Zəngilana
Daha bu şəhərə sığmır həsrətim,
Torpaq həvəsimi döyür bu asfalt.
Ay çinar xislətim, qaya heyrətim,
Elə hey özünü öyür, bu asfalt...
Əllərim yer əkir, bar götürməyir,
Burda yoxa çıxıb yerin sevgisi...
Mən eşq yetirirəm, yar götürməyir,
Burda niyə ölüb yarın sevgisi?
Həsrətim özümdən qabaq gedibdi,
Namərdin izləri göynəyir orda.
Çinar xislətimi kimlər əyibdi?
Babamın ruhu da inləyir orda...
Yağışlar yağacaq örüşlərinə,
Axşamın, sabahın güləcək yenə.
Cavanlar çıxacaq qız gördüsünə,
Elçilər, nişanlar olacaq yenə.
Səni gizləmədi dumanın, çənin,
Yaladı hüsnünü xain gözləri.
Birazdan gələcək bənövşə dəmin,
Çiçəklər gəzəcək o gül əlləri.
Şurlu bulaqların gözü qalırmı?
Qızıl yataqların dururmu orda?
Dağlar unudurmu sinə dağını?
Çoxdan vurulmuşam, o dadlı yurda.
Obaşdan Xavərim at çapıb orda,
Min bir xatirə var dağda, nohurda.
Çağır qonaq kimi qalım, Zəngilan,
Toy elə toyuna gəlim, Zəngilan.
Təbrizimə
...Nə oğullar bada verib həsrətin...
Bu sevginin üzü dönməz, Təbrizim!
Bəlkə mənim olmayıbdı hünərim,
Mən olmuşam dili dinməz, Təbrizim...
Bir illətdi, çəkə-çəkə qalmışıq,
Qollarının Araz boyda bağı var!
Göz yaşların səpə-səpə qalmışıq,
Ürəyinin Vətən kimi dağı var!
Bu vətənin yaraları qan verir,
Saya gəlmir dərdlərinin sırası.
Tikələnib, parçalanıb, can verir,
Ölmür ruhu, ayaqdaymış anası!
Yollar getdim İrəvandan Təbrizə,
Karvanların sarvanları necoldu?
Ya mən gəlim, ya sən oyan, gəl bizə,
Kim ləngidi, kim qayıtdı, gec oldu...
Dumanların çöküb yenə üstünə,
Oğulların bu dumanda azmasın.
İkili baxışlar durdu qəsdinə,
Tarix yenə öz yolunu azmasın...
O yan-bu yan varıq, bizik, olmuşuq!
Bu həsrətin açılıbdı qolları...
Sənələrdi xəyallara dalmışıq,
Gözümüzə yığacağıq yolları...
Ramiz Rövşənə nəzirə
Bir daş verərsənmi, daşatan oğlan,
Atım göy üzünə, daşı saxlasın.
Bir daş verərsənmi, daşatan oğlan,
Atım göy üzünə, bu göy laxlasın...
Allahsız işlərdən bezmişik, oğlan,
Bu göy nəyə lazım, qoy düşsün yerə.
Tanrı gizlənibmiş, sezmişik, oğlan,
Qoy düşsün, o pərdə, sezmişik, oğlan...
Hər dəfə yerini dəyişmə, Allah,
Bir gör nələr edir yaratdıqların.
Bir daşı min başa dəyişir, Allah,
Bəzəyib, düzəyib, ağ atdıqların...
Qoca həqiqət
Bu nə oynamaqdı, qoca həqiqət,
Səni görməmişdim, belə oynayan.
Yüz il gözlədiyim, uca həqiqət,
Nədir gözlərində, belə qaynayan?
Bu təzə gəlişin nə imiş belə,
Elə atdanırsan, dingildəyirsən.
Durub ağlayırsan gah gülə-gülə,
Məqsədin, məramın, nə istəyirsən?
Sən ki dəyişməzdin donunu belə,
Gözlərin dəyişib, üzün dəyişib.
Heç vaxt düşünməzdim, sonunu belə,
Bütün doğruların, düzün dəyişib.
Dingildə, arzunun boynu qırılıb,
Gah sola dönürsən, çəpə gedirsən.
Sənin ki, boynuna yalan sarılıb,
İlanla, şeytanla, səfə gedirsən...
Gözünün odunu alıblar sənin,
Əllərim yolunda gül bitirirdi...
Səni o zirvədə gözləyənlərin
Axırda sənə də, bax şəkk gətirdi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!