Ayrılığın sazından könlümə yol aradım,
Dərdlərimin yazından könlümə yol aradım,
Haqqımı kəsdi dünya, küsmədim verdiyindən,
Çox olmadı, azından könlümə yol aradım,
Qoruduğu eşqimin müqəddəs haqq sayına,
Başına dolanmağı əvəz bildim payına;
Açdım könül qapımı ulduzuna, ayına,
Göy üzü ayazından könlümə yol aradım,
Bir ovuc yovşan ilə məni yurda bağlayan,
Qarabağ yanğısıdır ürəyimi dağlayan;
Xatirə bulaqların yaddaşında çağlayan
Səsindən, avazından könlümə yol aradım.
Ruhum canım əvəzi uçuna Diri dağa,
Baxa Araz üstündə Xudafərin cızdağa;
Hardan alsın dözümü, tablasın diri, dağa,
Dərdimin Arazından könlümə yol aradım,
Bu dünyanın ağrısı hellənib keçir məndən,
Toqquşan buludları sellənib keçir məndən;
Dərinlər üzə çıxır, güllənib keçir məndən,
Bu selin dayazından könlümə yol aradım,
Ha gözlədim bir gələ, taraza dura dünya,
Əyri əldə mizana bir təkan vura dünya;
Bu yıxılmış nizamı qaldıra, qura dünya,
Gəlməyən tarazından könlümə yol aradım,
Unutmaz bu gərdişi, yandırsalar közüm də,
Ürəyimin atəşi qovrulsa da sözümdə.
Sultan ola Mahmudu fərq eləməz gözümdə,
Bir nökər Ayazından könlümə yol aradım,
Qarışıb yaxşı-yaman, kor əməldə yaşayır,
Çətin ki, ayırasan - torpaq ələ, daş ayır;
Çox rəngi var dünyanın - neçə məna daşıyır,
Mən rəngin bəyazından könlümə yol aradım.
Bir özülü dağıdar olsa da dilsiz yalan,
Yalana bazar açsan, tökülər pulsuz alan;
Gözlərimin ağında yorulub yolsuz qalan,
Xələfli murazından könlümə yol aradım.
Düşüncə dağlarında neçə dağlar yarırdım,
Düşüncəmin yoluna bir qapı axtarırdım.
Ürəyinə yol tapıb, yeriyə bilsə hər kəs,
Nə deyir yaxşı bilər ürəkdən gələn hər səs.
Hər sinədə bir tar var, dilləndikcə xal yanır,
Hər sinədə bir ocaq odlanır, əhval yanır.
Düzünü tarzən bilər; ağlayır kimlər nədən,
Mizrab nəyi soruşur, söz açır simlər nədən?
Hər insanın qəlbində duyğu seli çağlayır,
Hər duyğunun taleyi gah gülür, gah ağlayır.
Hər ömür bir kitabdı fəsil-fəsil oxunur,
Oxunduqca hər duyğu ürəklərə toxunur.
Səyyah ol, səfər eylə könüllər diyarına,
Könüllər bulağından su ver duyğularına.
Ürəyimdən səs gəldi - işıq mənəm, gəl bəri,
Gələ bilsən görərsən işıq düşüncələri.
Çıxış yolu özünsən, özünə güvən, yeri,
Müdriklər öz qəlbində tapar istinad yeri.
Gördüm ki, yol açılır fikirlər arasından,
Tanıdım öz sözümü qan axan yarasından.
Öpdüm, oxşadım sözü, qönçələnsin, güllənsin,
Ruhumdan can verdim ki, cana gəlsin, dillənsin.
Misralar sıralanıb xəyalımdan keçdikcə,
İlhamım qanadlandı söz meyindən içdikcə.
Fikir-fikir nur verən söz başına dolandım,
Öz içimdə alışan ocaqlara qalandım.
Varlığım oda yandı səməndər ocağında,
Könlümə işıq gəldi adların qucağında.
Müdriklərdən kəlamlar xəyalımda ötüşür,
"Kəlilə və Dimnə"dən bir hikmət yada düşür.
