***
Belə yaşamaq olmur;
Pərdəni çək,
Bir az qaranlıq düşsün evə...
***
"Dünya haçan azad olar?" - dedin,
Bilmirəm, ana...
Ancaq biz azad olacağıq dünyadan!
***
Onun...
Bunun...
Onun-bunun...
Ondan əvvəlki...
Bundan sonrakı...
İnsan ömrü nə qədərdir ki?!
***
Sən yazın əvvəlində, mən - qışın..,
Qovuşa bilmərik bu əksliklə
Yer üzündə.
Nə sənin "doğru"nda,
Nə mənim "düz"ümdə.
Yalnız ali nizamın
daha yüksək
"üçüncü" müstəvisində
birləşərik tamın hissələritək.
Tələbə yoldaşım
İlham İsmayıla
Qaratoyuq oxuyur, -
Su səsi bihuş olur,
Yarpaq səsi uyuyur.
Qağayı səsində qəm,
Sən oxu, qaratoyuq!
Yox, yox, bu, cəh-cəh deyil,
Candı çıxan boğazdan.
Susaq, min bir ağızdan
Qaratoyuq oxusun!
***
Göy yuxaya dönüb bu yay axşamı,
Gülməyin, kartofa bənzətsəm Yeri.
Kartofu yuxanın içinə qoyub,
Bal kimi dünyanı sanki yeyirik.
Şərbət leysan yağır.., göy gurultusu
partlayır qarpıztək şirinliyindən.
Mən sənə elə bir gül gətirmişəm,
Əkəsən arzunun bitdiyi yerdə.
Ruhum - bal arısı
Alaqaranlıqda ağ çiçək sanıb
qonur bal arısı axşam şehinə.
Başımı çiyninə qoyuram,
ruhum
batır saçlarının çiçək tozuna,
Çəkir şirəsini gülüşlərinin.
Güləş yanağında zər ləpələnir,
Günəş əl-üzünü yuyur üzündə.
Ya Ay ruhum doğur sağ çiynin üstən?!
Elə bil Gün Ayla qolboyun olur!
Oyyey, savab yazır mələk mələyə!
Ruhum - tellərinin sarı simində..,
"Orta Sarıtel"in, "Baş Sarıtel"in
dolanbaclarında, tozanağında
tövşüyür, təngiyir, tıncıxır nəfəs...
Ruhum - bal arısı, şeh içindəyəm.
Liliya
Tanrının ən gözəl şarkısı
quşların cəh-cəhi,
suların şırıltısı,
yarpaqların pıçıltısı
deyilmiş,
Bunu bildim
səsini eşitdiyimdə, liliya!
Novruzgülündə yaz gəldi,
İyul gecəsində Ay bədirləndi,
Son bahar qızılgül açdı,
Qartopu oynadım uşaqlığımla
səni gördüyümdə, liliya!
Beş bağla bağlandım baqicəsinə
bu fani dünyanın möcüzəsinə
əlindən tutduğumda, liliya!
Göy qurşağı oldu ən adiliklər,
Haqqın yolunu buldum
yol yoldaşlığında, liliya!
Nəfəs aldığın havadan nəfəsini aldım,
Əlin dəyən yerə alın qoydum,
Ayaq qoyduğun yeri dörd rükət öpdüm,
Öpdüm, öpdüm, öpdüm, liliya!
Ruhani ruhum
Haqqın dərgahına pənah apardı,
Rəbbin qüdrətinə iman gətirdim,
Səndən ayrılmaq
Sənə qovuşmaqmış, liliya!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!