İydə ağacım
Hər gün oxşadığım iydə ağacım,
Bu gecə mən səni yuxuda gördüm.
Yenə ağ qırçınlı
çiçəklərinlə
Əzəlki ətirdə, qoxuda gördüm.
Gördüm çiçəyindən bir tel ayırıb,
Saçıma taxıram
Telim sevinir
İnadın qırmışıq ayrılıqların,
Qol-boyun olmuşuq,
Əlim sevinir.
Eyvana əyilən əyri budaqda,
Gördüm ki, gəncliyim
ilişib qalıb.
Anamdan xəlvəti
Aldığım məktub,
O vaxtdan bir küncdə
Bürüşüb qalıb.
Əllərim titrədi, dizlərim əsdi,
Küsgün xatirələr
gəldi üstümə.
Qorxdum bu yaşımda
tanımayalar,
Üzgün ürəyimin
Dəyə şəstinə.
Yuxudan ayıldım gecə yarıydı.
Ulduzlu göyləri
Bulud örtmüşdü.
Nə ağac var idi, nə də çiçəyi,
Alnım islanmışdı, üzüm pörtmüşdü.
Boyunu sevdiyim iydə ağacım,
Bilmirsən, yuxular
olurmu gerçək?
Yolların yumağı açılıb indi
Yuxulardan çıxaq
Bir gün görüşək.
Yanvar 2022
Bir qadın ağlayır
Şəhid mayor Kəlbalıyev Səyavuş
Hümbət oğlunun xatirəsinə
Gecənin qoynunda ağlamaq səsi,
Göyləri yandırır ahı, naləsi.
Bütün şəhidlərə ana əvəzi
Bir qadın ağlayır gecə yarısı.
Sıxır gözlərini qaranlıqlara,
Elə bil varlığı çəkilir dara.
Talei, qisməti qaradan-qara,
Bir qadın ağlayır gecə yarısı.
Əsgər çəkməsini gültək qoxlayır,
Sinəsi üstünə basıb oxşayır,
Lapdan havalanır, durub oynayır,
Bir qadın ağlayır gecə yarısı.
Birdən zilə qalxır, gah pəsə enir,
Gah hənirə qaçır, gah səsə gedir.
Dərdinə gah uzun, gah kəsə gedir.
Bir qadın ağlayır gecə yarısı.
Yuxusuna gəlib ciyərparaçı,
Bircəsi, gözünün ağı-karası.
Tufanlara düşüb ana dünyası,
Bir qadın ağlayır gecə yarısı.
Soyuq yatağına qor səpələnib,
Qara saçlarında qar təpələnib.
Öz-özündən dərdli ozana dönüb,
Bir qadın ağlayır gecə yarısı.
Tələsir oğlunu bir yol qucmağa,
Ruhu da çırpınır candan uçmağa.
Bürünüb güvənci əziz bayrağa
Bir qadın ağlayır gecə yarısı.
Tanıdım səni
Təkliyim, Salam, Salam!
Gecələr yuxumu oğurlamağından,
Zamanı, vaxtı, otağımı,
Sükutun özünü də sükutda dondurmağından,
Tanıdım səni.
Yolun keçir şeirimin
Gizli hıçqırıqlarından,
Yaddaşda üşüyən arzulardan,
Kəndir halqalardan,
İnsan - insan intiharlardan.
Daha nələrdən, nələrdən...
Telefonun batan səsindən,
Evimin soyuq nəfəsindən,
Həsrətimi göz yaşlarımla
Divarların buz üzündən asmağından,
Pəncərəmdən qəmli-qəmli baxmağından,
Bir otaq darıxmağımdan,
Ömrümlə qoşa söz-söz, misra-misra
Şeir-şeir qocalmağından
Tanıdım səni,
Təkliyim.
Tənha qadın
Gecən necə keçir, gündüzün necə,
Dərdini gözündə gizləyən, qadın?
İçində ovudub tənhalığını
Durub pəncərədə gözləyən qadın.
Gecənin sükutu sıxır qəlbini,
Köhnə xatirələr hayandı sənə.
Bəlkə elə möcüzə gümanındasan,
Bəlkə qəhr edirsən sınıq bəxtinə?
Sükutda soyuyub ocağın-odun?
Baharın darıxır, qışın darıxır.
Qəlbindən keçəni duyan tapılmır,
Kirpiyin ucunda yaşın darıxır.
Dən vermə gözünə heyifsən, heyif,
Əlləri qoynunda dayanan, qadın.
Gecəni yoğurub göz yaşlarıyla,
Səhəri ümidlə oyanan qadın.
Qayıt, səndən ötən illərə, qayıt,
Bəlkə elə vaxt zaman danışa, dinə.
Hərdən əlini aç, üz tut göylərə,
Bəlkə, tanrıdan əff fərmanı enə.
Yaxın gəl, qolumu salım boynuna,
Sən mənə hayan ol, mən sənə dayaq.
Yaman oxşarlıyıq bir-birimizə.
Ümidə söykənək, səhəri açaq.
Ömür darıxanda
Ömür hərdən darıxır...
Dar gəlir əynimə,
Kəsir nəfəsimi bir qəfəs kimi boğur səsimi,
Divara dirəyir, azacıq qalan
Aylarımı, günlərimi.