Ağıllı o kəsdir ki, öyrənə əcdadından,
Öyrənə yaxşı-pisi, acı-şirin dadından.
Babasından qalan iz, atasından yol nədir?
Axtarsan düz yolu sən, bələdçi təcrübədir.
Yaşamağın yolunu bizdən əvvəl bilən var,
Bizdən əvvəl dünyada, ağlayan var, gülən var.
Odur ki, hər addımda əcdadları yada sal,
Şirinindən pay gətir, öz sözünü dada sal.
Mən kiməm? - sualını özündən soruşanda,
Kökün verər cavabı düşüncən qarışanda.
Adın yada düşəndə keçmişin axtarılar,
Yoluna işıq tutub kimliyinə varılar.
Pisləri inkar edib yaxşıları tanısan,
Nəsillərin dilində həyatın dastanısan.
Atan kimdir, baban kim? - hansı ilin barısan,
Hansı kökdən gəlirsən, kimin yadigarısan?
Gəlişinlə dünyaya söylə nəyi vermisən,
Hansı bağı becərib, meyvəsini dərmisən?
Əkiblər yemisənsə, əkməlisən yesinlər,
Dünyadan rəhmət payı halalındı desinlər.
Baxmısan qönçələnib açan qızıl güllərə,
Sevinmisən baxanda nəğməli bülbüllərə.
Söz bilənlər, aqillər yazıblar oxumusan,
Düşüncəndə hikmətdən xalılar toxumusan.
Sən də yaz, görən desin - havayı yaşamadın,
Ömür adlı yükünü gərəksiz daşımadın.
Qələmimdən nə çıxıb, yada saldım, aradım,
Hansı yolda izim var, harda qalıb öz adım?
Baş daşımın yazısı pozulmaz, əbədidir,
Əbədi olan dünya yozulmaz, əbədidir.
Yazıya pozu yoxdur - söz qalıb atalardan,
Atalardan qalan söz, uzaqdır xatalardan.
Qatar-qatar dəvələr, "Karvan körpüdən keçir",
Bir gün bilər nəvələr könlüm nələrdən keçir.
Beşgünlük sanmadım mən bu dünyanın işini,
Özümə ibrət bildim əbədi gərdişini.
Nadanların dilində şəxsin yeri puludu,
Aqillərin yanında hikmət uca, uludu.
Kim axtarsa yerimi "Dünyanın söz üzü"dü,
Haqdan gəlir hər sözüm doğrunun düz üzüdü.
Kim gəzsə Xələflini "Sözün ucalığında",
Haqdan gələn payı var sözün uca dağında.
"Od" qalandı varımda, sözə döndü hər ahım,
Bu ahların içində açılırdı sabahım.
Mən "Üçüncü dünyanın qorxusu"nu yaşadım,
Sözümdə qorxuların mənasını daşıdım.
"Bir bayatı çağırdım" dərdim dağlar aşanda,
Dözüm tutmaz səbir də, vaxtım çağlar aşanda.
Ruhum "Əbədi həyat arzusu"na kökləndi,
Çəkildikcə dost-tanış arzularım təkləndi.
Öyrəndim "Vaqifliyin poetik sirri"ni mən,
Çıxardım söz içindən mənanın dürrünü mən.
"Meyar" oldu hər sözüm söz bilənin sözünə
"Ağrı"nın, ayrılığın tikan batdı gözünə.
Yazımda tərəzidi zamanıma "Söz və qan",
Yol "Üzü Qarabağa" - qibləmdi Azərbaycan.
"Azadlığın qanı" var ruhumun səmasında,
Olum - ölüm hökmü var ağ-qara təmasında.
Mən özüm "Murad quşu əfsanəsi" olsam da,
Muradımı gözlədim qiyamətə qalsam da.
"Sözə doğru" yeridim, gördüm "Araz ağrısı",
"Dünyanın söz üzü"ndə oldum taraz ağrısı.
"Həsrətdən üzü bəri" hər sözümün əzəli,
Mənə ilham pərisi - "Sözün yeddi gözəli".
Göyərən "Arzulara dəyən güllə" ağrımdı,
"Qırmızı həqiqətlər" yara-yara bağrımdı.
