Yeni əruz gəzişmələri - İlqar Fəhmi

Ağlayan yağışa

Gözünün yaşını tökmə. Bu soyuq ahı yığışdır,

Bu bulud süni buluddur. Bu yağış saxta yağışdır.

 

Dünənin qəhqəhəsiylə - Bu günün naləsi eyni,

Gülüşün ağlamağınla - Arası bircə qarışdır.

Məni yorma, sənə qurban,

Bu yağış saxta yağışdır...

 

Həyəcanla dolu sözlər - Bu tərəddüd dolu gözlər -

Üşüyən nəmli baxışlar - İti kirpikdəki yaşlar -

Mənə çoxdankı tanışdı

Daha yox təsiri qəlbə,

Bu yağış saxta yağışdı.

 

Necə ağlarsa buludlar, - Necə oynarsa umudlar

Necə şimşək çaxar olsa, - Necə sellər axar olsa,

Soyuq olsun ya da isti, - Nə olar, ağlama bəsdi.

Fərqi yox, yazdı ya qışdı,

Nə qədər yağsa da yağsın,

Bu yağış saxta yağışdı...

Bu yağış saxta yağışdı...

 

Gecə sərsəmləmələrindən...

Günah içində ömrüm, əsən soyuq küləkmiş,

Məqam gələr, deyərsən, ölüm nə yaxşı şeymiş...

 

Çəkən qəmi, əzabı, bu sonsuz iztirabı,

Sınıq-sökük ürəkmiş. Urək nə yaxşı şeymiş..

 

İnanmaz idim, ey can, şirindi gözdəki qan,

Biləndə tamı nəymiş, dedim nə yaxşı şeymiş...

 

Rəzalət içrə böylə, batıb gedəndə, söylə,

Qəza-qədər beləkmiş. Qədər nə yaxşı şeymiş...

 

Həyat yorubsa, heyhat, bürün ağa, uzan yat.

Kəfən deyil, bələymiş... Bələk nə yaxşı şeymiş...

 

Yay ekspressiyaları

Ehtiyat et, sürüşüb düşmə Qadın gözlərinə,

Ki qadın gözlərinin məhbəsi hədsiz nəm olur.

 

Elə məhbəsdi bu ki, qaçmağa yox zərrə ümid,

Qapısı bir neçə qat, dər-divarı möhkəm olur.

 

Elə məhbəsdi bu ki, pəncərəsindən yaş axır,

Məhbusa verdiyisə qupquru dərdu-qəm olur.

 

Elə məhbəsdi bu ki, zulməti bitməz bir ömür,

İşıgın ömrü isə bircə nəfəs, bir dəm olur.

 

Elə məhbəsdi bu ki, ağı da seçməz qaradan,

İstisi öldürücü, şaxtasısa məlhəm olur.

 

Elə məhbəsdi bu ki, tək qalasan, ağlarsan,

Amma bir kəs də gələ - qan tökülür, matəm olur.

 

Elə məhbəsdi bu ki, təsvirinə söz çatmır,

Bura insan düşən, axır böyüyüb Adəm olur.

 

Buz heykəl

Məni küsdürmək asandır, məni ağlatmaq asan,

Məni çaşdırmaq asandır, məni aldatmaq asan,

Məni ləngitmək asandır, məni saxlatmaq asan,

...Mənim olmaq nə çətin...

 

Məni buzlatmaq asandır, məni dondurmaq asan,

Məni laxlatmaq asandır, məni sındırmaq asan,

Məni göstərmək asandır, mənə əl vurmaq asan.

...Mənə çatmaq nə çətin...

 

Mənə zülm etmək asandır, məni incitmək asan,

Məni alçaltmaq asandır, məni əskiltmək asan,

Məni tərk etmək asandır, məni tərgitmək asan,

...Məni sevmək nə çətin...

 

***

 

Ağlama ömrüm-günüm, ağlamaq olmaz sənə...

Gözləri qan-yaş ilə bağlamaq olmaz sənə...

 

Hər nə qədər dərd ki, var, indi gərək mən çəkim,

Ən kiçicik dərdi də, saxlamaq olmaz sənə...

 

Ruhuma bənzər bu çöl, sən də ki, tənha ağac,

Əssə də hər gün külək, laxlamaq olmaz sənə.

 

Sakit axan çay təki sahilin hündür deyil,

Sel kimi birdən coşub-çağlamaq olmaz sənə...

 

Yağma yağışlar kimi, yollarımı bağlama,

Fəhmiyə bax, ağlama, ağlamaq olmaz sənə...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!