Hərdən də fağırlaşır, yetimləşir, sığınır sinəmə.
Quşlar ağaclara
Durnalar dağlara
Dalğalar sahilə,
Göz yaşı gözə,
Kədər ümidə sığınan kimi
Mən də sıtınıram, varla-yox arasında qalan
ömür yaşıma,
Mürgülü xatirələrimə, yorğun, üzgün yaddaşıma.
Uzaqlardan jah xatirələrim gəlir,
Gah da mən gedirəm xatirəmgilə.
Bəxtəvər aylarıma, günlərimə çatıram orda,
Uşaq xəyallarıma.
Sevgi dünyama bürünüb yatıram orda.
Şirin bir nağıl olur, xatirələr dinəndə;
Hərdən susuz bir səhraya,
Hərdən sevgi dolu bir dəryaya dönür,
Bir saata, bin ana,
Vaxta zamana bölünür.
Biri yanımdan tələsik ötüb keçir
Məni unut - deyir,
Biri yaddaşımı qanadır,
Məni sev, mənə qayıt deyir.
Özümü, özümdə itirirəm onda,
Tapıram onda,
Ömür darıxanda.
2020
Haqq sözümdən yıxıldım
Çox gördüm dünyanın dərdi-sərini,
Abad illərini, bəd illərini...
İblisin qurduğu fitnə-felini,
Görə-görə öz gözümdən yıxıldım.
Dünyanın neçə rəng göz üzü varmış,
Bir yanı gül-çiçək, bir yanı qarmış.
Düz yolda da eniş-yoxuş olarmış,
İnadıma, öz dizimdən yıxıldım.
Məndən keçən vaxt da üzümə durdu,
Həsrət gözlərimi yorduqca-yordu.
Dözümüm dözümdən uca dağ qurdu,
Ruhumdakı bu dözümdən yıxıldım.
Şəhid düşən yerə sürtdüm üzümü,
Ağ mələklər tutdu göyün üzünü.
Bu günahla dara çəkdim özümü,
Günahımın mən özündən yıxıldım.
Sevgimi, eşqimi Tanrıya verdim,
Düzlüyü yolumda bir çıraq bildim
Nəyi demişəmsə haqqına dedim,
Deyə-deyə haqq Sözümdən yıxıldım.
Fevral 2022
***
Sıxır məni üstümə gələn bu divarlar
bu ev, bu otaq,
Sıxır məni nə vaxtdan
boş qalan bu çarpayı yeri,
Ayaqlarımın döyəclədiyi döşəmə,
Gecələr fikrimin sığınacaq yeri tavan,
Bir ömür qətlə yetirdiyim vaxt-zaman
Otağımda qu desən - qulaq tutulur,
Sükutun ağır xofun qapıdan qovuram,
Pəncərədən soxulur.
Nə qədər susaq,
Lal-kar, üz-üzə duraq?
Qaçmaq istəyirəm bu ömürdən,
Hara, necə özüm də bilmirəm
Dururam, ləngiyirəm nədən?
Ayrıla bilmirəm sizlərdən.
Məvacibimə qənaət eləyib aldığım,
Mehrimi saldığım əşyalarım,
Ömrün bir gününü,
bir anını xatırladan geyimlərim,
Kağızım, qələmim,
Gecələr yuxusuz qoyan şeirlərim,
Gündə beş dəfə mənə namaza səsləyən
Zəngli saatım,
Daha nələrim, nələrim...
Məndən sonra çox susacaqsınız,
Yoxluğumdan, evimin
soyuqluğundan baxacaqsınız,
Suallara cavabsız qalacaqsınız.
Yanvar 2022
Səni gətirmir
Həyat yoldaşımın anım günündə
Bir ömür yaşadıq nəfəs-nəfəsə,
Nə az, nə azacıq əlli bahar, qış.
Sənin daş ömrünə, şəkil ömrünə
Gözlərim kənardan seyirçi olmuş.
Gecəmin gözlərin yuxusuz qoyub,
Bir-bir varaqladım ötən günləri.
Ahının tüstüsü çıxdı başımdan,
Göynədi qəlbimin xatirə yeri.
Yadındamı: bir vaxt sən qara saçlı,
Mən uzun hörüklü havalı bir qız.
Sahili tutardı gülüşlərimiz,
Elə bil dünyada biz vardıq, yalnız.
Küsüb, barışardıq yağışda-qarda,
Dəniz alqışlardı bu sevgimizi.
Ləpələr yuyardı, umu küsünü
qorxutmazdı payız, nə də qış bizi.
Payızın gəlişin sevmirəm daha,
Billəm, Sən həsrəti gətirəcəkdi.
Dolub dumanına dolub çəninə,
Payız gözlərimdən hönkürəcəkdi.
Sənli sevincimi apardı payız,
Bəs nədən yolunu gözləyirəm mən?
Sinəmin altında bir ocaq çatıb,
Hər gün ürəyimi közləyirəm mən?
Nədəndi, hər payız noyabr ayı,
Yandan səssiz keçir, heç məni görmür?
Düşürəm ümidin ayaqlarına,
Qaytarıb bircə gün səni gətirmir?
Noyabr 2021
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!