Yuxum yozana qaldı, sözüm ozana qaldı,
Yük getdi, karvan getdi, "Dünya yazana qaldı".
"Həyatın dastanı" var, qopuzumda, sazımda,
Bir "Ölməzlik nəğməsi" baharımda, yazımda.
Nigarinin eşqini çağlayan gözəl bilər,
"Damcılı" bulağında ağlayan gözəl bilər.
Əli Rzanı axtarma, onun birdi məkanı,
"Dilimiz, varlığımız" olan yerdi məkanı.
"Bu da bir yazı"dı dilləndi, sözə gəldi,
"Söz içində söz" oldu, tutuldu közə gəldi.
Keçdim "Həsrət körpüsü", vüsala yol aradım,
"Ocağımın işığı" nur verdi, qol aradım.
Dolub ürək qanımla sözümün peymanəsi,
Göynəyən yurd yarası "Axtala əfsanəsi".
"Dağdan dənizə doğru" qanadlandım uçmağa,
Haqq qapısı önündə sevgi yolu açmağa.
"Ruhun daşqını" gəldi, ilham coşub çağladı,
Sözüm məlhəmə dönüb, dərd yarası bağladı
"Göy üzündə səs"imi mələklər dilə tutdu,
Açdı könül qapımı, küləklər yelə tutdu.
"Sözə gəldin" dedilər müdriklər arasında,
Yerim uca taxt oldu aşiqlər sırasında,
"Azadlıq küçəsində yanğın" məni yandırdı,
"Tənqidçi idealı" çox mətləbi qandırdı.
Qiyamətdən bir gün əvvəl yaxaladı sözümü,
Məhşər qopdu başıma, kül elədi özümü.
"Bir ayrılıq odu var" - canımda közə dönüb,
İzləyir taleyimi qanımda gözə dönüb.
Unutma, ey əzizim, "Dünyanın mehmanı"san
Hara dönsən son günün, son evin sahmanısan;
Hər şey zaman boyunca axırdı - selə gördüm,
Mən Ənvər Nəzərlidə "Dünyanı belə gördüm".
Dostum Elçin Kamalla dolduq könül varına,
Sözdən abidə qoyduq "Yurdun övladlarına".
İslam Sadıqla birgə "Koroğlu"ya üz tutdum,
"Hoydu, dəlilərim, hoydu" - qorxu, qada unutdum.
Mən "Yaddaşa aparan yollar"da səyyah oldum,
Bəzən zülmət qaranlıq, bəzən də sabah oldum.
Aydın Abi elmində türkün ulu sevdası,
Ruhumda, varlığımda dönməz yolu, sevdası.
Sözdə "Adı Şadiman olanın" dərdli sözü,
Nəfəs aldı sözümdən, üfürdü qoru, közü.
"Döyüşçü əfsanəsi" xatirə qaldı mənə,
Bir insan taleyindən qan çiləndi çəmənə.
"Naşirin taleyi"nə güzgü tutdum sözümlə,
Daşıdım ağrısını zaman-zaman özümlə.
"Duyğuların Şəfəqi" ürəyimə qor saldı,
Hər yazıma, sözümə işıq saldı, nur saldı.
Gülləndi könül bağım - hikmət dərdim, dürr açdım,
Sədaqətli dostlara pir söylədim, sirr açdım.
Hər bir dostun ürəyi evim, sarayım oldu,
Bəxtimin güzgüsündə Günəşim, Ayım oldu.
Mənim uşaq dünyamda sığmazlıq gücüm vardı,
Sınaqlar qabağında çəkilməz öcüm vardı.
Sevgi dolu ürəklə dostlara könül verdim,
Hər bir dostun yolunda nələrə sinə gərdim.
Gördüyüm, tanıdığım, sevdiyim dostlar hanı?
Dövran tufan başlasa, nə saxlayar samanı.
Qəzadan öz ömrünü yarımçıq qoyan oldu,
Həyatın qədərindən gülləri solan oldu.
