl köynəyində
Yaşıl tabutun olsun.
Qayıtma, gəlmə bura
Girmə bütün altına
...Orda ulduzlar girər,
Tabutunun altına...
Göyə çöp daşıyan
bir quşam, ana
Bu qəmlə bəlkə də tanış olumşuq -
Mən elə bu qəmlə tay-tuşam, ana.
Yerdə yer tapmadım yuva qurmağa,
Göyə çöp daşıyan bir quşam, ana.
Bu sel quruyarmı günəşə sərsəm?
Sən qədim mövzusan, təzə əsərsən.
Dünyanın ən qoca ağacı sənsən,
Mən də o ağacda koğuşam, ana.
Qanadım var idi, qırıldı bu gün,
Sonuncu ümid də vuruldu bu gün.
Dərd mənə qalxınca yoruldu bu gün.
Mən tanrı dağına yoxuşam, ana.
O dağlar uludan uludu, sənsən?!
Bəlkə danışdıran bu udu, sənsən?
Bəlkə göy üzünün buludu sənsən -
Mən səndən tökülən yağışam, ana?
Sənin haqq bildiyin haqq-hesab imiş...
Ölüm - iynə imiş, ömür - sap imiş.
İçdiyim süd imiş, ya şərab imiş -
Dünyaya gələndən sərxoşam, ana?!.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!