Şeirlər - Adil CƏMİL

 

 

Belədir həyat

 

Yaxşılar doymadı yaxşılığından,

Yamanın əməli tükənmədi heç.

Paxıllıq içində yaşayan insan

Özünə bir ev də tikəmmədi heç.

 

Saflıqdan yoğrulan sadə insanın

Üzündə işığı sərvəti oldu.

Nəyi olmasa da nurlu adamın

İmanı, insafı, mürvəti oldu.

 

Yalançı təriflər tər tökdürəndə

Yumduq gözümüzü bu məddahlığa.

Adam var tələsir adam sancmağa,

Adam var tələsir xeyirxahlığa.

 

Belədir, əzəldən belədir həyat,

İblis də, mələk də qoşadır, qardaş.

Yaxşı ki, gecənin sonu səhərdir,

Dünyanı mələklər yaşadır, qardaş.

 

7 dekabr 2021

 

 

Yaralı qəlbimə bir çarəmi var

 

Nakam Orxanımı düşündükcə

 

Adın çağrılanda dönüb baxıram,

Yoxluğun yadımdan çıxır bir anlıq.

Yanıb kül oluram, sönüb baxıram,

Qaralan gözümə dolur qaranlıq.

 

Bu "uzaq səfərə" gedəndən sonra

Bir gün dönəcəksən hələ sanıram.

Nə deyim, ay oğul, mən səndən sonra

Qalıb yaşamağa çox utanıram...

 

Yaralı qəlbimə bir çarəmi var,

Dərdin ümmanında batan neyləsin?

Dünyada mənimtək biçarəmi var,

Axı mən atayam - atan neyləsin?

 

Bəzən çağrılmamış qonaqtək gəlir,

Bəzən çağırsan da ölüm gəlməyir.

Əkdiyin ağaclar meyvə gətirir,

Onu da dərməyə əlim gəlməyir.

Keçmiş söyləyimmi keçən zamana?

Qalıb qulağımda şaqraq səsindən.

Haçandır zəng çatmır telefonuna -

Uzaqsan əhatə dairəsindən...

 

25 dekabr 2021

 

 

Demə ki, sondur

 

Hər kəsə getməyə bir yol verilib,

Bugünün dünəndən izlənməyi var.

Gördüyün var isə, görünməz də var,

Nəyinsə hardasa gizlənməyi var.

 

Fələk dediyinlə kim aşinadır?

Verdiyi mükafat göz yaşınadır.

Sevinc qəm önündə təkbaşınadır,

Dərdin qoşun kimi düzlənməyi var.

 

Demə ki, bu sondur, yoxdur əlacım,

Demə çarəsizəm, kimə əl açım...

Qışda yarpağını tökən ağacın

Yazın nəfəsiylə süslənməyi var.

 

Doğulan günü yox boğulan səsin,

Şükr elə Tanrıya gəlir nəfəsin.

İnsana insanca yovuşan kəsin

Haqqın kölgəsində bəslənməyi var.

 

Ay Adil, nə düz var, nə yanlış qalmış,

Yaxşı ki, bir-iki dost-tanış qalmış.

Uçrumdan uçmağa bir qarış qalmış

"Dur!" deyən ümidin səslənməyi var.

 

13 mart 2022

 

 

Qara qutu

 

Qəzadan sonra oxunan

                        alın yazısı,

yarımçıq yolun yazısı.

 

...Vurulanda vertalyot

təzəcə başlamışdı

Qarabağın davası.

Unutmayın Laçını,

xatırlayın Texası.

Qara qutu -

fəryadın fonotekası.

 

Qara qutu -

səs arxivində

həyatın süqutu,

gərəksiz yerə

nəyinsə sübutu...

 

Qara qutu -

Vaxtsız ölümlərin nekroloqu,

sonun proloqu.              

 

15 mart 2022

 

Həyatın acıyıq

 

Hərdən gözümdə

kiçilir dünya

olur bir damla boyda -

Oğlumun son nəfəsdə

Kipriyində donub qalmış

bir damla göz yaşı kimi.

 

Hərdən gözümdə

böyüyür dünya

nəvələrimin işıqlı gözündəki

sonsuz üfüqlərin yaddaşı kimi.

 

Ax, bu dünya, bu dünya,

yaşamağa qoymasa da

ölməyə də qoymur.

Həyatın acıyıq -

ac qalmaqdan insan doymur...

 

18 fevral 2022

 

 

Qardaş savaşı

 

Rusiya-Ukrayna müharibəsini

izləyərkən

 

Bu savaşda qalib yoxdur,

bu savaş qardaş savaşı.

Bütün dünya yalvarsa da

"Qardaş, dayan, bir yavaşı"

xeyri yoxdur...

Beyin çönüb,

həyat sönüb

bu yerlərdə.

Eyni qanlı bir millətin

qanı axır,

dünya baxır...

İnanmıram nəfsin gücü

Ruha qalib gələ bilsin.

İnanmıram bir millətin

yurd sevgisi ölə bilsin.

Ölən böyük şəhərlərdir,

Ölən qara səhərlərdir.

Ümid-viran ev ki deyil,

Güllələnən - sevgi deyil.

Bu xalqın ruhu döyüşür,

Məğlub olur nəfsin gücü -

Öz başını kəsməkdədir

İndi nəfsin öz ülgücü...

 

15 mart 2022

 

 

Nə çəkirəm

 

Zalım dünya, qəm qoxuyan

Nəşən bilər nə çəkirəm.

Nə dərdlilər xəbər tutar,

Nə şən bilər nə çəkirəm.

Fələk daim öz ovunda,

Qəm saçımın qırovunda.

Ayrılığın alovunda

Bişən bilər nə çəkirəm.

 

Adil Cəmil, qalxma zilə

Nə qalıb ki, son mənzilə.

Tərəqqidən tənəzzülə

Düşən bilər nə çəkirəm.

 

17 mart 2022

 

 

Gəlib, keçib

 

Səndən ayrılandan, ay ulu dağlar,

Demə ki, günlərim xoş gəlib, keçib.

Sanki bir qərinə yaşamamışam,

Aylarım, illərim boş gəlib, keçib.

 

Ayağım dəyməyib yal-yamacına,

Uzaqdan baxmışam bəyaz tacına.

Gör necə bənzəyir saçım "saçına" -

Mənim də üstümdən qış gəlib, keçib.

 

Həsrətdən yanmışdım odsuz-ocaqsız,

Nə yaxşı salamat, nə yaxşı sağsız!

Adili çox çətin tanıyacaqsız -

Siz görən deyiləm, yaş gəlib, keçib.

 

28 mart 2022

 

 

Hər alında bir yazı

 

Fərqanə Mehdiyevanın

ruhuna ehtiramla

 

Yumruq boyda ürəyə

Sığışmayırdı sözün.

Ağrılara ağ olan

Hardan idi bu dözüm?!

 

Hər alında bir yazı,

Hər ömrün bir sahili.

Sənsiz quruyur Xəzər,

Su tapmır Kür sahili.

 

Sən gələn hər bəlaya

Sipər etdim ruhunu.

Yat, bacım, doyunca yat

Cənnətdəki yuxunu...

 

Misra-misra közərib

Yaşayırsan, biləsən.

Səni xatırlayanlar

Ölməyib ki, öləsən...

 

2 mart 2021


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!