Elmin və Xələflinin Sahibi Bəylər oğlu,
Yolunu yaşadacaq Anar və Azər oğlu.
Bir də Sahib Abdulla - yazıçı dostum vardı...
Elə bil ki, dünyaya göy üzündən baxardı.
Dədə Qorqud deyəndi: - əcəl aldı, apardı,
Ürəyimin başına nisgil çaldı, apardı.
Dünya tamam solmayıb, gözlərimdə rəngi var,
Yaşamaq sevgisinin ruhumda ahəngi var.
Əsgər Əfsər oğlu da timsaldır dəyanətə,
Adı ilə sipərdir hər cürə xəyanətə.
Elçin Kamal, Məsaim... dünyamın güzgüsüdür,
Adları əsərimin sevgisi, öygüsüdür.
Elçin Əli oğlunun "Doxsanıncı illər"i,
Tarixə "İttiham"dır ağrı-acı dilləri.
Xeybər Göyyallı özü mənə "İnsan səsi"dir,
Vətənin ağrısını daşıyan kimsəsidir.
Firidun Rəsulovun "Həyat"ı yaddan çıxmaz,
Yaşayar söz içində, söhbəti daddan çıxmaz.
Nəzirməmməd Zöhrablı, İlham Məmmədli bilər,
Xatirələr gül dərər, yaddaş sevinər, gülər.
Unudulmaz Zəlimxan - sevgili ruh qardaşım,
Zaman-zaman boy verər yaddaşımda baş daşım.
Həyatımın rəngləri - neçə adın sırası,
Hər adın öz gücü var - inadları qırası.
Bir məbəd tanıyırdım, yolu, izi sadəydi,
Bu müdriklik məbədi İmamverdi Dədəydi.
Sözündə, sənətində ustadlıq yolu vardı,
Nəhəng fikir nəhriydi, şaxəli qolu vardı.
Bir gözü Azər Turan, bir gözü Etibardı,
Bu gözlərdən dünyaya, Dədə gözü baxardı.
İmamverdi Dədədən yadigar inci qaldı,
Azər Turan qəlbimdə əbədi məskən saldı.
Ustadımız Qəzənfər Kazımovun işığı,
Söhbətində, sözündə məclislər yaraşığı.
Qurban Bayram cığaldı, Aslan Salmansoy dinməz,
Dostluqda İsmayılın, İslamın üzü dönməz.
Hər birini tanıdım sözümün haləsində,
Qırxlar sevdası gördüm hikmət piyaləsində.
Əzizim Nizaməddin bir müqəddəs qələmdir,
Asif Rüstəmli sözü neçə sirrə ələmdir.
Nizami Tağısoyun səmimiyyət yolu var,
Dostluqda fədakardır - hörmət, izzət yolu var.
Nizami Cəfərsoyun adı, sanı bayraqdır,
Düşüncə meydanında söz ərkanı bayraqdır.
Nəriman Həsənzadə sənətində bir zərdi,
Yaddaşda Söhrab Tahir - ölməz Azər-Azərdi.
İraq-Kərkük dastanı - Qəzənfər Paşamın da,
Ayrı hörmət yeri var ömrümün yaşamında.
Tahirə Həsənzadə - Turanın canlı səsi,
Yazdığı vicdan səsi - həqiqətin nəfəsi.
Döyüşçü-alim dostum Nazimin hünəri var,
Canlı tarix yazmaqda qeyrəti, təpəri var.
Naşir Şəddat Cəfərov portretin işığı,
Əməlində yaşayar həqiqətin işığı.
Xanəli Kərimlinin sənətdə öz yeri var,
Dostluqda, qardaşlıqda sanma bərabəri var.
Səni necə unudum Meyxoş Abdulla dostum,
Dostuluğun incisisən, ey Vəliyulla dostum.
Yədulla Ağazadə sözü nisan yağışı,
Həqiqətə, düzlüyə təsdiq, ehsan yağışı.
Sözümün bənövşəsi Sabir Bəşirov vardı,
Mənim könül dünyamda bir ölkəydi, diyardı.
Neçə-neçə adların sırası dilimdədir,
Pozulmaz xatirəsi ömrümdə, ilimdədir.
Bəlkə heç mən olmazdım sizsiz dünyam solsaydı,
Bir dəyər kəsb etməzdi, sözsüz dünyam olsaydı.
Sizinlə bir aləmdə göründüm yana-yana,
Bəlkə bəxtim bir zaman yaddaşlarda oyana.
Hər dost özü bir əsər - xatirəsi pozulmaz,
Dost ola bilməyənin dostluq yolu yozulmaz.
Yaddaşdan acı gəlsə, yazı üzə qayıdar,
Fikir, xəyal dağ aşar, axar, düzə qayıdar.
Üz çevirib gedənlər ömrümün yarasıdır,
Yolumun ağ üzündə iz salmış qarasıdır.
Kinayəmin ünvanı dostlarım da az deyil,
İndi onlar ömrümdə payız deyil, yaz deyil.
Dönük dostlar yaddaşın xəzəli, yarpağıdır,
Adları dəfn olunan xatirə torpağıdır.
Bir vəfalı dostum var, o da mənim yurdumdur,
Yaddaşımda ulayan vəfalı Boz Qurdumdur.
Necə gedim o yolu, yollar ölüm qoxuyur,
Neçə ki, mən getmirəm, ömür həsrət toxuyur.
Suqovuşan üstündə, dayanmışam, baxıram,
Sular dənizə sarı, mən dağlara axıram.
Araz Kürə qovuşar, ümmana yetmək üçün,
Xəyal da məni çəkər Vətənə getmək üçün.
Girəm balıq donuna, üzəm Araz boyunca,
Baxa balıq gözlərim sahillərə doyunca.
Bu da Diri dağıdır, çatmışam yetəyinə,
Çıxıb balıq donundan üz qoyam ətəyinə.
Burda bir kənd var idi; yeri abad var idi,
Taleyi bəd gətirdi, yurdu bərbad var idi.
Haqqı gör haqqa sarı, qibləni haqqa sarı,
Ömrünü bir kələf bil, haqq sarı, haqqa sarı.
Nənəmin həzin səsi canımdan əsib keçir,
Bu ağı, bu oxşama ruhumu kəsib keçir.
Həzin səslə ağlayan nənəmin öz səsiydi,
Həzin səslə dağlayan ruhumun kimsəsiydi.
Dağlar cana gəlmişdi, dil deyib ağlayırdı,
Bağlar qana gəlmişdi, gül deyib dağlayırdı.
Tuneldən keçə bilsəm, kəndimizə çataram,
Bu həyat tunelində dərd yükümü ataram.
Nə evim var, nə yurdum... nə də kənddən bir əsər,
Baxdıqca xəyalımdan tufanlı yellər əsər.
Divarlar dağıdılıb, bağların yeri yoxdu,
Bu viranə diyarın qapısı, vəri yoxdu.
Evimdən qalan yerin üstündə dayanmışam,
Ürəyim parçalanır, qanıma boyanmışam.
Budur, gəlib çatmışam, bu Yarma, Qız qalası,
Susuz Suad dərəsi, Qurbani - söz qalası.
Mən gələndə bu yerə bənövşələr gül idi,
Ürəyim sevgi dolu sinəmdə bülbül idi.
Ey fələk, bir üzə çıx, yeri gəl meydanıma,
Bu meydan, bu da şeytan, dolmuşam öz qanıma.
İllərdi dözmüşəm mən, daha yoxdur dözümüm,
Dönüb özümə tərəf, artıq oxdur dözümüm.
İndi bundan bu yana dağlar səs-səsə gəlsin,
Azmanlar geri dönsün, zamanı kəsə gəlsin.
Bilmirəm ki, yuxudu, yoxsa, bunlar xəyaldı,
Hardan gəldi duyğular, bu yazıya yol aldı.
Nənəm yuxu görəndə Qurbaniyə gedərdi,
Dizin-dizin sürünüb daşlarını öpərdi.
Asta-asta danışar, nə soruşar, nə deyər,
Bilirdim Zürfü nənəm kədər udar, qəm yeyər.
Zərif pambıq ipliyi yağda dağ eləyərdi,
Neçə dərdi, qayğını bu dağa bələyərdi.
Yandıqca ətir saçar, çıraq alovlanardı,
Nə qədər bəd nəzərlər o çıraqda yanardı.
El yığılıb məclisə aşıq dövran eləyir,
Sinəsində telli saz... ilham cövlan eləyir.
Qara Vəzir əlindən Qurbani dada gedir,
Zalımların zülmündən şaha imdada gedir.
Xudafərin üstündə dayanıb yurda baxır,
Qiyamətin qapısı - İsrafil surda baxır.
Körpüdən keçib gedir, qovrulsa da həsrətdən,
Onsuz da qövr eləyir yarası məhəbbətdən.
Səsindən alov qalxır Tumaslı Abdullanın,
Fəryadı, naləsidir od içində qalanın.
Pərim yandı Gəncədə, dərdi pəncə-pəncədə,
Zalımlar ayrı saldı, məni qoydu gencədə.
Gah Qurbani sızlayır, gah da Pəri ağlayır,
Yanıqlı Abdullanın səsi sinə dağlayır.
Ümidlə gözləyirəm nənəmin qucağında,
Şahdan fərman gələcək gecənin bu çağında.
Sərim təvəlla - deyir, üzüm payəndaz, - şahim,
Qurbani qurban olsun dərgaha, qibləgahım.
Didərgin olmuşam mən zalımların əlindən,
Tənə, təhniz yemişəm paxılların dilindən.
Şah Xətai dinlədi haqq aşiqi ozanı,
Haqqın qırxlar adından butasını yazanı.
Süleyman Becan oğlu gedər olsun Gəncəyə,
Haqq fərmanı dilimdən yetər olsun Gəncəyə.
Muştuluq, müjdə gəlir şahın bu fərmanına,
Nəmərdən yağış yağır aşığın dövranına.
Deyirlər ki, Diridə saz yanır yazqabağı,
Arazda sular durur dərdli avaz qabağı.
Dirili Qurbaninin məzarı Diri dağda,
Yanında əsir qalıb, Pərisi də bu çağda.
Xəyalımın canıydı için-için yanmağım,
Bu da belə yuxuydu - öz dərdimi qanmağım.
Qız qalası - qız adı, adı ismət duvağı,
Adı zərif, incədi, özü əzəmət dağı.
Zirvədə qərar tutub, aşağıda Arazdı,
Bir xalqın taleyindən keçib axan murazdı.
İllərin ayrılığı yaman yorub qalanı,
Qala özü danışar yaddaşında qalanı.
Bu qala nələr görüb...darda ölən, öldürən,
Qalaya söykək olub burda gülən, güldürən.
Yadımdadır, gələrdim bu dağa, bu qalaya,
Gələrdim bəlkə mənim burda qurdum ulaya...
Ruhumda - insan seli, qəzəblər aşıb-daşır,
O tay-bu tay duyğular havada qucaqlaşır.
Qala istinad yeri - qala güvənc yeridir,
Qala Vətən tarixi, bu yurdun məhvəridir.
Araz üstə bu qala - tarixdən gələn bir pay,
Vətənin birlik evi, könüllərdə bir saray.
Dilbilməzlər dilində ilbilməzlər danışır,
İnsanlar dilə gəlir, dilbilməzlər danışır.
Tarix güllənir, bitir, dərilir Diri dağda,
Tarix belə dirçəlir, dirilir Diri dağda.
Xudafərin üstünə karvan ordan yol alır,
Müdrik Mazan nənədən imza alır, qol alır.
Səsdi Qaya keşikdə, Səngərdə ruhlar durub,
Yol gözləyən bu dağlar dağlardan qala qurub.
Nənəmin bayatısı həzin-həzin çağlayır,
Yurdun yanan yerində ürəyimi dağlayır.
Dağları qəfəsə bax, ağları nəfəsə bax,
Qəfəsdə dil-dil ötür, bülbüldə həvəsə bax.
Gülüm yandı gözümdə, ağrı-acı özümdə,
Əlim yurda yetmədi, dünya heçdir gözümdə.
Hara getsəm bağlıdır ömür karvan köçündə,
Neçə ildir əsirəm bu köçün öz içində.
Ruhumu əsir alıb dövran əzab dağında,
Yaddaşın ağrısı var əzabın hər dağında.
Bir can mənim olsa da, tək deyiləm burda mən,
Çoxlarını görürəm bu əzabda, darda mən.
Kim açar bu qəfəsi, çıxaq əzab evindən,
Azad ola ruhumuz qəzəb, əsəb evindən.
Ordumun, əsgərimin Amur, Aral boyu var,
Adayların canında ulu Türkün soyu var.
Qeyrət özü ağ atdır, oğul gəlsin, qız gəlsin,
Təki tilsim qırılsın, könüllərə yaz gəlsin.
Cavadoğlu demişkən, müdriklərə yol qoysaq,
Qaranlıqlar dağılar, düz əmələ qol qoysaq.
Gələcəyə keçmişdən gələn yola yaxşı bax,
Keçmişsiz gələcəyə gülən yola yaxşı bax.
Bir nəslin tarixindən güc aldım ilham aldım,
Sözümün taleyinə yol açdım, işıq saldım.
Ceyhun coşğun çay demək yaddaşın kitabında,
Öyrəndim neçə sirri hər daşın kitabında.
Həqiqətlər dil açıb danışdıqca zamanı,
Şərəfli tarix gördüm dağıtdıqca dumanı.
Gəldi könül dünyama təzə adlar, ünvanlar,
Yazımda hökm oxudu hökumətlər, divanlar.
Yazdıqca sözüm güldü, yaz açıldı sinəmdə,
Sarsılmadı qələmim dönəlgədə, dönəmdə.
Yuxumu gözlərimdən heç qovmaq istəmirəm,
Bəla olsa başımdan heç sovmaq istəmirəm.
Yeriyib, yüyürsəm də yuxumun içindəyəm,
Göyərmiş arzulara yazağzı biçindəyəm.
Üz tutub qiblə bilsək, aqillərin yerini,
Torpağına baş qoysaq, türbət yol açar bizə.
Ölməyə Vətən yaxşı - desək uzaq ellərdə,
Bağlamaz yolumuzu - qürbət yol açar bizə.
Urvatdan düşər hikmət qədərindən çox desək,
Dağılar nizam evi yalavaca tox desək.
Qırsaq tamah dişini, talançıya yox desək,
Bu tükənməz var-dövlət, sərvət yol açar bizə.
Öz içindən gizlicə qaynayan qapaqlıdan,
İşıq düşməz aləmə niyyəti saçaqlıdan.
Təpəri kişilikdən, hünəri papaqlıdan,
Üstün olan ləçəkli, övrət yol açar bizə.
Öyrənməyə yol qoysan kökü əsil öyrənər,
Həyatın sazağından keçər fəsil, öyrənər.
Bildiyini söyləsən yeni nəsil öyrənər,
"Ol" sözünün gücündə "öyrət" yol açar bizə.
Tapınsaq babaların ocağına-oduna,
Qayıtsaq ulu Türkə, Dədə Qorqud adına;
Güvənsək ata yurdun yaddaşına-yadına,
İnam, dözüm, dəyanət, qüvvət yol açar bizə.
Tarix ibrət kitabı - öyrənsək qalanlardan,
Dərs götürsək quruyub əməli solanlardan;
Təmizləsək, qəlbimiz arınsa yalanlardan,
Hədəfimiz düz olsa, niyyət yol açar bizə.
Ağ saçlı şəlaləyə boylansaq seyran-seyran,
Gözəllər çeşmə üstə soylansa ceyran-ceyran.
Sevgi dolu ürəklə dayansaq heyran-heyran,
Gözəlliyin önündə heyrət yol açar bizə.
Bu dağılan nizamı bir görəm taraz üstə,
Qanımı halal biləm yurduma muraz üstə;
Yeriyim Vətən sarı, vurulum Araz üstə,
İçim əcəl camını - şərbət yol açar bizə.
27.06.2020
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!